Bu gün Azərbaycanda sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirildi - FOTO

Bu gün Azərbaycanda sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirildi - FOTO
20:12 14 Noyabr 2019
175 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanda sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib. Abşeron Olimpiya İdman Kompleksində baş tutan yarışlarda 7 idman növü üzrə (para cüdo, para taekvondo, üzgüçülük, boccia, qolbol, para pauerliftinq, stolüstü tennis) ölkənin bütün regionlarından 200-ə yaxın paralimpiyaçı uşaq mübarizə aparıb.

Tədbirin açılış mərasimində Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov, MPK-nın vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev, UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin, "Azercell Telecom" MMC-nin prezidenti Vahid Mürsəliyev, Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bert Skufs, BMT-nin Pakistandakı xoşməramlı səfiri Muniba Mazari, Beynəlxalq Paralimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü, Birləşmiş Ərəb Əmirliklərinin paralimpiya komitəsinin prezidenti Məhəmməd Fadel Al Hameli, Böyük Britaniya Paralimpiya Komitəsinin fəxri vitse-prezidenti Antoni Sainsbari, Moldova Paralimpiya Komitəsinin prezidenti, paralimpiya çempionu Oleq Kretsul və Belarus Paralimpiya Komitəsinin prezidenti, beşqat paralimpiya çempionu Oleq Şepel iştirak ediblər.

Öncə bütün idman növündən olan paralimpiyaçılar zala daxil olublar. Daha sonra Rəsul Zəkiyev və Diana Şahbazova əlil arabasında rəqs tamaşası nümayiş etdiriblər. Türkiyənin "Əlilliyi olan şəxslər üçün Yapon sənətləri və idman növləri" dərnəyinin və Azərbaycanın "Əngəlsiz düşüncə sosial inkişafa yardım" ictimai birliyinin nümayəndələri əlilliyi olan şəxslər üçün aikido fəndləri nümayiş etdiriblər.

Bədii hissədən sonra tədbiri açan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov qeyd edib ki, 2013-cü ildən bu yana hər il ölkəmizdə uşaq paralimpiya olyunları keçirilir. Həmin il ölkəmizdə paralimpiyaçı idmançıların yetişdirilməsi məqsədi ilə dünyada ilk dəfə olaraq Uşaq Paralimpiya Komitəsi təsis edilib. UNİCEF-in dəstəyi ilə bu komitə fəaliyyətini daha da genişləndirib. Bu gün tək paytaxt Bakıda deyil, regionlarda da uşaq paralimpiya hərəkatı inkişaf etdirilməkdədir.

UNİCEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin öz çıxışında qeyd edib ki, sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiya olunması üçün bu oyunların əhəmiyyəti böyükdür.

Tədbirdə çıxış edən digər natiqlər də paralimpiyaçı uşaqlara uğurlar arzu ediblər.

Açılış mərasimindən sonra oyunlar keçirilib. Qalib olan idmançılara mükafatlar təqdim olunub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/802331.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR