Əsədin türk əsgərlərinə hücumunun sirri: İranın dəstəyi ilə... - Politoloq ŞOK DETALLARI AÇDI

Əsədin türk əsgərlərinə hücumunun sirri: İranın dəstəyi ilə... - Politoloq ŞOK DETALLARI AÇDI
15:18 13 Fevral 2020
75 Digər
Ölkə mətbuatı
A- A+

Suriya rejimi qüvvələrinin İdlibə hücumları davam edir.

Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Vüqar Zifəroğlu mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandırıb.

- Hazırda İdlibdə hadisələr hansı istiqamətdə cərəyan edir?

- Suriyada münaqişə alovlandığı zamandan başlayaraq İdlib əsas hədəf məntəqələrindən biri olub. Təsadüfi deyil ki, hətta İŞİD ilə mübarizə getdiyi zaman belə, İdlib uğrunda çox ciddi savaşlar gedirdi. Ciddi-strateji əhəmiyyətə malik şəhərə nəzarət etmək faktiki olaraq Suriyanın həm şimal, həm də mərkəz əyalətlərinə girişi əldə etmək deməkdir. Bu mənada İdlib uğrunda hazırda ciddi rəqabətin, toqquşmaların getməsi əslində bundan əvvəlki proseslərin davamı kimi qiymətləndirilməlidir. Türkiyə apardığı hərbi əməliyyatlar zamanı da dəfələrlə şəhərin kifayət qədər strateji əhəmiyyətə malik olduğunu söyləyib. Eyni zamanda, Əsəd rejimi hər zaman İdlibə nəzarəti ələ keçirməyə çalışıb. İdlib və İdlibətrafı bir sıra strateji məntəqələr İŞİD-dən təmizləndikdən sonra kürd qruplaşmalarının əlində idi. ABŞ həmin qruplaşmalar vasitəsilə bu əraziləri nəzarəti altına götürmək istəyirdi. İndi də İdlibə nəzarət uğrunda mübarizənin yeni mərhələsi başlayıb.

- Əsəd rejiminin türk ordusuna hücumunda təsiredici qüvvələr varmı?

- Faktiki olaraq təhlillər onu göstərir ki, Əsəd rejiminin təkbaşına belə bir əməliyyat planlaşdırması və həyata keçirməsi inanılmazdır. Yəni şübhəsiz ki, Əsədə hansısa dəstək mövcuddur. Ancaq bu dəstəyin haradan gəlməsi bir qədər müzakirə predmetinə çevrilməli olan bir məsələdir. Yerli mediada bununla bağlı Rusiyanın adı çox tez-tez hallandı. Rusiyanın hazırki dönəmdə Türkiyəyə qarşı aparıla biləcək hər hansı əməliyyata birbaşa dəstək verməsi inandırıcı deyil. Çünki hazırki məqamda bu, Rusiyanın maraqlarına da cavab vermir. Yəni faktiki olaraq Astana formatı Türkiyə-Rusiya-İran arasında Rusiyanın birbaşa təşəbbüsü və hətta mən deyərdim ki, liderliyi ilə yaranmış danışıqlardır. Yəni sözügedən format öz müsbət nəticələrini ortaya qoya bildi. Bu proseslər başlayana qədər Suriyada nisbi sakitlik hökm sürürdü və tərəflərin hər biri öz cizgilərini müəyyənləşdirmişdi. Türkiyənin Rusiya ilə bağlı razılığı var idi. İran da müəyyən razılıqlara əməl etmək məcburiyyətində qalmışdı. Əsəd isə müəyyən etirazlar etsə də, əməli addımlara keçmirdi. Amma yanvarın əvvəlində Qasım Süleymaninin öldürülməsindən sonra Yaxın Şərq tamamilə yeni bir dönəmə qədəm qoydu. Bu səbəbdən məhz indiki məqamda, cərəyan edən proseslər fonunda Əsəd rejiminə bağlı qüvvələrin hərəkətə keçməsi təsadüfi olan bir şey deyil. Burada da Rusiya faktorundan daha çox İran faktorunun qabardılmasının tərəfindəyəm. Çünki Əsədə yaxın olan qruplaşmalara daha çox nəzarət imkanına malik olan ölkə məhz İrandır və bunu heç vaxt gözardı etmək olmaz. Əvvəla türk əsgərləri şəhid olduqdan sonra Əsədə ilk dəstək bəyanatı da İrandan gəldi. İkincisi, bundan 1 gün sonra kəşfiyyat səfərinə çıxan bir qrup rus hərbçisi öldürüldü. Halbuki həmin ərazilərə də Əsəd rejiminin qüvvələri nəzarət edirlər. Yəni belə nəticə çıxarmaq olar ki, burada artıq Əsədin özünün ətrafında mövcud status-kvonunun saxlanılmasında maraqlı olmayan və münasibətlərin gərginləşməsində maraqlı olan ciddi qüvvələr var. Həmin qüvvələr hərəkətə keçiblər və onların da dəstəyi böyük ehtimal ki, İrandan gəlir.

- Bölgədəki vəziyyət müharibəyə səbəb ola bilərmi?

- Hazırda müəyyən zərbələr endirilsə də, danışıqlar üçün qapı aralıdır. Vasitəçilik missiyasını öz üzərinə götürmək istəyən tərəflər də var. İlk növbədə Rusiya. Hazırki vəziyyətin aradan qaldırılması üçün faktiki olaraq rəsmi Moskva müəyyən addımlar atmaq məcburiyyətindədir. Çünki Rusiya konfliktin daha ciddi, böhran səviyyəyə çatmasında maraqlı deyil. Bu mənada hesab edirəm ki, növbəti mərhələlərdə maksimum dərəcədə Əsəd rejiminə təsir vasitələrindən istifadə edərək onun danışıqlar masasına əyləşməsinə səbəb ola biləcək. Əgər bu olmasa, təbii ki, ən çox uduzan tərəf Suriya olacaq.

- Suriya rejimi qüvvələrinin İdlibə hücumları Türkiyə-Rusiya və Türkiyə-İran münasibətlərinə necə təsir göstərir?

- Artıq olanlar Türkiyə-İran münasibətlərinə təsir göstərib. Mövcud açıqlamalardan da göründüyü kimi, Türkiyə İranın Əsədə dəstək nümayiş etdirməsini qınadı. İran öz mövqeyini bir qədər daha yumşaq formada təqdim etmək məcburiyyətində qaldı. Eyni zamanda qeyd etdi ki, Suriya ilə Türkiyənin danışıqlar masasına oturmasında maraqlıdır və vasitəçilik edə bilər. Ancaq unutmaq olmaz ki, Türkiyə, Rusiya və İranın Yaxın Şərqlə bağlı orta və uzaq geosiyasi hədəfləri tamamən bir-birindən fərqlənən hədəflərdir.

- Amerika artıq Əsəd mövqelərini bombalayır, sizcə, ABŞ bununla hansı mesajı göndərmək istəyir?

- Amerik Birləşmiş Ştatları maksimum dərəcədə yaranmış vəziyyətdən istifadə edərək Suriyada itirilmiş mövqelərini geri qaytarmaq istəyir. Yəni ABŞ bununla göstərmək istəyir ki, Suriyadakı maraqlarından imtina etmək fikrində deyil. Düşünmürəm ki, hər hansı şəkildə geri addım atılsın. Amma istənilən halda hər şey aparılan danışıqların nəticəsindən asılı olacaq.

- Əsəd rejimi qüvvələrinin İdlibə hücumları nə ilə nəticələnəcək?

- Hadisələrin uzun müddət davam edəcəyinə inanmıram. Çünki Suriyanın Türkiyədə uzunmüddətli hərbi münaqişəyə getmək potensialı yoxdur. Yəni mövcud Suriya iqtidarı o gücdə, o vəziyyətdə deyil ki, Türkiyəni hərbi münaqişəyə çəksin. Əsəd rejimi müəyyən dəstək əldə etməklə dividendlər qazanmağa çalışır. Amma bu dividendləri əldə edə biləcəkmi? Bunun özü də kifayət qədər şübhəli məqamdır. Qeyd etdiyim kimi, hər şey aparılacaq danışıqların nəticəsindən asılıdır.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/304777.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR