''İnflyasiyanı sürətləndirən amillər deflyasiyaya gətirib çıxara bilər" -

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul etdi. Faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edildi.

Rəsmi statistikaya görə may ayında 0.5%-lik deflyasiya qeydə alınmış, illik inflyasiya 2.9% təşkil etmişdir.

Metbuat.az xəbər verir ki, may-iyun aylarında pandemiyanın Azərbaycanda daxili iqtisadiyyatına neqativ təsirləri olub. Mərkəzi Bank tərəfindən real sektor müəssisələrinin monitorinqi göstərir ki, qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə biznes inam indeksi may ayında neqativ zonada olmuşdur.

Mövzu ilə bağlı Metbuat.az-a özəl müsahibə verən Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, inflyasiya dövründə MB-ın atacağı ilk addım faiz dərəcələrini aşağı endirməsidir ki, buna da səbəb ölkədə pul əskinazlarının depozit şəklində banklarda saxlamaqdansa dövriyyəyə verilməsidir. Bundan qaynaqlanan ikinci addım sayılan maliyyə sabitliyini qorumaq və monetar genişlənmənin təmin edilməsi olur. Bu da iqtisadi canlanmanı artırır.

“Artıq əhalinin müəyyən hissəsi faiz dərəcələrinin aşağı olması baxımından pullarını bankda saxlamayacaqlar. Və həmçinin normalda inflyasiya dövründə istehlak bazarlarında keyfiyyətdən asılı olmayaraq qiymətlərin artması tələbi də aşağı salır. Ancaq burada bir iqtisadi nüansı da nəzərə almaq lazımdır. İnflyasiyanın olması səbəbi ilə istehlak qiymətlərinin artan xətt üzrə gedəcəyini düşünərək sakinlər, bəzən əllərindəki pulu istər ərzaq, qeyri-ərzaq, istərsə də xidmət sahələrində xərcləməyə üstünlük verə bilərlər ki, bu da inflyasyanı daha da sürətləndirməklə yanaşı, deflyasiyaya gətirib çıxarda bilir.”

Ekspert bildirdi ki, istehlakın kəskin artdığını görən istehsal və xidmət sahələri də öz istehsal və xidmətlərini qısa zaman kəsiyində nəzərə çarpacaq dərəcədə artıra bilərlər.

“Belə hallara qarşı, dövlətlər istehlak qiymətlərinin alıcılar üçün sabit saxlanılmasını təmin etmək üçün bəzi addımlar atırlar ki, bunlardan biri də ƏDV tətbiq edilən ölkələrdə bu verginin endirilməsidir. Artıq Azərbaycanda ƏDV-in qaytarılması prosesinə başlanılmışdır. Almaniyada da ƏDV-nin 19%-dən 16%-ə və gündəlik təlabat mallarına tətbiq olunan ƏDV-i isə 7%-dən 5%-ə endirilməsi iyul aynın 1-dən başlanacaq. Ancaq bəzi market şəbəkələri müştəriləri üçün artıq qiymətlərdə endirimə start veriblər.”

Murad Calalov bildirdi ki, dünyanın hər yerində karantin rejiminə görə ölkələrin kilidlənmə vəziyyətində olması, şirkətlərin özlərinin istehsal gücünü kasadlaşdırması bir çox ölkələrdə xarici ticarətin kəmiyyətinə mənfi təsir göstərə, bununla xarici valyuta qıtlığı yarada bilər.

“İdxalın da aşağı düşməsini nəzərə alsaq hardasa balans yaranmış ola bilər. Amma bir ölkədə idxal ixracdan çox olursa deməli o ölkədə xarici ticarət kəsiri var. Və belə mənfi təsirlərin də qarşısını almaq üçün, MB-lar təsbit edilmiş məzənnə rejimi olan ölkələrdə devalvasiyaya getmək yolunu seçirlər. Yəni, milli pulun dəyərini xarici valyuta qarşısıında azaldırlar.

Dünya üzrə iqtisadi tarixə nəzər salsaq, görərik ki, hər 7-10 ildən bir iqtisadi stabillikdə qırılmalar olur. Belə vəziyyətlərdən də az itki ilə çıxmaq üçün daha diqqətli və məqsədyönlü olmaq lazımdır. Mənim fikrimə görə, MB-ın monetar siyasətdə nəzarəti gücləndirməsi və bununla yanaşı insanların da düzgün şəkildə investitsiyalar etməsi lazımdır. Vətəndaşlar əllərində olan pul vəsaitlərini ərzaq, qeyri-ərzaq və xidmət sahələrində tükətməkdənsə sahibkarlıq, şəxsi biznesləri haqqında düşünə bilərlər.

Bu mövqeyi nəzərdən MB-ın da fiskal və monetar stimul tədbirlərinin reallaşdırması kimi tikinti sahəsi, sahibkarlıq, şəxsi bizneslər üçün insanlarda maraq kəsb edən addımlar atılmasında yerli kommersiya banklarına da göstərişlər verməsi daha da məqsədə uyğun olar deyə düşünürəm. Çünki belə olduğu halda yenə də dövriyyədə pul vəsaiti olur. Amma gəlir gətirməyən sahələrə deyil, əksinə pul xərcləyib və qazanc götürəcəkləri sahələrə yönəlir. Bununla da iqtisadi canlanma baş verir ki, bu da bir başa infilyasiyanın ölkə daxilində zəyif hiss olunmasını təmin edə, infilyasinın ömrünü qısalda və başqa digər yuxarıda sadaladığım neqativ təsirlərin yaranmasının qarşısını ala bilər.’’

Murad Calalov bildirdi ki, Azərbaycanda ərzaq inflyasiyasının azalması kənd təsərrüfatı məhsullarının mövsümi ucuzlaşması fonunda bölgələrdən şəhərlərə kənd təsərrüfatı mallarının gətirilməsinin təmin edilməsi müəyyən dövr ərzində həm qiymətlərdə sabitliyi təmin edər, həm də pul dövriyyəsini qismən artırmış olar.

Bəs Avropa iqtisadi zonasında vəziyyət necədir? COVID-19 pandemiyası 2020-ci ilin əvvəlindən yayıldığından qlobal iqtisadi fəaliyyətə bu günə kimi necə təsir göstərib?

“Avropada da artıq inflyasiyanın izlərini görürük. Amma dünyada neft-qaz ölkəsi kimi tanınan Azərbaycandan fərqli olaraq, Norveçi, həmçinin Danimarkanı çıxmaq şərti ilə Avropa neft idxal edən bölgə olduğundan, neft qiymətlərinin düşməsi bu bölgədə inflyasiyanın sürətini müəyyən müddətə ləngitmiş oldu. Bu da Avropa iqtisadiyyatı üçün müsbət haldır. Neftin qiymətindəki son düşmə, Avropa Mərkəzi Bankı üçün inflyasiyanın və qiymət sabitliyinin göstəricisi hesab edilen İstehlak Qiymətlərinin Uyğunlaşdırılmış İndeksi inflyasiyani gələn rüblər üçün 0 səviyyəsinə qədər kəskin enməsini nəzərdə tutur.

Neftin qiymətindəki ucuzlaşma həmçinin ümumi daxili məhsulun artımına da müsbət təsir göstərdi. Amma bu keçici bir haldır. Çünki pandemiyanın qeyri müəyyən müddətə kimi uzun sürməsi, böhranın da davam edəcəyinə bir eyham vurursa neftin qiymətinin müəyyən zaman kəsiyində aşağı düşməsi infilyasiyanın qarşısını almasında effektiv təsiri gözlənilmir. ”

İqtisadçı ekspert bildirdi ki, AMB-nın iyun ayı üçün son göstəricilərini nəzərə alaraq mart ayının ortalarında bir çox avro bölgəsi ölkələrində həyata keçirilən “lockdown” kimi yadda qalan ölkələrin sərt kilidləmə tədbirləri səbəbindən Avro Bölgəsində real ÜDM-un 2020-ci ilin ilk rübündə rekord səviyyədə 3.8% azalması qeydə alınıb.

“Baxmayaraq ki, əksər ölkələr sərt kilidləmələri yumşaltmağa başladılar, üçüncü rübdə ÜDM-un daha 13% azalması gözlənilir. Bundan sonra baş verənlər hələ ki, qeyri-müəyyən olaraq qalmaqdadır.

Artan qeyri-müəyyənlik və geriləyən əmək bazarı şəraitinin ev təsərrüfatlarının və firmaların xərclərini daha da azaltmasına səbəb olacağı gözlənilir. Pul, maliyyə və əmək bazarı siyasətinin əsaslı dəstəyi gəlirləri qorumağa və böhranının geridə qalmasına kömək etməlidir. Bu cür siyasətlərin də maliyyə kanalları vasitəsilə mənfi amplifikasiyanın qarşısını almaqda uğurlu olacağı güman edilir. Bu gözlentilere görə, avro bölgəsindəki real ÜDM-un 2020-ci il üçün 8.7% səviyyəsinde və 2021-ci ildə 5.2% və 2022-ci ildə 3.3% azalması proqnozlaşdırılır. ”

Dezinflyasiya təsirlərinin əmtəə və xidmət qiymətləri arasında geniş olması gözlənilir, buna səbəb tələbin zəif olacağı göstərilir.

“Bununla birlikdə, bu təsirlərin təklif tərəfindəki fasilələr və çatışmazlıqlar ilə əlaqədar maya dəyəri və qiymət təzyiqləri ilə qismən əvəzlənəcəyi gözlənilir. Orta müddət ərzində neftin qiymətinin artacağı və tələbin bərpa ediləcəyi güman edildiyi üçün inflyasiyanın artacağı gözlənilir. Ümumilikdə, AMB inflyasiyasını 2019-cu ildəki 1.2% -dən 2020-ci ildə 0.3% -ə enəcəyini və müvafiq olaraq 2021 və 2022-ci ildə 0.8% və 1.3% -ə yüksələcəyini təxmin edilir.”

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR