Pandemiya Avropa iqtisadiyyatına necə təsir etdi? -

Bu gün bəşəriyyəti çətin sınaq qarşısında qoyan qlobal pandemiya insan sağlığı ilə yanaşı, dövlətlərin iqtisadiyyatına da ciddi mənfi təsirini göstərməkdədir. Yalnız Antarktidada rast gəlinməyən koronavirusun dünya iqtisadiyyatına vurduğu ziyanın məbləği yüz milyardlarla dolları ötür. Koronavirus alovunun mənfi nəticələrini iqtisadiyyat artıq hiss edir.Belə ki, işsiz əhalinin maddi durumunun yaxşılaşdırılması, aztəminatlı ailələrə yardımların edilməsi, sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərilməsi dövlətin iqtisadi imkanlarını xeyli məhdudlaşdırır. Məhz buna görə də bəzi ekspertlər 2020-ci ilin iqtisadiyyat üçün "itirilmiş il” kimi tarixə düşəcəyini qeyd edirlər.

Metbuat.az-a özəl müsahibə verən Almaniya Comdirect Bankının baş ofisində Maliyyə və İnvestor Əlaqələrinə Nəzarət şöbəsində çalışan iqtisadçı-ekspert Murad Calalov bildirdi ki, Avropada COVİD-19 pandemiyasının iqtisadi təsirləri baxımından şirkətlər işçilərini müvəqqəti məzuniyyətə buraxıb, maaşlarının müəyyən bir hissəsini ödəsələr də, bir çox şirkətlər isə artıq digər ölkə və bölgələrdə olan filiallarını bağlamaqla müəyyən sayda işçi qüvvəsini ixtisara salmaq məcburiyyətində qaldı.

"Avropada işsizlik, hava şirkətləri və avtomobil sektorunda baş verən ən böyük iş yerlərinin azaldılmasına səbəb olan koronavirus pandemiyası səbəbindən artdı. Avropa İttifaqının iyun ayında açıqladığı statistikaya görə, aprel ayında Avropa Birliyində təqribən 400 minə yaxın insan iş yerini itirdi. AB-nin işsizlik nisbəti 6,4% -dan 6.6% -a yüksəldi ki, bu da bir neçə ilin ən böyük yüksəlişidir.''

Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən artıq pandemiya başlayandan 83 milyard ABŞ dolları həcmində vəsait inkişafda olan ölkələrin bazarlarından geri çəkilib.Həmçinin, BVF ona 80 ölkə tərəfindən borc yardımı üçün sorğu verildiyini təsdiqləyir və özünün 1 trilyon ABŞ dolları həcmində kredit vermə qabiliyyətini tamamilə bu istiqamətə xərcləməyə hazır olduğunu qeyd edib. Türkiyə və Rusiya istisna olmaqla isə Avropa İttifaqının üzvü olmayan 9 Mərkəzi və Şərqi Avropa dövlətlərinin artıq əksəriyyəti maliyyə yardımının ayrılması üçün bu quruma müraciət edib.

Ekspert Murad Calalov bildirdi ki, İngilis neft nəhəngi “BP”, iyunun 8-də qlobal tələbatı və öz növbəsində qiymətləri aşağı salan koronavirus böhranı səbəbindən 10 min iş yerini ixtisar etməyi planlaşdırdığını açıqlayıb.


''İngiltərənin digər ən böyük şirkəti “British Airways” 12 minə qədər iş yerini kəsir etdi. İrlandiyanın “Ryanair” hava yolu şirkəti təxminən 3,000, Fransanın “Renault” və “Airbus” şirkətləri hər biri 15,000, “Air France” şirkəti isə 7,500 iş yerini xitisar edəcəyini açıqlayıb. Almaniyanın İngilis-Alman səyahət firması “Tui”, dünyada 8000 iş yerini “Lufthansa” isə 22,000 iş yerini ixtisar edəcəyini açıqladı.Yapon avtomobil istehsalçısı “Nissan”, təxminən 2800 nəfərin çalışdığı İspaniyanın Barselona şəhərindəki fabrikini bağlayacağını elan etdi.

Amerikada pandemiya dalğasından ən çox zərər görən sahələr isə iaşə obyektləri, alış-veriş və pərakəndə satış mərkəzləri oldu. Hesabatda göstərilir ki, koronavirus pandemiyası üzündən bağlanan 175,000 müəssisədən yalnız 20%-i yenidən açılıb 140 minə yaxın müəssisə isə bağlanıb artıq. Dünya üzrə sırf olaraq 2,2 mln iyaşə obyekti bağlanıb.''

Murad Calalov qeyd etdi ki, dünyada pandemiya dövründə ən böyük zərbə kiçik və öz növbəsində yeni açılan şirkətlərə dəyib. Bəs bunun əsas səbəbi nədir?


"Bunun ən əsas səbəbi şirkətlərin nə qədər dayanıqlığını təmin edən likvidlik səviyyəsinin az olması və bunun da qısa bir vaxta kifayət etməsidir. Bunun üçün bazara innovativlik və kreativliklə girən kiçik büdcəli şirkətlər üçün məsləhət bilərdim ki, onlar öz biznes planlarında 3 illik deyil, bir qədər də uzun müddət zaman çərçivəsini nəzərə alıb və likvidliklərini artırdıqdan sonra bazara girsinlər. Bundan sonra əsas atılan addım o olmalıdır ki, dövriyyədə olan pulu tez-tez öz şəxsi istəklərini qarşılamaq üçün çıxartmasınlar, müəyyən miqdarda bir büdcə yaratmış olsunlar. Üçüncü görüləcək tədbir isə gələn gəliri çalışdıqları eyni sahəyə yatırmasınlar. Digər tam fərqli sahələrə investisiyalar etsinlər və bununla da hətta öz holdinglərini yaratmış olacaqlar. Nəticədə gələcəkdə yaranacaq iqtisadi problem dalğaları bir sahəni vurarsa, digər sahələrin daimi işləməsi ilə az ziyanla vəziyyətdən çıxa bilərlər ki, bu da şirkətlərinin bağlanmasi ilə nəticələnməz.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR