Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (ARDDA) ilə Polşa Respublikasının İnfrastruktur və İnkişaf Nazirliyi arasında dəniz nəqliyyatına dair saziş imzalanıb.
ARDDA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Administrasiyanın rəisi Qüdrət Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Polşa Respublikasının Varşava şəhərində səfərdə olub.
Səfər çərçivəsində mayın 20-də “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikası tərəfdən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Polşa Respublikası tərəfdən İnfrastruktur və inkişaf nazirinin müavini Dorota Piç imzalayıblar.
Sazişin əsas məqsədi Azərbaycan Respublikasının ticarət gəmiçiliyi və dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən müəssisə və təşkilatları ilə Polşa Respublikasının müvafiq müəssisə və təşkilatları arasında əlaqələrin və əməkdaşlığın inkişafına stimul vermək, bu inkişafı sürətləndirmək, tərəflərin limanları arasında dənizlə yüklərin daşınmasının inkişafına mane ola biləcək amillərin aradan qaldırılması üzrə əməkdaşlığı təmin etməkdir.
Sazişdə iki tərəf arasındakı münasibətlərdə ayrı-seçkiliyə yol verilməməsi və azad rəqabət, dəniz nəqliyyatının inkişaf etdirilməsi, limanlarda, daxili sularda və ərazi dənizlərində gəmilər üçün yaradılan şərait, dəniz nəqliyyatının asanlaşdırılması, gəmi sənədlərinin qarşılıqlı tanınması, cinayət baş verdiyi zaman tətbiq olunan prosedurlar, dənizdə baş verən hadisələr, texniki əməkdaşlıq, beynəlxalq öhdəliklər, mübahisələrin həlli barədə müddəalar yer da alıb. Həmçinin, Sazişdə limanlara sərbəst giriş-çıxış, lövbərə durma yerinin təyin edilməsi, liman vasitələrindən maneəsiz istifadə, yük əməliyyatları, sərnişinlərin mindirilməsi və düşürülməsi, naviqasiya üzrə xidmətlərin istifadəsi və digər adi kommersiya əməliyyatlarının icrası ilə bağlı hər bir tərəfin öz gəmilərinə yaratdığı imkanları digər tərəfin gəmilərinə də yaratması barədə müddəalar əks olunub ki, bu da Azərbaycan bayrağı altında üzən gəmilərin Polşaya, Polşa bayrağı altında üzən gəmilərin isə Azərbaycana yük və sərnişin daşınması prosesinə daha intensiv cəlb olunmasına öz töhfəsini verəcək.
Eyni zamanda, görüşdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı perspektivləri barədə söhbət aparılıb, qeyd olunan sahədə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb.