Tacikistanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)

Tacikistanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib (FOTO)
16:53 17 Yanvar 2015
132 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfirliyin foyesində 20 yanvar hadisələrini əks etdirən şəkillərdən ibarət fotostend qurulub, Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış press-relizlər paylanılıb.

Tədbirdə Tacikistanın Ali Məclisinin deputatları, dövlət, hökumət və nazirliklərinin nümayəndələri, həmçinin elm, mədəniyyət xadimləri və ali təhsil müəssisələrinin rəhbərləri, bununla yanaşı, Tacikistanda akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, yerli diaspor və KİV nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində 20 yanvar hadisələri ilə bağlı “Lider” TV-nin hazırladığı sənədli film nümayiş etdirilib.

20 yanvar hadisələrində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Abbasəli Həsənov tədbirə qatıldıqlarına görə iştirakçılara təşəkkürünü bildirib, 20 yanvar hadisələrinin təfərrüatları barədə toplantı iştirakçılarına ətraflı məlumat verib: “Dinc əhaliyə qarşı törədilmiş bu qanlı aksiyada məqsəd M.Qorbaçov və onun ətrafında olan ermənipərəst qüvvələr tərəfindən Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana verilməsi olub. Artıq açılmış arxivlər göstərir ki, M.Qorbaçov qızıla və pula satılmış bir şəxsiyyət idi. Sonra baş verən hadisələr bir daha sübut etdi ki, bu, qabaqcadan düşünülmüş bir məkrli plan idi. Azərbaycan torpaqları tarixən dəfələrlə hissə-hissə Ermənistana verilib”.

Səfir bildirib ki, respublikamıza qarşı törədilmiş bu cinayət, azadlığa, müstəqilliyə can atan, öz torpaqlarının erməni qəsbkarlarından müdafiəsinə qalxmış Azərbaycanın və onun məğrur xalqının inamını qırmağa, öz torpaqlarının müdafiəsinə mane olmağa, bununla da Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsinə şərait yaratmağa yönəlmişdi: “Hər bir xalq üçün müstəqillikdən uca heç bir şey ola bilməz. Müstəqilliyi qorumaq üçün güclü dövlət qurmaq lazımdır. Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın müstəqilliyini qorumaq, güclü dövlət qurmaq üçün lazımi tədbirlər gördü və onun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən dövlətimizin daha da güclənməsi istiqamətində böyük işlər görülməkdə davam edir. Ona görə Azərbaycan xalqı əmindir ki, müstəqilliyimiz, Heydər Əliyevin təbirincə desək, “dönməzdir və əbədidir”. Ağır günlərə baxmayaraq Azərbaycan bu gün sürətlə inkişaf edir, öz iqtisadi göstəricilərinə görə regionun lider dövlətinə çevrilib. Hərbi gücümüz ildən-ilə artır. Bu onu deməyə imkan verir ki, Azərbaycan hansı yolla olur-olsun, öz işğal olunmuş torpaqlarını geri qaytaracaq”.

Uzun müddət Tacikistanda yaşayan iş adamı Z.Alıgülov çıxış edərək 20 yanvar hadisələri barədə öz fikirlərini söyləyib, 20 yanvarda Sovet hökumətinin öz xalqına qarşı terror aktı həyata keçirdiyini bildirib: “Təəssüf ki, bu qanlı hadisələrin günahkarları müyyən edilməyib. Mən bir Azərbaycan vətəndaşı kimi həmin günhakarların cinayətə cəlb olunmasını istəyirəm”.

Daha sonra Tacikistanda çalışan, hadisələrin şahidi olmuş Azərbaycan vətəndaşı Ə.İsmayılov o zaman 16 yaşının olmasına baxmayaraq, sanitar kimi işlədiyini və hadisə qurbanlarına yardım göstərdiyi barədə danışıb: “16 yaşlı bir gənc üçün dəhşətli hadisələrin şahidi olmaq və günahsız insan qanı görmək heç vaxt unudula bilməyəcək təəssüratlardır”.

Qeyd edək ki, tədbir barədə Tacikistanın “Cahonnome” televiziya kanalı tərəfindən reportaj hazırlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR