Aprel ayında Köçəryan və Paşinyan arasında nə baş verəcək? -

''Ermənistanda baş verən siyasi proseslərin Azərbaycanla münasibətlərə təsiri qaçılmazdır''.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə edib. O deyir ki, hazırda Azərbaycan, Rusiya və Ermənistan birgə üç tərəfli komissiyası çalışır. Bu komissiyanın işi sərhədlərin müəyyənləşməsi və nəqliyyat-kommunikasiyaların açılmasına hesablanıb.

''Əgər, Ermənistanda çevriliş olarsa, R. Koçaryan hakimiyyəti zəbt edərsə, poroseslər 180 dərəcə dəyişə bilər. İlk növbədə Azərbaycana qarşı münasibətlər kəskinləşərək Qarabağa iddialar yenidən baş qaldıracaq. Təbii ki, Rusiyada Ermənistanda R. Koçaryanın hakimiyyətə gəlməsində maraqlıdır.

Məhz R. Koçaryanı ona görə təlimatlandırıb meydana göndəriblər ki, Ermənistanda siyasi vəziyyəti mürəkkəbləşdirsin, hərbi çevrilişə əl atılsın. “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda” hərəkatın yaradılması R. Koçaryanın planıdır və xalq məhz buna görə R. Koçaryana dəstək verməyəcək''.

M.Əsədullazadə bildirdi ki, bu gün Azərbaycanla Ermənistan üç tərəfli komissiyada iştirakı məhz N. Paşinyanın istəyi ilə reallaşıb. Məhz N. Paşinyanın əsas hədəfi Ermənistanı blokadadan çıxarmaqdır.

''Paşinyan Azərbaycanla münasibətlərin kəskinləşməsində maraqlı deyil. ABŞ prezidenti Co Baydenin Ermənistana diqqət artıracağı təqdirdə Rusiyanın bu ölkədə mövqeyinin zəifləməsi istiqamətində Paşinyana ciddi dəstək verəcək.

Ona görə də Rusiya bu proseslərdən narahatdır və R. Koçaryan vasitəsi ilə Ermənistanda da siyasi prosesləri nəzarət altına almağa çalışır. Rusiya maksimum çalışacaq ki, R. Koçaryan vasitəsilə müxalifəti toparlasın və parlament seçkilərində ciddi iğtişaşa gətirib çıxaracaq bir xaos formalaşdırsın. Hazırda R. Koçaryanın əsas missiyası Ermənistanda siyasi vəziyyəti mürəkkəbləşdirmək, Azərbaycanla yeni problemə yola açmaqdır''.

Politoloq qeyd etdi ki, R. Koçaryanın bu planın qarşısının alınması istiqamətində Nikol Paşinyan ABŞ-ın dəstəyini almağa çalışacaq və apreldən N. Paşinyan müxalifəti zərərsizləşdirmək üçün yeni mitinqlərə başlayacaq. R. Koçaryanın hakimiyyətə gəlməsi qeyri-mümkündür, amma ölkədə çalışacaq ki, hərbi çevrilişə əl atsın.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR