Mətbuat Şurası İdarə Heyətinin 2015-ci ildə ilk iclası keçirilib

Mətbuat Şurası İdarə Heyətinin 2015-ci ildə ilk iclası keçirilib
17:07 16 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 17:04 ]


Bakı. Fərid Mirzəyev - APA. Bu gün Azərbaycan Mətbuat Şurasının 2015-ci ildə ilk iclası keçirilib.

 

APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov iclasın gündəliyini elan etdikdən sonra Şuranın 2014-cü il üçün hesabatı ətrafında müzakirə aparılıb.

 

Hesabatda nəzərdə tutulan məsələlər barədə məlumat verən Ə.Amaşov bildirib ki, ötən il Şuranın fəaliyyətindəki başlıca xətt quruma daxil olan şikayətlərin araşdırılmasından ibarət olub. Bununla yanaşı, qeyd olunub ki, Mətbuat Şurası birgə müsabiqələrin, kitab təqdimatlarının, yubiley mərasimlərinin, müxtəlif tematik toplantıların, milli mətbuatımızın inkişafında, ictimai fikir tariximizdə rolu olan görkəmli şəxsiyyətlərin yaradıcılıq yolundan bəhs edən sənədli filmlərin çəkilişini, bir sıra beynəlxalq konfranslar reallaşdırıb.

 

Habelə dövlət fərman və sərəncamlarından, proqramlarından irəli gələn işləri gerçəkləşdirib, ali məktəblərin jurnalistika fakültələrinə qəbulda qabiliyyət imtahanlarının təşkilində yaxından iştirak edib, kütləvi aksiyalarda və 23 dekabr bələdiyyə seçkisində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparılıb. Şura üzvləri ölkəmizdən kənarda baş tutmuş beynəlxalq konfranslara qatılıblar.

 

Bu və digər məsələlərdəki konkret statistikanı açıqlayan Ə.Amaşov hesabatın ictimaiyyətə çatdırılması üçün yaxın günlərdə ayrıca toplantının keçiriləcəyini vurğulayıb.

 

Hesabatın müzakirəsi zamanı Mətbuat Şurasə İdarə Heyətinin üzvlərindən - Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, həmçinin Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli sənəddə yer alan məqamlarla bağlı fikirlərini bildiriblər. Hesabat ümumən məqbul qiymətləndirilib və bəzi əlavələrin olunması zəruriliyi nəzərə alınmaqla qəbul edilib.

 

Gündəlikdə duran ikinci məsələ Mətbuat Şurasına üzvlük qaydalarının layihə mətninin müzakirəsi olub. Ə.Amaşov bildirib ki, hazırda Şuranın 230-a yaxın üzvü var. İndiyədək üzvlərin qəbulu Şuranın Nizamnamə tələblərinə uyğun aparılıb. Qaydalar isə mövcud sahədəki proseduru daha da təkmilləşdirmək məqsədi daşıyır. MŞ-nin İdarə Heyətinin üzvlərindən “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev yeni hazırlanmış qaydalarla bağlı təkliflərini bildiriblər. Müzakirələrdən sonra sənəd əsas kimi qəbul edilib.

 

İclasda müzakirə edilən növbəti məsələ Mətbuat Şurasının 2015-ci il üçün iş planı olub. MŞ üzvləri - B.Sadıqov, BDU-nun jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Day.az media şirkətinin direktor müavini Sevda Həmidova 2014-cü il üçün hesabatdan irəli gələn məqamların iş planında nəzərə alınmasının vacibliyini vurğulayıblar.

 

Sonda 2015-ci ildə milli mətbuatımızın 140 illiyinin keçirilməsi ilə bağlı silsilə tədbirlərin təşkili üzərində də dayanılıb. Bu və digər təkliflər də nəzərə alınmaqla iş planı məqbul qiymətləndirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR