“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində 20 Yanvar faciəsinin həsr olunmuş anım mərasimi

17:08 16 Yanvar 2015
84 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Yanvarın 16-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
İdarədən AzərTAc-a bildirilib ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş “Müqəddəs məkan” adlı sənədli film nümayiş olunub.
Tədbirdə idarənin rəisi Samir Nuriyev çıxış edərək qanlı yanvar hadisələri barədə ətraflı məlumat verib, bu hadisələr zamanı həyatlarını qurban vermiş şəhidlərin qəhrəmanlığının ölkəmizin müstəqilliyinin bərpa edilməsində əvəzolunmaz rolu haqqında söhbət açıb. Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə həmin gecə və növbəti bir neçə gün ərzində Bakıda 147 nəfər qətlə yetirilib, 700-dən artıq insan yaralanıb.
Bildirilib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-huquqi qiymətin verilib.
Tədbirdə çıxış edən digər natiqlər faciənin baş vermə səbəblərini həmin dövrün ictimai-siyasi hadisələri fonunda təhlil edib, 20 Yanvarın Azərbaycan xalqına qarşı həyata keçirilmiş ən ağır cinayətlərdən biri, hərbi təcavüz kimi tarixə düşməsini qeyd ediblər.
Sonda bəstəkar Sevinc Tofiqqızının 20 Yanvar faciəsinə həsr etdiyi “Ümid körpüləri” adlı musiqi kompozisiyasına çəkilən videofilm nümayiş etdirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR