“Qızlar kişi turistlərə potensial ər gözü ilə baxırlar...” - Afrikanı gəzib-dolaşan azərbaycanlı fotoqrafla MÜSAHİBƏ

“Qızlar kişi turistlərə potensial ər gözü ilə baxırlar...” - Afrikanı gəzib-dolaşan azərbaycanlı fotoqrafla MÜSAHİBƏ
15:27 17 Noyabr 2019
166 Dünya
Ölkə mətbuatı
A- A+

Uzaq Afrika ellərindən çəkib sosial şəbəkələrdə paylaşdığı şəkillərdən bələdik ona. Kimlər və nələr yoxdur ki, bu şəkillərdə? "Adamyeyənlər"in qitəsindən ecazkar təbiət mənzərələri, boynunu dik tutub şəstlə gəzən zürafələr, suyun içində rəqs edən zebralar, gözünü sənə zilləyib tərs-tərs baxan kaftarlar, ayaqyalın-başıaçıq oynaşan, gözlərində gülüş olan qarabalalar, çiyinlərində su qabı "bulaq başına" yollanan zənən xeylaqları, əllərinə keçəni əyinlərinə keçirən qəbilə sakinləri və sair və ilaxır... Bəli, bütün bu rəngarəngliyi fotoqraf-səyyah Əli Əkbərin fotolarında görə bilərik.

Milli.Az bildirir ki, modern.az-ın tanınmış səyyah-fotoqrafla söhbəti də Afrika macəraları üzərində qurulub.

- Öncəliklə özünüzü təqdim etməyinizi istərdik. Kimdir Əli Əkbər?

- Əvvəllər yalnız özü üçün gəzib, özü üçün fotolar çəkən, daha sonralar çəkdiklərinin başqaları üçün də maraqlı olduğunu düşünüb paylaşımlar edən, Afrika ölkələrini iri meqapolislərə heç vaxt dəyişməyən, Jurnalistika fakültəsini bitirən, uzun müddət müxtəlif qəzet redaksiyalarında çalışan, hal-hazırda dövlət qulluqçusu olan, Azərbaycan Fotoqraflar Birliyinin üzvü, fotoqrafiyanı, musiqini, səyahəti, kartof qızartmasını, dovğa və hədiyi dünya mətbəxinin ən ünlü yeməyindən də çox sevən biri...


- Niyə daha çox Afrika ölkələrini seçirsiniz, niyə məhz vəhşi təbiət?

- Elə uşaqlıdan vəhşi təbiət verilişlərinin həvəskarı olan ev əhlinin içində böyümüşəm. İndinin özündə də bu maraq hər birimizdə qalıb. Hətta 89 yaşlı anamda belə. O vaxtdan da beynimdə "Serengeti" sözü həkk olmuşdu. Serengeti dünyaca məşhur safari məkanı, Tanzaniyanın ən böyük, ümumilikdə, Afrikanın ən məşhur qoruğudur. Tanzaniyaya işlə əlaqədar uzun müddətə ezam olunmuş dostumun dəvətini alanda hədsiz sevindim ki, nəhayət, uşaqlıqdan xəyal etdiyim  məkanları əyani görəcəm. Serengetiyə çatdıqda qoruğun girişində onun adını oxuyanda isə ümumiyyətlə, xoşbəxtlikdən əsməcə gəlmişdi mənə.

Səfərlərim təkcə Afrika ölkələrinə olmayıb. Ancaq Afrikadan kənar istənilən başqa ölkəyə gedib-qayıtdıqdan sonra həmişə "kaş bu ölkənin əvəzinə yenə hansısa Afrika ölkəsinə gedərdim" deyə düşünmüşəm.  "Yer tapmadın getməyə?!" deyənlər də çox olur. Onlar Afrika barədə nəsə deyəndə başa düşürsən ki,  bilgiləri "Afrika hansısa ölkənin adıdır, orada adamyeyənlər yaşayır, xəstəlik də çox yayılıb"dan ibarətdir. Ona görə çalışıram, arada Afrika ölkələrinin müasir həyat tərzini əks etdirən fotolar da çəkib paylaşım ki, bu stereotiplərdən qismən də olsa, vaz keçsinlər. Bir dəfə Uqandada diskotekaya getmişdik, orada çəkdiyim kiçik videonu Facebook səhifəmdə də paylaşmışdım ki, "baxın, ay camaat, burada belə həyat da var, heç kim də heç kimi yemir".

- Çəkilişlər zamanı heç vəhşi heyvanların hücumlarına məruz qalmısınız?

- Vəhşi təbiətdə, savannanın düz ortasında qurduğumuz çadırın ətrafında kaftarların (giyena) var-gəl etməkləri də olub, bir neçə addımlığımızda aslanların zebralara hücumu və ov səhnəsi də olub, kərgədanlarla birgə gəzişməyimiz də olub, amma bunların hamısı mənim üçün təhlükəli an deyil, sadəcə baş verənlərdir. Təbii ki, "Bilirsiniz, Afrikada başıma nə işlər gəlib?!" deyə nəql etmək üçün gedib qəsdən timsahın yanında bardaş qurub oturmaq fikrim olmayıb və olmayacaq da...

Qaydalara qiayət edəndə heç bir təhlükəsi yoxdur. Ümumiyyətlə, əksər qoruqlarda ziyarət yalnız xüsusi avtomobillər vasitəsilə mümkündür. Yəqin televizorda da görmüsüz, turistlər üstü və bəzən yan tərəfləri açıq avtomobillərdə olurlar. Çox adam soruşur: "Avtomobilin üstü, böyrü açıqdır axı, bəs niyə heyvanlar hücum etmir?" Sözün düzü, bu, mənim özümə də hər zaman maraqlı olub. Avtomobildə ola-ola hansısa heyvanın hücumuna məruz qalan çox az insan olub. Əksər qoruqlara daxil olarkən edilməsi mütləq olan qaydalardan biri də avtomobili tərk etməməkdir. Uqandada isə kərgədanlara avtomobilsiz baş çəkmişdik. Təbii ki, təlimatdan sonra: hündürdən danışmaq olmaz, mütləq yavaş-yavaş və qrup şəklində hərəkət etmək lazımdır və kərgədanla öz aranda məsafə saxlamalısan. Düzdür, axırda onu da əlavə etdilər ki, "çox mehriban heyvandırlar. Amma gördüz üstünüzə cumur - düz xəttlə qaçmayın". Tanzaniyanın Aruşa qoruğunda da piyada turlar olur. O qoruqda, əsasən, cütdırnaqlılar yaşayır deyə, avtomobilsiz hərəkət o qədər də təhlükəli deyil.


- Afrikaya gedərkən hansı vaksinasiyaları etdirirsiniz?

- Peyvəndlər səfər ediləcək ölkədən asılıdır. Tanzaniya və Uqandaya gedərkən ancaq sarı qızdırmaya qarşı peyvənd yetərlidir. Bu peyvənd 10 ildən bir edilir və çox zaman ölkəyə giriş zamanı bunu təsdiq edən sertifikat tələb olunur. Həbəşistana isə sarı qızdırma, difterit, donuxma, A və B hepatiti, viruslu meningit, qarın yatalağı peyvəndləri, malyariyaya qarşı həb vacibdir.

- Yerli əhalinin sizə münasibəti necə olur? Onlarla problem yaşayırsınızmı?

- Bu da ölkədən asılıdır. Subyektiv fikrimdir, Şərqi Afrika ölkələrində yerli əhali daha mülayim və qonaqpərvərdir, nəinki qitənin qərb hissəsindəkilər. Məsələn, Uqandada hamı gülür, hamı xoşbəxt görünür. Görünür deyəndə ki, elə xoşbəxtdirlər. İnsanlarının fotolarını çəkib göstərdiyim bəzi adamlar "Bunlar niyə bu cür gülür, sevinir? Belə Afrika olar?!" deyib hətta təəssüflənirlər. Çünki gözləntiləri aclıq, səfalət içində olanların fotolarıdır. Bilmirəm, bəlkə də mən görmək istədiyimi görürəm. Amma 1 həftə ərzində bütün ölkəni dolaşdım və orada bir nəfər də olsa sədəqə istəyənlə rastlaşmadım. Evə qayıtma ərəfəsində cibimdə yığılıb qalmış xırda pulları çıxarıb yanacaqdoldurma məntəqəsində yanımızda durub səbəbsiz sevinən balaca qıza uzatdım. Götürdü. "Thaaaaaaaank youuuu" deyib elə sevinə-sevinə də evinə qaçdı.

Həm də münasibət bizim öz şəxsi davranışımızdan da asılıdır. Necə ki, biz öz evimizdə hər yoldan keçəni qəbul etmirik, eləcə də orada, məsələn, hər hansı qəbiləyə baş çəkməzdən əvvəl mütləq qəbilə başçısının razılığını almaq lazımdır. Bu razılıq da əsasən, müəyyən məbləğ ödəməklə əldə olunur. Yəni istədiyin vaxt durub hansısa Massai qəbiləsinin yaşadığı əraziyə getmək mümkün deyil. Bunu etsək, təbii ki, qonaqpərvər olmayacaqlar.


- Afrikalılar nə yeyir, nə içir, necə yaşayırlar, nə işlə məşğul olurlar?

- Afrikada 62-dən çox ölkə var və təbii ki, hər birinin yaşam tərzi bir-birindən fərqlənir. Kasıb ölkə sayılan Uqandanın misalında, məsələn, 50 ABŞ dolları bir aya bəs edə bilər. Elektrik enerjisi çox bahadır və qeyd etmək lazımdır ki, gərginlik gün ərzində daim artıb-azalır. Heç də ucuz olmayan stabilizatorsuz elektrik məişət сihazları tez bir zamanda sıradan çıxır. Bəzən heç stabilizatorlar da köməyə gəlmir. Məsələn, qaldığımız oteldə 1000 dollara alınmış yeni televizor cəmi 1 il işlənmişdi, qeyri-stabil gərginlik ucbatından sıradan çıxdı. Heç kim təmir edə bilmədiyindən onu atmaq məcburiyyətində qaldılar.

Su ilə də bağlı da eyni vəziyyətdir. Otelimizin Viktoriya gölünün sahilində olmasına baxmayaraq, su otelə fasilələrlə verilirdi. Adi yaşayış evciklərində isə ümumiyyətlə, su yoxdur, suyu "kanistr"lərlə quyudan, gölə yaxın ərazilərdə yaşayanlar isə elə göldən daşıyıb gətirirlər.

Daha nə qaldı? Limitsiz internet üçün aylıq ödəniş 100 dollar. Maksimal sürəti isə 512 Kbit/s.

Səhiyyə sahəsində ürəkaçan bir şey yoxdur. Pulsuz olmağına pulsuzdur, amma səviyyəsi "otur ağla" silsiləsindəndir. Nəsə baş versə, təcili yardıma ümid bəsləməyə dəyməz. QİÇS çox yayılıb. Ölkə əhalisinin 40%-i QİÇS daşıyıcısıdır. Bu xəstəliyə qarşı yetərincə təbliğat işləri aparılır. Sadəcə, əhali profilaktikaya meyilli deyil. Hər bir uqandalı orta hesabla ildə 1-2 dəfə malyariya xəstəliyinə tutulur. Əsasən də, körpələr. Xəstələnənlərin təqribən 20%-i də dünyasını dəyişir.

Hal-hazırda təhsil də səhiyyə kimi pulsuzdur. Böyük şəhərlərdə məktəblər, demək olar ki, hər məhəllədə var, kəndlərdə isə uşaqların məktəbə getmələri üçün bəzən 10-15 km yol qət etmələri lazım olur. Belə şəraitdə, əlbəttə ki, hamı məktəbə getmir. Gedənlərin də normal təhsil alacaqlarına ümid yoxdur. Uşaq yaşlarında məktəbə getməyənlər üçün bəzən xeyriyyə yönümlü "axşam məktəbi" fəaliyyət göstərir. 

Məktəbi bitirdikdən sonra bir çoxları ali məktəbə daxil olur. Yeri gəlmişkən, ali təhsillə bağlı vəziyyət elə də pis deyil. Kampaladakı universitet Afrikada ən yaxşı universitetlərdən sayılır. Bura hətta qonşu ölkələrdən də təhsil almağa gəlirlər.

Kəndlərdə insanlar özlərinin əkib-becərdikləri ilə də qidalanırlar, bəzən heç pul üzü görmürlər, elə becərdiklərini başqalarıyla dəyiş-düyüş edirlər. Həftədə bir dəfə əllərindəkini bazara çıxarıb alver edirlər, bundan da 5-6 dollar aylıq qazancları olur ki, bu da onlara bəs edir. Kəndlərdə ət və ət məhsullarını nadir hallarda yeyirlər. Əsasən, tərəvəzlə qidalanırlar (qarğıdalı, banan, kassava, kartof). Meyvələri həddən artıq dadlıdır. Qəpik-quruşa istənilən kafedə çox dadlı ananas, banan, marakuya, qarpız, manqo, papaya şirələrindən dadmaq olar.

İnsanları çox qonaqpərvərdirlər. Uşaqlar turist görəndə sevincək salamlaşırlar. Verdiyim hədiyyələrə çox sevinib təşəkkür edirdilər. Qızlar kişi cinsindən olan bütün turistlərə potensial ər gözü ilə baxırlar. Anaları da - kürəkən. Yeri gəlmişkən, yerli əhali rəsmi nikaha tələsmir. Vətəndaş nikahına daha çox üstünlük verirlər, çünki toy mərasimi çox baha başa gəlir. Hər ailədə 5-6 uşağın olması normal haldır. 10 və daha artıq uşaqlı ailələr də çoxdur. 

- Səfərləriniz zamanı sizi çox təccübləndirən hadisələr nələr olub?

- Massai qəbiləsinin toy adətləri nəyə desən dəyər. Patriarxal yaşam tərzinə üstünlük verən masailərdə qəbilə başçısının 2-3 və daha çox arvadı olur. Qəbilə başçısı hər bir arvadını evlə təmin edir. "Kişinin ürəyinə yol mədəsindən keçir" məsəli onlarda da aktualdır. Belə ki, ən dadlı yemək bişirən övrətini həmin günün ən sevimlisi sayır. Buna görə də onun arvadları arasında güclü rəqabət gedir və onlardan hər biri daha dadlı yemək bişirmək üçün bütün gücünü səfərbər edir.

Massai ənənələrində sevgiyə yer demək olar ki, heç qalmır. Bütün nikahlar xeyir güdməklə bağlanılır. Özü də bu xeyirin qədərini valideynlər müəyyən edir. Qızın atası oğlan evinə "hə" deməzdən əvvəl tələb olunan mal-qara sayını bəyan edir. Oğlan evi də bacardığı qədər bu sayı aşağı salmağa çalışır.

Qəbilədə nikahlar sonadək davam edir. Boşanma halları olmur. Çünki başqasına könül bağlayanda ər arvadını atmır, sadəcə bir də evlənir. Ailədə hər hansı problem yarananda  da bu, qəbilə şurasında həll edilir.


- Afrika ölkələrinə səfər zamanı nə qədər vəsait gərəkli olur?

- Vəsaitin əsas hissəsini yol xərcləri təşkil edir. Birbaşa reys olmadığı üçün 3-4 təyyarə dəyişməli olursan. Ümumi xərclənən məbləğ isə səfər edənin şəxsi "iştahından", gedəcəyi məkanlardan, qalacağı otel, hostellərdən və s. asılıdır. Hal-hazırda elə Facebook-un özündə çox sayda qruplar var ki, sərbəst safari turlarında iştirak etmək üçün bələdçilik  xidmətlərini təklif edirlər və bu cür turların qiymətləri, təbii ki, şirkətlərin təklif etdiyi qiymətlərdən ucuz olur.

Orta qiymətə gəlincə, nümunə kimi 2 həftəlik Madaqaskar turunu göstərə bilərəm. Aviabilet, nahar və şam yeməyi, viza xərcləri xaric 1 nəfər üçün 3240 AZN civarında (məbləğə otel və səhər yeməyi, ölkə daxilində aviauçuşlar, safari, milli parklara ekskursiyalar, proqram boyunca bütün transferlər, ödənişli məkanlara (qoruq və s.) giriş, bələdçi xidmətləri daxildir) pul tələb olunur. Qeyd edim ki, bu cür tur üçün həmin məbləğ bahalı sayılmır.

- Hansı Afrika ölkələrində olmusunuz?

- Tanzaniya, Keniya, Uqanda, Zambiya, Zimbabve, Konqo Demokratik Respublikası, Namibiya, Həbəşistan, Botsvna və Anqolada. Bəzilərində bir neçə dəfə.

- Safari turuna getmək istəyənlər hansı ölkələri, hansı parkları seçməlidirlər?

- Şəxsən mənim üçün ən möhtəşəm safari turları Tanzaniya və Namibiyadadır. Çünki digər ölklərdə görülməsi mümkün olan fauna əhlinin əksəriyyətini elə bu iki ölkədə görmək mümkündür. Parklara gəlincə isə, Namibiyada Etoşa Parkı, Tanzaniyada Serengeti, Nqoronqoro, Taranqire və yaşıllığına görə digərlərindən seçilən Aruşa Parkını daha çox bəyənirəm.

- Getdiyiniz Afrika ölkələrinin viza rejimi ilə bağlı nələri deyə bilərsiniz?

- Çox adam düşünür ki, Afrika ölkələrinə gedərkən gömrük qapıları taybatay açıq olacaq, hər gələni də sevincək dəf-dumbulla qarşılayacaqlar. Əslində isə bu, heç də belə deyil. Məsələn, Keniya online viza versə belə, həmin vizayla bizim vətəndaşlar ölkəyə daxil ola bilməzlər, çünki Azərbaycan vətəndaşlarından məhz səfirlikdən alınmış viza tələb olunur. Çoxsaylı saytlarda bu və ya digər Afrika ölkəsi ilə bağlı viza tələbləri barədə yanlış məlumatlar paylaşılır. Məsələn, yazılıb ki, Tanzaniyaya getmək üçün bizim vətəndaşlara viza ölkəyə giriş zamanı verilir. Əslində isə bu, heç də belə deyil. Bu, əlbəttə ki, qəsdən deyil, bilməyərəkdən edilir.


- Ən çox bəyəndiyiniz Afrika ölkəsi hansıdır?

- Getdiklərimdən hər biri sevimlidir mənim üçün. Ən çox, təbii ki, Tanzaniya. Düşündüyüm, xəyal etdiyim, bəyəndiyim ən möhtəşəm Afrika təbiətini məhz orada gördüyümə görə. Həm də maraqlı tarixə malik Zənzibar adasına görə. Bir də Namibiyanı çox bəyənirəm. Onun kontrastlarına görə: səhra, savanna, okean... Namibiyadakı səhrada dəniz pişiklərini başqa yerdə görmək müşkül məsələdir.

- Afrikaya səyahətlə bağlı mövsüm fərqi varmı, hansı aylarda hansı ölkələrə səyahəti məsləhət görürsünüz?

- Var, əlbəttə. Səyahətin yağış mövsümünə təsadüf etməməsinə diqqət etmək lazımdır. Ekvator xətti qitəni tən yarı bölür. Bu səbəbdən də il boyu hava isti olur. Elə yüksək temperatura görə qış mövsümündə qarsız Afrikaya yağış mövsümü təşrif buyurur. Orta illik temperaturu +21C olan Anqolada oktyabrdan mart ayınadək musson yağışlar sezonu baş alıb gedir. Cənubdakı Kalahari səhralı Botsvanada kölgədə maksimal temperatur +46C olur, yağış mövsümü də sentyabrda başlayıb aprelə kimi rütubətini əsirgəmir.

Zambiyada isə məsələn, hava şəraiti il ərzində 3 dəfə dəyişilir. Noyabr-aprel ayları ən yağışlı aylardır. Uqandada isə - sentyabr-may aylarında. Yağış da qəfildən yağır. Durduğu yerdə. Gözlərimizi heyrətdən bərəldib bu şıdırğıya tamaşa etdiyimiz an yerli əhali tam öyrəncəliklə yağışa heç məhəl də qoymur. Sakitcə hansısa talvarın altında dayanıb onun kəsməyini gözləyirlər. Bir sözlə, getməzdən öncə mütləq həmin ölkənin iqlim xasiyyətini araşdırmaq lazımdır.

- Afrikanın flora və faunasında ən çox xoşunuza gələnlər, obyektivin yaddaşına köçürməkdən doymadığınız canlılar hansılardır?

- Təbii ki, fotokameraya gec-gec tuş gələn canlıların (məsələn, bəbirlər, dik-dik antilopu və s.) fotosunu çəkərkən məmnunluq hissi daha yüksək olur. Amma özümün görüntüsündən, vücudundan, hətta davranışından belə həzz aldığım fauna əhli zürafədir. Canlı təbiətdə onlara tamaşa etmək, fikrimcə, ən möhtəşəm terapiyadır. İnsanın ruhu dincəlir.

- Olduğunuz ölkələrdə yerli əhali ilə hansı dildə ünsiyyət qurursuz? Necə dil tapırsınız?

- Afrikada əksər ölkələr İngiltərənin müstəmləkəsi olub. Bu səbəbdən də demək olar ki, hamı ingiliscə bilir. Bəzi ölkələrində (Botsvana, Qambiya, Nigeriya, Kamerun, Keniya, CAR, Uqanda və s.) ingilis dili rəsmi dillərdəndir. Ona görə də dil tapmaq çətin olmur. Həm də mən səfər boyunca insanlardan çox heyvanları görürəm. Onlar üçün də hansı dildə danışmağım önəmli deyil.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/802443.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR