Dövlət Komitəsinin sədri ABŞ nümayəndə heyəti ilə görüşüb

Dövlət Komitəsinin sədri ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Mətbuat.az bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
(DQİDK) noyabrın 12-də “Dünya dini liderlərinin II Bakı sammiti”ndə
iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan ABŞ-ın nümayəndə
heyətinin üzvləri ilə görüşüb.

Görüş zamanı nümayəndə heyətinin üzvlərinə ölkəmizdəki nümunəvi
dövlət-din münasibətləri barədə məlumat verən Mübariz Qurbanlı qeyd edib
ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi dövlətin konfessiyalara
münasibətində də bərabərlik prinsipi mütləq mənada qorunur. Bu prinsipi
ölkəmizdə qeydiyyatdan keçməklə fəaliyyət göstərən dini icmaların
fəaliyyətinin dəstəklənməsi, dövlət tərəfindən mütəmadi maddi
yardımların ayrılması, onların ictimai həyatın bir parçası kimi
cəmiyyətə inteqrasiyası istiqamətində ardıcıl tədbirlərin görülməsində
aydın şəkildə müşahidə etmək olar.

Eyni zamanda, Azərbaycan həqiqətləri, bir milyon azərbaycanlının
Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşməsi,
işğal olunmuş ərazilərimizdə dini abidələrimizin vandalizmə məruz
qalması kimi faktlara toxunan Komitə sədri görüş iştirakçılarının
təmsil etdiyi Montana, Havay, Yuta ştatlarının Xocalı qətliamı, eləcə də
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarını yüksək
qiymətləndirib. O, “Dünya dini liderlərinin II Bakı sammiti” kimi
mötəbər tədbirlərdə bu cür tərkibdə nümayəndə heyətlərinin iştirakının
qarşılıqlı əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb etdiyini
vurğulayıb.

Oreqon Ştat Senatının sədr müavini Laurel Sue Monnes Anderson ölkəmizdə
dini etiqad azadlığının qanunla təsbit olunmasını müsbət hal kimi
dəyərləndirib. Respublikamızdakı tolerantlıq mühiti barədə məlumatlı
olduğunu söyləyən qonaq Oreqon Ştat Senatı və Nümayəndələr Palatasının
2016-cı ildə tarixində Azərbaycanın tolerantlıq ənənələrini təqdir edən
bəyannamə qəbul etdiyini də diqqətə çatdırıb. Yuta Ştat Senatoru Vilyam
Gene Davis isə bildirib ki, Azərbaycan bir dövlət olaraq
multikulturalizm kimi humanist dəyərlərini dünyada təbliğ və öz
nümunəsində layiqincə tətbiq edir.

Dövlət Komitəsinin sədri sonda qonaqlara DQİDK tərəfindən ölkəmizdəki
dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni
vandalizmi haqqında ingilis dilində nəşr olunmuş kitabları təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR