"Koronavirus pandemiyası sabit və dayanıqlı iqtisadiyyatı olan dövlətin qarşısında əlacsız qalır"

"Koronavirus pandemiyası sabit və dayanıqlı iqtisadiyyatı olan dövlətin qarşısında əlacsız qalır"
20:17 15 Aprel 2020
178 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirə cari ildə əldə olunan iqtisadi, sosial, siyasi uğurların, bütün istiqamətlər üzrə vəzifələrin, gələcəkdə həyata keçiriləcək proqramların, islahatların, eyni zamanda koronavirusla bağlı mövcud vəziyyətin hesabatı oldu.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Millət vəkili qeyd edib ki, ölkə həyatının bütün istiqamətlərinə diqqət çəkən dövlət Başçısının karonavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və pandemiyanın təsir göstərdiyi sahələrdə inkişaf dinamikasının qorunub saxlanılmasının vacibliyini xüsusi ilə vurğulaması, müəyyənləşdirdiyi hədəflər, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı mühüm ismarıcları bu gün pandemiya təşvişi ilə yaşayan hər kəsə böyük stimul oldu: "Dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır".

P.Kərimzadənin sözlərinə görə, Azərbaycan xalqı yaxşı bilir ki, hər zaman xoş gündə də, dar gündə də onların yanında olan dövlət rəhbərləri var: "Ölkəmizin daxili və xarici siyasətində əldə edilən uğurlar, iqtisadi tərəqqi, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş operativ tədbirlər, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılması deməyə əsas verir ki, belə çətin vaxtda da Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımız karonavirus bəlasının fəsadlarından az itki ilə çıxmağı bacaracaq. Pandemiya dövründə islahatlar prosesinin genişləndirilməsi, biznesin qorunması, kiçik və orta sahibkarlara maliyyə yardımının edilməsi, eyni zamanda iş yerlərinin saxlanılması üçün dövlətin dəstəyinin göstərilməsi, aztəminatlı ailələrin sosial müdafiəsi tədbirləri, mərhələli şəkildə imzalanan müvafiq fərman və sərəncamlar cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyətinin, maddi rifah halının, güzəranının yaxşılaşmasına xidmət edib.

Ölkəmizin iqtisadi qüdrəti, resursları əhalinin sağlamlığını etibarlı şəkildə qorumağa imkan verən genişmiqyaslı tədbirlər dünyada örnək ola biləcək və gözlənilməz hadisələr zamanı dövlətin, xalqın mənafeyi, milli maraqlar baxımından görüləcək tədbirlər üçün ən gözəl nümunə oldu. Bu qorxunc virus dünyanı ağuşuna almağa başladığı ilk gündən Azərbaycan dövləti koronavirusla mübarizədə profilaktik və preventiv xarakteri ilə seçildi, ən optimal və effektli tədbirlər görən ölkə kimi artıq dünyanın bir sıra ölkələri Azərbaycanın təcrübəsindən istifadə edir.

Koronavirus pandemiyasının tüğyan etdiyi çətin bir vaxtda Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına aid videokonfrans şəklində müşavirənin keçirilməsi, bütün istiqamətlər üzrə ölkədəki vəziyyətin hesabatı göstərdi ki, koronavirus pandemiyası sabit və dayanıqlı iqtisadiyyatı olan dövlətin qarşısında əlacsız qalır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/842407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR