Ərdoğandan TARİXİ HƏMLƏ: Türk lider müsəlman ölkəsinin tarixini necə dəyişdi

Ərdoğandan TARİXİ HƏMLƏ: Türk lider müsəlman ölkəsinin tarixini necə dəyişdi
22:18 7 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Liviyada general Xəlifə Haftarın nəzarətindəki qüvvələr Tripolidə sabitliyi pozmaq üçün həmlələri intensivləşdirib. Son bir həftə ərzində Tripoliyə 3 dəfə raket hücumu həyata keçirilib. Bildirilir ki, bu həmlələr paytaxtda sabitliyin pozulmasına ciddi təhlükə törətməsə də, tələfatla nəticələnə bilir. Məlumata görə, general pandemiya böhranından istifadə edərək, yeni ərazilər ələ keçirməyə cəhd edir. Düz bir il əvvəl yəni ötən ilin aprel ayında da Xəlifə Haftar sürətli hücumla paytaxt Tripoli və ətraf şəhərlərin ələ keçirilməsi üçün əmr versə də, məqsədinə nail ola bilmədi.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Tripoli yaxınlığında yerləşən Misrata şəhərindəki türk əsilli silahlılar Xəlifə Haftar qüvvələrinin qarşısını aldı. Üstəlik, digər qruplaşmaların birləşərək Haftara qarşı birgə mübarizə aparması generalın bütün planlarını alt-üst etdi. BMT-nin tanıdığı Milli Birlik Hökumətinin dinc sakinlər tərəfindən dəstək alması da generalın planlarına zərbə vuran digər amildir. Bu ilin əvvəllərindən başlayaraq, bəzi ərəb və qərb ölkələrinin, Çad və Sudandan gələn muzdluların Xəlifə Haftara dəstək olması generalın növbəti dəfə Tripoli istiqamətində əməliyyatları intensivləşdirməsinə imkan yaratdı. Haftar qüvvələri Tripolini təyyarələrlə bombalamağa başladı. Lakin bu dəfə Türkiyə hökumətinin BMT-nin tanıdığı Milli Birlik hökumətinə dəstəyi vəziyyəti dəyişdi. Türk pilotsuz aparatlarının Liviya səmalarında uçması generalın təyyarələrinin sərbəst şəkildə əməliyyatlar keçirməsinə imkan vermir. Türkiyəli hərbi mütəxəssislərin Milli Birlik Hökumətinə məxsus orduya dəstəyindən sonra ağır zərbələr alan üsyançılar, Tripolinin cənubunda strateji cəbhələri əldə verib. Üstəlik Türkiyəyə məxsus hərbi gəmi Liviya sahillərində mövqe tutaraq, ehtiyac olanda müdaxilə edir.

Analitiklərin fikrincə, dövlətlərin Liviya uğrunda mübarizə aparmasının bir sıra səbəbləri var. Liviyada 65 milyard barel neft ehtiyatlarının olduğu bildirilir. Bu da neft bazarına təsir etmək üçün kifayət edir. Həmçinin, Liviyanın Türkiyəyə qarşı olan qüvvələrin nəzarətinə keçməsi, Ankaranı ciddi iqtisadi təzyiq altında saxlamağa imkan verəcək. Çünki, Türkiyənin Aralıq dənizi vasitəsiylə həyata keçirəcəyi böyük planları var. Aralıq dənizində enerji mənbələri gələcək üçün olduqca önəmlidir. Analitiklər hesab edir ki, Ankaranın Aralıq dənizində nəzarəti itirməsi, Yunanıstanın mövqeyinin güclənməsinə səbəb olacaq. Bundan əlavə, Aralıq dənizi Afrikaya açılan qapı, Yaxın şərqə gedən yol hesab edilir. Bütün bu və digər səbəbləri nəzərə alan Türkiyə hökuməti beynəlxalq hüquq normalarına uyğun olaraq, Liviyaya vaxtında müdaxilə etməklə “gizli qüvvələr”in planlarını alt-üst etdi.

Mütəxəssislər bildirir ki, "gizli qüvvələr" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu həmləsini gözləmirdi. Türkiyə həmişə olduğu kimi yenə də şiddətə, zülmə və haqsızlığa qarşı çıxaraq Liviya tarixində önəmli səhifə açdı. 100 il əvvəl Mustafa Kamal Atatürkün etdiyi kimi...

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/tehlil/310065.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR