Yenə, yeni, köhnə mitinq mərəzi

Yenə, yeni, köhnə mitinq mərəzi
10:05 14 Oktyabr 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

"Milli Şura", daha doğrusu, AXCP sədri Əli Kərimli oktyabrın 19-na yeni mitinq təyin edib. Dediyinə və yazdıqlarına görə, "hakimiyyət qarşısında sərt tələblər qoymaq zamanıdır".

Əyalət teatrlarındakı dramatik aktyorlar təki səsinə tragizm notları verərək sayları simaları qədər çox olan YouTube kanallarına müsahibələr verən, Facebook səhifəsində Əli Kərimli yenə fəallaşıb.

Oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında nəzəri baxımdan piket, əməli baxımdansa başıpozuq və nəzarətsiz, məqsədsiz aksiya keçirən AXCP qruplaşması bilərəkdən bəsit ssenarili siyasi şounu reallaşdırdı.

BŞİH binasının qarşısında duran Milli Şura funksioneri Tofiq Yaqublu irreal və absurd tələblərini səsləndirəndə məişət zorakısı, lümpen təfəkkürlü Fuad Qəhrəmanlı tərəfdarlarına "Sakit, gəlin!" deyib şəhərin mərkəzindəki küçələri dolaşırdı.

AXCP sədri və bloqer Əli Kərimli, "Milli Şura" adlı marionet strukturun guya sədri Cəmil Həsənli yoxdular. Ümumiyyətlə, qaragüruhun "lider"lərindən kimsə gözə dəymirdi ki, birdən onlara göz dəyər.

Tam əksinə, bloqer Əli Kərimli iddia edirdi ki, heç nədən qorxmur, çəkinmir və "xalqı ağ günə çıxarmaq" missiyasını öz üzərinə götürür.

Azərbaycandakı radikal müxalifətin simalarından biri Əli Kərimlidirsə, deməli, bizdə müxalifət çox pis vəziyyətdədir.

Halımıza bax ki, işimiz bunların yalanlarını təkzib etmək, absurd iddialarının heç bir əsasının olmadığını yazmaqdır.

Halbuki qonşu ölkələrdə hakimiyyətlə müxalifət arasındakı münasibətləri, müxalifətin aksiyalarını, planlarını və bəyanatlarını təhlil edən media iqtidarla əks düşərgənin fəaliyyətini, konsepsiyalarını, nəzəri və tətbiqi planlarını müzakirə edir.

Normal, sivil dövlətdə belə olmalıdır, amma bizdə dövlət normal olsa da, müxalifətin radikal düşərgəsinin durumu anormaldır.

Oktyabrın 19-da mitinq keçirmək niyyətində olan Əli Kərimli aksiyanı "Milli Şura" adlı fantomun əlinə və ayağına yazmaq fikrindədir. Halbuki AXCP sədrinə hələ də inanan bəy dadaşların ailələrindəki ən kiçik uşaq da artıq bilir ki, "Milli Şura"nın adı olsa da, özü yoxdur: olan Cəmil Həsənli və Gültəkin Hacıyeva kimi sabiq deputatların siyasi varlığını təmin etmək üçün iməkləyən qurumdur.

Şənbə gününə təyin edilmiş mitinqlə bağlı Əli Kərimloinin dedikləri və yazdıqları illərdən bəri dəyişməyən məcradadır: yəni hakimiyyət icazə versə də, verməsə də, aksiyanı keçirmək qərarları var.

Bu isə o deməkdir ki, Əli Kərimli biabırçı ailə qalmaqalından sonra sədr müavini postundan guya könüllü istefa vermiş Fuad Qəhrəmanlını yollayacaq şəhərin mərkəzinə, o da ətrafındakı bir dəstə adamla başlayacaq küçələrdə barraj vuraraq polislə qarşıdurmaya can atmağa. Məqsəd də mitinq keçirmək yox, mütləq şəkildə polisi təxribata çəkmək, mümkün qədər çox hay-küy salmaqdır.

Aksiya iştirakçılarının sayına gəldikdə isə, son 16 ilin təcrübəsinə əsaslanaraq 1/4 əmsalından istifadə olunmalıdır. Yəni, məsələn, Bakının hər hansı məkanına Əli Kərimlinin çağırışı ilə toplaşanların keçirdikləri aksiya yerində 100 nəfər varsa, orada 25 nəfər jurnalist, 25 nəfəri polis, 25 nəfər həmin məkandan o an keçən təsadüfi insanlar, 25 nəfərsə bilavasitə aksiyaya yollanmış cəbhəçilərdir.

"Motodrom"dan fərqli olaraq, "Qələbə" kinoteatrının qarşısında və "Məhsul" stadionunda məhz belə vəziyyət yaşanırdı.

Əvvəlki illərdən fərqli olaraq radikal müxalifətin dəstəbaşıları tərəfdarlarını daha aqressiv, daha dağıdıcı olmağa çağırırlar. Onlar Fransadakı sarı jiletliləri, Tunisdəki yaşıl bayraqlıları, İraqdakı əli zopalıları gördükcə cuşa gəlir və həmin aksiyalarını hamısının məcmusunu Bakıda gerçəkləşdirmək istəyirlər.

Bir anlıq təsəvvür edək ki, Bakının mərkəzində mitinq keçirilir, 5-10 min radikal yığılıb bir yerə, tələblərini səsləndirir, şüarlar deyir, nə isə istəyir, nədənsə gileylənir və kimlərinsə onları işıqlı gələcəyə aparacağına şübhə etmədiklərini vurğulayırlar.

Belə vəziyyət ən uzağı yarım saat davam edəcək, sonra isə cuşa gələn kütlə qisas və intiqam hissləri hesab etdiyi vandalizmə qapılacaq.

Parisdə də belədir, Bağdadda, Moskvada da, Nyu-Yorkda da, Buenos-Ayresdə də.

Şəhər mərkəzində belə aksiyaların keçirilməsi, əsasən, təşkilatçının öz gücünü göstərmək yox, itirdiyi nüfuzu və gücü bərpa etmək istəyidir.

Kütləvi xalq etirazları istisnadır: Şərqdə birmənalı olaraq kütlə şəhər mərkəzinə yalnız inqilab, ən yumşaq halda inqilabi dəyişikliklər üçün toplanır. O da yalnız bir halda: həmin kütlənin real liderləri, fəaliyyət və hərəkət proqramı, istəklər məcmusu, tələblər siyahısı olur.

Əks halda hər şey "Təhrir" ssenarisi kimi olur: ərəb ölkələrinin tam əksəriyyətinin paytaxtlarındakı mərkəzi meydanlar belə adlanır və kortəbii, spontan aksiyaların təşkilatı, gedişatı və sonrakı proseslər, sanki, eyni ssenari üzrə təkrarlanır.

Siyasi partiyanın ərköyünlüyü, firqə ambisiyalarının kütlənin istəyi və cəmiyyətin sosial sifarişi qismində qələmə verilməsi isə bizim doğma olmayıb yadlaşan radikal müxalifətin sevimli fəaliyyət prinsipidir.

Oktyabrın 19-na təyin olunmuş mitinqlə bağlı vəziyyət də əvvəlkilərin inikasıdır.

Stabil, dinamik və normal yaşamın sürdürən Azərbaycan cəmiyyətində neqativə köklənmiş şüurlar və yaratmaq əvəzinə dağıtmağı planlayıb bunu quruculuq, yenidənqurma və inkişaf kimi qələmə verən güruhun istəkləri anlaşılandır.

Onların məqsədləri nəyin bahasına olsa da, hakimiyyətə gəlmək, maddi və inzibati resurslara yiyələnmək, 26 illik məğlubiyyətlər seriyasının acığını indi adından danışdığı xalqdan çıxmaqdır.

Aksiyanın potensial iştirakçılarının sayı isə AXCP-nin indiyədək keçirdiyi siyasi şoulardan fərqlənən deyil.

Daha dəqiq olsaq, Əli Kərimlinin Facebook səhifəsində yaşamağa vadar edilən və əmrlər alaraq göstərilən hədəflərə hücum edən trolların sayı qədər ola, ya olmaya.

Bu qüvvə, potensial, düüşüncə tərzi, şüur modeli ilə onlar hakimiyyətə gəlmək istəyirlər?

Normallığın anormallıqla əvəzlənməsi heç bir cəmiyyətə xeyir verə bilməz.

İllah da ki, o anormallığı qisasçı, radikal, siyasi taktika və strategiyadan bixəbər liderin ətrafındakı toplu vəd edə.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/793912.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR