Mir Qabil Əkbərov: "Əgər rejissor həm də yaxşı aktyordursa, qarşısındakı aktyor onu heç vaxt aldada bilmir"
Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.
Hələ 22 yaşı var. Ömrünün ən gözəl illərini, gəncliyini yaşayır. Anası xalq artisti Yasəmən Ramazanova oğlunu teatrda yetişdirib. Övladının həyatı dərk etdiyi, dünyagörüşünün formalaşdığı dövrü teatrda keçirməsinin tərəfdarı olub.
"Debüt" rubrikamızın qonağı ŞahMat Teatrının rəhbəri, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Mir Qabil Əkbərovdur. O, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Teatr rejissorluğu" ixtisası üzrə magistr təhsili alır.
Müsahibim deyir ki, sənətə gəlişi elə uşaq yaşlarından və təsadüf nəticəsində olub:
- 5 yaşımda anam televiziya tamaşasına çəkilirdi. Həmin tamaşada uşaq obrazını canlandırmaq üçün azyaşlı uşaq tapa bilmədiklərindən, həmin obrazı mən oynamalı olmuşdum. Həmin illər anam Naxçıvan Dövlət Dram Teatrında çalışırdı. Elə uşaq yaşlarımdan Naxçıvan Dövlət Dram Teatrında kiçik epizodik rollarda oynayırdım. Hətta bir dəfə Akademik Milli Dram Teatrı "Özümüzü kəsən qılınc" tamaşası ilə Naxçıvan Teatrına qastrol səfərinə gəlmişdi, o tamaşada uşaq obrazını canlandırdığımı xatırlayıram. Məktəb illərimdə isə anam Naxçıvan Dövlət Kukla Teatrına direktor vəzifəsinə təyin edildi. Kukla Teatrında isə "Gözəl bahar", "Möcüzəli adanın sakinləri", "Məlikməmməd", "Çay dəsgahı" kimi tamaşalarda rol aldım. Onda 13 yaşım vardı. Teatrın repertuarında olan bir çox tamaşada rol aldım. Naxçıvan Dövlət Kukla Teatrı mənim üçün ayrı bir dünya oldu. Orada kuklaların istifadə qaydalarını, onların dilini öyrəndim. Teatrda çalışan İlham Babayev mənə kuklaların mexanikasını öyrətdi. Bəzən idarə etdiyim kuklalar məndən böyük olurdu. Tamaşa zamanı kuklanın arxasında olduğum üçün boyuma və yaşıma görə orada itib batırdım.
- Yeniyetmə biri üçün ağır kuklalarla işləmək çətin deyildimi?
- Kukla Teatrında uşaq tamaşaları ilə işləmək mənim üçün böyük təcrübə oldu. Əlbəttə ki, çətinlik çəkirdim. Biri var ki, özün aktyor kimi səhnəyə çıxasan, biri də var ki, kuklanın arxasında dayanırsan və kuklanı idarə edirsən. Nəinki kuklanı idarə etməli, eyni zamanda idarə etdiyin bu taxta parçasını uşaqlara sevdirməlisən. Özüm də uşaq olduğum üçün qarşımdakı uşaqların bizdən nə istədiklərini bilirdim. Buna görə də Kukla Teatrında çalışmaq mənim üçün üstünlük idi. Kuklaların texnikasını öyrənmək üçün çox zaman xərcləməli oldum. Pəşəkar aktyorlar bir tamaşanı bir-iki aya hazırlayırdılarsa, mən 4-5 ay sərf edirdim. Səhər məktəbə gedir, dərslərim bitəndən sonra isə birbaşa məktəb formasında teatra gəlirdim və çalışmağa başlayırdım. 17 yaşımda aktyor kimi Naxçıvan Dövlət Kukla Teatrında ştata düşdüm. Orada 2 il işlədikdən sonra universitetə qəbul olduğum üçün ştatdan çıxdım və paytaxta oxumağa gəldim.
- Teatrda aktyor kimi çalışdığınız halda, nə üçün universitetdə "Teatr rejissorluğu" ixtisasına qəbul oldunuz?
- Universitetə qəbul olmamışdan əvvəl teatrda iki tamaşa hazırlamışdım.
- Artıq rejissor kimi tamaşalar hazırlayırdınızsa, bəs onda təhsil sizə nə üçün lazım idi, ümumiyyətlə universitet sizə nə qazandırdı?
- Universitet mənə çox şey qazandırdı. Biri var hazırladığın tamaşanı kor-koranə hazırlayasan, biri də var ki, sən artıq bu sistemin bütün sirlərinə bələdsən. Universiteti bitirdikdən sonra hazırladığım o iki tamaşaya baxanda gördüm ki, rejissor olaraq bir az naşılıq etmişəm. Universitetdə mənə dərs keçən müəllimlərdən, xüsusən də birinci kursda kurs rəhbərlərim olan Cənnət Səlimovadan, Fikrət Məlikovdan, ikinci kursda isə Mehriban Ələkbərzadədən çox şey öyrəndim.
- Sizcə, təhsilsiz aktyor və rejissor olmaq mümkündürmü?
- Mümkündür, amma istər-istəməz, natamamlıq olacaq. Əlbəttə, fitri istedad var, ancaq ondan əlavə, insana bu sənətə məhəbbət və işində məsuliyyət də lazımdır. İstedad işin 50 faizini təşkil edirsə, 50 faiz də təhsil və elm olmalıdır ki, səni tamamlasın. Bəzən təhsillə də iş həll olunmur. Rejissorluq elə bir peşədir ki, burda istedad mütləqdir. Fantaziya, düşüncə, dünyagörüşü - bunlara baxmayaraq, bu sənətin sirlərinə bələd olmaq çox çətindir.
- Magistr təhsili almaqla pedaqoq olmaq istəyirsiniz?
- Əslində xaricdə magistr təhsili almaq istəyirdim, ancaq rəhbəri olduğum ŞahMat teatrına görə Bakıda qalmalı oldum. Təhsilimi elə burada davam etdirmək qərarına gəldim.
- ŞahMat teatrı hansı zərurətdən yarandı?
- 11-ci sinifdə oxuyanda biz Naxçıvan Dövlət Kukla Teatrı ilə Moskvaya festivala getmişdik. Orda bir zirzəmi teatrının tamaşasını izlədik. Bu teatr mənə fərqli gəldi. Açığı, heç o zamana qədər Azərbaycanda zirzəmi teatrı yox idi. Fikirləşdim ki, bunu Azərbaycanda tətbiq etmək maraqlı olar. Tələbəlik illərimdə bu barədə düşünür və belə bir teatr yaratmağa can atırdım. Tələbə yoldaşım Ümid Abbasla məsləhətləşdik və nəhayət, ŞahMat teatrını yaratmaq qərarına gəldik. İlk tamaşamızı 2017-ci ildə oynadıq. İlk tamaşaçı sayımız 3-4 nəfər olsa da, gördüm ki, insanlar səhnədə nələrin baş verdiyi ilə maraqlanır. İkinci tamaşada birincidən 3 dəfə çox tamaşaçı cəlb edə bilmişdik. Bu da yaradıcı komandamızda böyük həvəs yaratmışdı. Artıq iki ildir ki, fəaliyyət göstəririk, üçüncü mövsümə yeni tamaşalarımızla başlamışıq.
- Daha çox hostellərdə və "pub"-larda tamaşalar hazırlayırsınız. Hansı çətinliklərlə üzləşirsiniz?
- Daimi bir məkanımız yoxdur. Tamaşanın texniki işlərini də özümüz hazırlayırıq. Dekorlarımızı evdə hazırlayır, tamaşa oynadığımız səhnəyə aparmaqda çətinlik çəkirik. Bəzən maddi cəhətdən sıxınıtmız olduğuna görə məcbur olub dekorumuzu piyada aparırıq. Tamaşamızı əvvəl "Pub House"-da oynayırdıq. O ərəfələr "Etüd" kafe bizə onlarda tamaşa nümayiş etdirməyi təklif etmişdi. Çalışdığımız kafelərdə bəzi problemlər yarandı. Daha sonra "Kulis kafe"yə getdik. Hazırda isə son mənzilimiz isə "Flora Hostel"dir.
- Məkanı dəyişdikcə tamaşaçıları itirirsinizmi?
- Əksinə, daha çox tamaşaçı qazanırıq. Bizim tamaşaçımız az da olsa var. Hər yeni məkanın da öz tamaşaçısı əlavə olunur və biz oradan da tamaşaçı qazanırıq.
- İki il ərzində ŞahMat teatrı nələrə nail oldu?
- Teatrı yaradanda, bir illik məqsədim yaxşı bir komanda yığmaq idi. Birinci il bu məqsədimə çatdım. İkinci ildə isə məqsədim tamaşaların sayını artırmaq idi. Buna da nail oldum. Bu il demək olar ki, 3-4 tamaşamız təhvil verildi və hazırda yeni bir tamaşa üzərində çalışırıq. Üçüncü ildə isə, xarici festivallara getmək istəyirik.
- Hədəfləriniz nələrdir? Özünüzü 10 ildən sonra harada görürsünüz?
- Mərhum sənətkarımız Vaqif İbrahimoğlunun bir sözü var, deyir ki, hansı teatr olursa-olsun, təzə yaranıbsa, 25 ildən artıq yaşamayacaq. Bilmirəm ki, mən özüm 10 ildən sonra harada olacam. Hər rejissorun öz konsepsiyası olduğu kimi, mənim də bu teatrda öz konsepsiyam və üslubum var.
- Sizin üslub tərziniz necədir?
- Bir az absurd, bir az sürrealizm, bəzən də ekssentrik üslublardan istifadə etməyi çox sevirəm. ŞahMat teatrının özünə aid üslubu var. Biz heç zaman reallıqdan bəhs edən tamaşa hazırlamırıq.
- Səbəb?
- Şahmatın özü əslində real bir oyundur, iki qoşunun müharibəsidir. Onu qeyri-real olaraq taxtanın üstə gətiriblər. Biz də real olan hadisələri qeyri-real şəkildə göstərməyə çalışırıq. Yəni, absurd şəkildə, ifrat reallıq.
- Bəs Şuşa Dövlət Musiqili Dram Teatrına necə getdiniz?
- ŞahMat teatrında çalışan Günel İmanova Şuşa teatrında işləyirdi. O, teatrın baş rejissoru Loğman Kərimovun aktyor axtarışında olduğunu və məni ona məsləhət bildiyini dedi. Düşündüm, açığı, hər nə qədər rejissor olsam da, təməlim aktyor olduğu üçün səhnədən kənarda qala bilmirəm. Düzdür, tamaşa hazırlamağı çox sevirəm. Özümə məxsus düşüncələrim, fikirlərim var. Bununla yanaşı, istəyirəm ki, hansısa rejissor mənimlə işləsin. Ən güclü rejissor elə ən güclü aktyor olmalıdır. Əgər rejissor həm də yaxşı aktyordursa, qarşısındakı aktyor onu heç vaxt aldada bilmir.
- Siz özünüzü ən güclü aktyor hesab edirsiniz?
- Təbii ki, yox. Mənə görə, ən güclü aktyor, rejissor anlayışı olmamalıdır. Bu sənətin zirvəsi yoxdur. Bəlkə də yaşıdlarımın içində aktyor və rejissor kimi ön sıralardayam. Bu barədə özümə çox arxayınam. Teatr mühitindən uzaqlaşmamaq üçün Loğman Kərimovla danışdım. Düşündüm ki, məni işə qəbul etmək üçün yoxlayacaqlar. Ancaq elə olmadı, məni işə götürdülər. Cəlil Məmmədquluzadənin "Anamın kitabı" tamaşasında Rüstəm bəy obrazını həvalə etdilər, hansı ki, Rüstəm əsərdə əsas obrazlardan biridir. Hazırda tamaşanın məşqləri gedir. Uşaq tamaşası olan "Danışan gəlincik"də xidmətçi ilə siçanı, "Ağ qayıq"da Rəsulu oynayıram və bir çox tamaşalarda rol alıram.
- Şuşa teatrı sizin yaradıcılığınıza hər hansı bir rəng qatdımı?
- Teatra daxil olanda keçirdiyim hissi ifadə etmək mümkün deyil. Bəlkə də uşaqlığım səhnədə keçdiyi üçün teatr mənə bu qədər əzizdir. Teatr mənim üçün çox rahat bir mühitdir. Teatr mühitində yaradıcı insanların içində olduqda, özümü ailəmdəki kimi hiss edirəm.
- Kuklalarla işlədiyiniz üçün müəyyən bir bazanız var. Paytaxta gəldikdən sonra nə üçün Abdulla Şaiq adına Dövlət Kukla Teatrına müraciət etmədiniz?
- ŞahMat teatrında kukla tamaşası hazırlamaq istədim. Gördüm ki, bu, çox vaxt aparacaq. Çünki kuklanın xüsusi texnikası var, bunu öyrənmək çox zaman tələb edir. Kukla Teatrına müraciət etsəydim, günün çoxunu orada məşq etmək məcburiyyətində qalacaqdım. Kukla ilə bir gün məşq etməsən, əllər keyiyir. Elə kukla növü var ki, onu 3 nəfər işlədir. Məcbursan ki, onun sinxronluğuna görə hər gün məşq edəsən. Düşündüm ki, bu mənim çox vaxtımı aparacaq.
- Bəs nə üçün təhsilinizi başa vurduqdan sonra Naxçıvan Teatrına geri dönmədiniz?
- Naxçıvana gedəndə, ilk baş çəkdiyim yer teatrdır. Çünki o teatrda mənim uşaqlığım keçib. Dördüncü kurs diplom tamaşamı Naxçıvan Teatrında hazırlamaq istəsəm də, alınmadı. Təbii ki, Naxçıvan teatrında tamaşa hazırlamaq istərdim. Anam indi Naxçıvan Dövlət Dram Teatrında aktrisa olaraq fəaliyyət göstərir. Naxçıvan Teatrının aktyorları rejissor baxımından acdırlar. O teatrın tarixində mən üçüncü ali təhsilli rejissoram.
- Təbiətcə çox sakit, susqun birisiniz. Bu, rejissorlara xas bir xüsusiyyət deyil.
- Mehriban Ələkbərzadə tamaşalarıma baxanda deyir ki, "Qabili tamaşalarında fərqli görürəm". Mən o çılğınlığı tamaşalarda göstərirəm. Ancaq həyatda elə deyiləm.
- Öz həyatınızda tətbiq edə bilmədiyinizi tamaşalarınızda tətbiq edirsiniz?
- Elə deyil. Əgər mən dinamik, çılğın biri olsam, həyatda əlimə heç nə keçməyəcək. Çılğın olmaqdansa, sakit və düşüncəli olmaq daha yaxşıdır. O çılğınlığı onsuz da tamaşamda göstərirəm. Tamaşam isə mənim övladımdır. Mən nəyəmsə, tamaşam da odur. Əvvəllər daha çox çılğın idim. Ancaq insan böyüdükcə müdrikləşir, üzləşdiyi çətinliklər onu dəyişdirir.
Milli.Az