Bakı, 27 may, Samirə Quliyeva, AZƏRTAC
British Council Azərbaycan Paşa Bank ilə əməkdaşlıq çərçivəsində jurnalistlər üçün müsabiqə elan edir.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, jurnalistlər aşağıda göstərilən mövzu ilə bağlı 500 sözdən artıq olmayaraq məqalə yazıb British Council-a təqdim etməlidirlər: Həyatda olan, yaxud dünyasını dəyişən və müsahibə almaq istədiyin bir britaniyalı qəhrəman haqqında məqalə yaz. Ona verəcəyin ilk suallar nə olardı?
Məqalə ingilis və ya Azərbaycan dilində yazılmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər məqalələrini iyunun 18-dək Konul.Ahmadova@britishcouncil.az ünvanına göndərə bilərlər. British Council və PAŞA Bank 5 məqalə seçərək facebook səhifəsində yerləşdirəcək və ən çox bəyənilən məqalə müəllifi layihə tərəfdaşlarından planşet qazanacaq. Plagiat məqalələr qəbul edilməyəcək.