Taksi xidmətləri üzrə innovativ həllər özünü nə qədər doğrultdu?

Taksi xidmətləri üzrə innovativ həllər özünü nə qədər doğrultdu?
23:52 19 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Taksi xidməti üzrə proqram tətbiqinin yaradılması bu sahədə yeni standartlar müəyyənləşdirdi: əvvəllər kiçik və orta sahibkarlıq subyekti hesab olunan bu nəqliyyat xidməti üzrə şirkətlər dünya bazarlarına daxil olmaqla qlobal xarakter daşımağa başladı. Taksi xidməti göstərən əksər sürücülər isə daha aşağı qiymətə daha çox sərnişinə xidmət göstərməklə bu innovativ tətbiqin əsas qüvvəsinə çevrildilər. Doğrudur, zaman-zaman sürücülər sərnişindaşıma qiymətlərinin aşağı olmasından narazılıqlarını da dilə gətirirlər. Ancaq hazırda yeni reallıq bazar iqtisadiyyatında öz şərtlərini diqtə edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, yüksək texnologiyaların inkişafı sayəsində sərnişinlərin onlayn və oflayn sifarişləri üzrə konkret ünvandan-ünvana nəqliyyat xidmətinin göstərilməsi bu sahənin əhatə dairəsini xeyli genişləndirdi.

Həmin Taksi xidmətlərindən biri də dünya bazarında özünə xüsusi yer alan "Uber" şirkətidir. Lakin son dövrlər ayrı-ayrı dövlətlərin tətbiq etdiyi bir sıra məhdudiyyətlər qlobal şirkətlərin, o cümlədən "Uber"in yerli, lokal şirkətlərlə rəqabətinə mənfi təsir etdi.

Buna baxmayaraq, "Uber" səhmdarları təmkinlə yatırdıqları investisiyalardan gəlir gözləyirlər. Hərçənd şirkətin son hesabatına əsasən gözləmə müddəti bir qədər də uzana bilər.

"İstifadəçiləri bilavasitə xidmət təminatçılarına bağlayan texnologiya vaxtilə şirkətə böyük üstünlük verirdi", - deyə "Nəzarətsiz səyahətə: "Uber"in dünya hökmranlığı axtarışına daxildən baxış" ("Wild Ride: Inside Uber's Quest for World Domination") kitabının müəllifi Adam Leşinski bildirib.

BBC-yə danışan A.Leşinski hesab edir ki, artıq belə bir üstünlük mövcud deyil: "Vaxt keçdikcə bu texnologiya - "Uber"in üstünlüyünü zəiflədən taksi şirkətləri də daxil olmaqla hamı üçün əlçatan oldu".

O bildirib ki, hazırda "Uber"in gücü, bəlkə də, miqyası və istifadəsinin asan olmasındadır: "Lakin burada zəif bir cəhət də var: "Uber" və onun "Lyft" kimi rəqiblərinin böyüməsinə zəmin yaradan formula, ucuz tariflərin subsidiyalarla təmin olunmasına əsaslanır".

A.Leşinski hesab edir ki, bu qəbildən olan şirkətlərin davamlı fəaliyyəti üçün belə iş qaydalarına son qoyulmalıdır: "Lakin bu, qiymət artımına və ola bilsin ki, müştəri bazasına da mənfi təsir göstərə bilər".

"Uber" ödənişlər və sürücülərin əmək hüquqları ilə bağlı sorğu-sualla da üzləşir.

Şirkət əmək məsrəflərini artırarsa, bu, onun qazanc əhatəsini də daraltmış olacaq.

"Maryland" Universitetinin İqtisadiyyat və beynəlxalq biznes üzrə eksperti, professor Peter Morici hesab edir ki, bu, "Uber"in rəqibləri üçün geniş fürsətlər yaradır: "Həmişə elə birisi tapılacaq ki, həm sürücü, həm də istehlakçılar üçün daha əlverişli təklif irəli sürsün, bu da ümumi bazar payına öz təsirini göstərəcək".

"Uber"in Avropada əsas rəqiblərindən biri "Via" şirkətidir.

Nəqliyyat əməliyyatları bir kənara qoyulsa, "Uber"in başağrısının daha bir mənbəyi, onun itki ilə işləyən 4 bölməsidir. Onlardan biri şirkət daxilində ikinci ən böyük bölmə olan "Uber Eats"dir.

Şirkətin gəlirinin 17%-i qidaçatdırma xidmətinin payına düşür və üçüncü rübdə onun həcmi 64% artıb.

"Uber"in baş direktoru Dara Xosrovşahi üçüncü rüb üzrə şirkətin əldə etdiyi nəticələr barədə məlumat verib: "Mənfəətlə bağlı gözləntilərin olduğunu bilirik. İnanırıq ki, 2021-ci ilədək gözləntilər özünü doğruldacaq".

Bu, bəzilərində təəccüb doğura bilər. Lakin gələcək rəqabət qabiliyyətinə nail olmaq naminə iri investisiyalar yatıran başqa şirkətlər də olub. Ən parlaq nümunə kimi "Amazon" şirkəti göstərilə bilər. Bu şirkət 1994-cü ildə qurulsa da, 2001-ci ilə qədər gəlir əldə etməmişdi.

"Amazon"un itkiləri əsasən, tədarük-təchizat anbarları və biznesin təməlini təşkil edən infrastruktur yatırımları ilə əlaqədar olub. Ancaq "Uber"ə gəlincə, ekspertlər məsrəflərin sadiq müştəri və gəlir üçün dayanıqlı model yaratdığını sual altına alırlar. Həm Morici, həm də Leşinskinin proqnozuna görə, gələcəkdə nəqliyyat bazarına daha çox şirkət girəcək və onların hamısı eyni məhsulu təklif edəcəklər.

"Bunun nə vaxt və ya hansı şəkildə baş verəcəyini bilmirəm, amma gələcəyin belə olacağına əminəm", - deyə Leşinski əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/811109.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR