Aşıq Samirədən kəskin ETİRAZ: “Saz havalarını plagiat formada ifa edirlər” - VİDEO

Aşıq Samirədən kəskin ETİRAZ: “Saz havalarını plagiat formada ifa edirlər” - VİDEO
12:38 30 Oktyabr 2019
123 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar mədəniyyət işçisi Aşıq Samirə Əliyeva “Evimizə gəlin gəlir” adlı yeni mahnısını təqdim edib.

Publika.az xəbər verir ki, aşıq yeni mahnısını orta müxəmməs aşıq havasında yazdığını bildirib:

“Bu aşıq havasına ustadlarımız müxtəlif mövzularda olan şeirlər ifa edib. Hər ustad öz dövrünə aid olan mövzuya toxunub, mən də bu günün, zəmanəmizin nəbzini tutmaq niyyəti ilə gəlin mövzusuna toxundum. Sual ola bilər ki, niyə məhz gəlin mövzusu? Dədə-babadan görmüşük ki, gəlinləri aşıqlar tərifləyər. İstədim ki, keçmişə qayıdıb, tamaşaçılarıma nostalji anlar yaşadım. El aşığı olaraq gəlinlərimizə bunu ithaf etdim. Ümumiyyətlə şeir yazmaq, söz yazmaq başqa bir dəryadır. Amma buna baxmayaraq bir aşıq olaraq söz qoşmaq, şeir yazmaq bacarığım var. Düşünürəm ki, bəyənəcəklər. Bütün gəlinlərimizə xoşbəxt olmalarını arzu edirəm” deyə S.Əliyeva bildirib.

Aşıq yeni işlərindən də danışaraq bu cür sənət yeniliklərinin davamlı olacağını bildirib:

“Ümumiyyətlə bilirsiz ki, həmişə gördüyüm işlərdə çalışdığım odur ki, saz havalarını özüməməxsus tərzdə ifa edim. Təbii ki, klassik üslubu qoruyub saxlamaq şərtilə çalışıram ki, həmin aşıq havalarını yenidən gündəmə gətirim. “Misri”, “Cəlili”, “Şirvan müxəmməsi” kimi havaları simfonik orkestr ilə ifa etmişəm, aşıq havalarını kliplərimlə, yeni oranjimanlarla, sözlərlə tamaşaçılara təqdim etmişəm. Aşıq Əli ilə birlikdə “Ana yurdum” layihəsini hava limanında fləşmob olaraq təqdim etmişik. Bu yolla çalışıram gənclərə aşıq sənətini təbliğ edim və az da olsa sənətin təbliğatında rolum olsun. Çünki həm aşığam, həm də bu, dövlətin mənə verdiyi fəxri adın məsuliyyətidir. Bu hələ görəcəyim işlərin ən kiçik hissəsidir. Xüsusən də o saz havalarından başlayacam, hansı ki, təəssüflər olsun ki, bəzən həmin aşıq havalarını ifa edirlər, ən azından demirlər ki, ondan bəhrələnmişəm. Birbaşa saz havasını plagiat şəkildə ifa edirlər və özlərini bəstəkar kimi təqdim edirlər. Mən ona görə çalışıram ki, bu saz havalarını ifa edib gündəmə gətirim və gənclərimiz də bilsinlər ki, kimin mahnıları saz havalarından oğurluqdur. Gələcəkdə bunun başqa yollarla da qarşısını alacağam ki, aşıq havaları onun-bunun adına çıxmasın. Çünki bu xalqın mirasıdır” , - deyə S.Əliyeva qeyd edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/294585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR