Qanun layihəsinə əsasən, Mərkəzi Bank dövlət maraqları üçün investisiya şirkəti fəaliyyəti üzrə xüsusi razılıq olmadan öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatları həyata keçirmək hüququna malikdir.
Layihədə olan yeniliklərdən biri də odur ki, qiymətli kağızlar ticarəti yalnız elektron formada aparılacaq. Qanun layihəsi bazarın tənzimlənməsi prosesini sistemləşdirir və sadələşdirir.
Bu sənədin qüvvəyə mindiyi tarixədək qiymətli kağızlar bazarında peşəkar fəaliyyətə (broker, diler və aktivlərin idarəedilməsi fəaliyyəti) lisenziya almış şəxslərin fəaliyyətinə bu qanun qüvvəyə mindiyi tarixdən etibarən dekabrın 1-dək verilmiş lisenziyalar qüvvədə qalır.
Qanun qüvvəyə mindiyi tarixdən əvvəl fond birjası fəaliyyətinə lisenziya almış şəxslər bu qanun qüvvəyə mindiyi tarixdən etibarən 2015-ci il dekabrın 1-dək öz fəaliyyətini bu sənədlə müəyyən edilmiş tələblərə uyğunlaşdırmalıdır.
Qanunun qüvvəyə mindiyi tarixdən əvvəl klirinq fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları yeni qanun qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilmiş hesab olunur.
Əvvəl depozitar fəaliyyətinə lisenziya almış şəxslərin lisenziyaları da bu qanunun qüvvəyə mindiyi tarixdən etibarən ləğv edilmiş hesab olunur və onlar 2015-ci il iyulun 1-dək saxladıqları sənədsiz qiymətli kağızları mərkəzi depozitara təhvil verməlidir. Bu qayda həmçinin, qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması fəaliyyətinə lisenziya almış şəxslərə və səhmdarların reyestrini aparan səhmdar cəmiyyətlərə aiddir.
Müzakirələrin yekununda millət vəkilləri sənədin təsdiqlənməsi leyhinə səs veriblər.