Vyetnamın "Dan Tri" qəzetində ümummilli lider Heydər Əliyev haqqında

Vyetnamın böyük oxucu kütləsinə malik “Dan Tri” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında geniş məqalə dərc olunub.

Metbuat.az xəbər verir ki, məqalədə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə dolğun məlumat oxucuların diqqətinə çatdırılıb. Bildirilib ki, mayın 10-da Vyetnamın tarixi dostu Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd edilir.

Yazıda Ulu Öndərin Azərbaycana iki fərqli dövrdə - ölkəmizin Sovet İttifaqının tərkibində olduğu zaman və müstəqillik illərində uğurla rəhbərlik etdiyi xüsusi vurğulanıb. Sovet dövründə Heydər Əliyevin əsas etibarilə aqrar ölkə olan və neft hasil edən Azərbaycanı çox qısa bir müddətdə keçmiş Sovet İttifaqının ən sənayeləşmiş respublikalarından birinə çevirdiyi qeyd edilib.

Bildirilib ki, Heydər Əliyev müdrik siyasəti, sarsılmaz inamı və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını həyata keçirməyə, şah əsəri olan müasir Azərbaycan dövlətini qurmağa və xalqımızın müstəqillik arzularını gerçəkləşdirməyə müvəffəq olub.

Yazıda ümummilli lider Heydər Əliyevin unitar, qanuni, demokratik və dünyəvi Azərbaycan dövlətini cəsarətli qərarları ilə daha da möhkəmləndirməyə nail olduğu xüsusi vurğulanıb.

Dahi şəxsiyyətin Azərbaycan ilə Vyetnam arasında əlaqələrin qurulması və inkişafında müstəsna rol oynadığı, Ümummilli Liderimizin 1983-cü ildə bu ölkəyə səfərinin dövlətlərimiz arasında səmimi dostluq münasibətlərinin təməlini qoyduğu diqqətə çatdırılıb. Həmin səfərin o zaman Vyetnam müharibəsindən sonra bu ölkəyə ən yüksəksəviyyəli xarici səfər olduğu, keçmiş Sovet İttifaqının Vyetnama yardımlar barədə qərarların qəbul edilməsində Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR