Azərbaycanlı diplomat BMT-nin İnkişaf Proqramının İraqdakı regional ofisinin rəhbəri vəzifəsinə təyin edilib

Azərbaycanlı diplomat BMT-nin İnkişaf Proqramının İraqdakı regional ofisinin rəhbəri vəzifəsinə təyin edilib
23:51 24 Dekabr 2014
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Azərbaycanlı diplomat Sultan Hacıyev BMT-nin İnkişaf Proqramının İraqın Kürdüstan vilayətindəki regional ofisinin rəhbəri vəzifəsinə təyin edilib.

Trend AzərTAc-a istinadən xəbər verir ki, Sultan Hacıyev BMT sistemində çalışan ən yüksək vəzifəli azərbaycanlıdır.

İraq hazırda BMT sistemi üçün prioritet ölkələrdən biri hesab olunduğundan həmvətənimizin məhz bu ölkədə yüksək vəzifəyə təyin edilməsi xüsusilə əhəmiyyətlidir.

Sultan Hacıyev artıq İraqda iş təcrübəsinə malikdir. O, bu ölkəyə BMT-nin İnkişaf Proqramının baş qərargahında xüsusi mürəkkəblik kateqoriyasına aid olan ölkələr üzrə baş müşavir vəzifəsini icra edərkən ezam olunub.

BMT-dəki karyerasına 1994-cü ildə Azərbaycanda başlayan Sultan Hacıyev bacarıqlı “böhran meneceri” kimi tanınıb. O, 2010-cu ilin aprelində Qırğızıstanda baş vermiş inqilab, həmin ilin yayında ölkənin cənubundakı etnik toqquşmalar zamanı uğurlu fəaliyyəti, həmçinin Əfqanıstan, Yəmən və Cənubi Sudan kimi ölkələrdə gördüyü işlərlə tanınıb.

Uzun müddət BMT-nin baş qərargahında çalışmış Sultan Hacıyev ölkəmizin bu qurumun İnkişaf Proqramı ilə e-idarəçilik sahəsindəki sıx əməkdaşlığına nail olub. Bundan əlavə, Azərbaycanın uğurlu dövlət idarəçilik örnəklərinin oxşar inkişaf problemlərini yaşayan ölkələr üçün nümunə kimi göstərilməsini fəal şəkildə təbliğ edib. Kabildə institusional inkişaf məsələləri üzrə baş müşavir işlədiyi zaman ölkəmizin BMT-nin strateji donoru kimi tanınmasına nail olub.

Qeyd edək ki, Azərbaycanda BMT İnkişaf Proqramının böyük marağına səbəb olan və təşkilatın xarici ölkələrdə tətbiq etmək istədiyi digər perspektiv istiqamətlərdən biri də “ASAN xidmət”dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2347391.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR