Astara, 27 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 27-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Mərkəzdə ucaldılmış büstü önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova bildirib ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın həyatında ən unudulmaz günlərdən biridir.
Astara Rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Tural Eyvazov Respublika Günü ilə bağlı məruzə edib.
Yaşadığı 23 ay ərzində demokratik respublikanın gördüyü işləri, yaradılan təsisatları, qəbul edilən dövlət rəmzlərini tariximizin ən yaddaqalan səhifələri kimi qiymətləndirən T.Eyvazov Azərbaycan Xalq Cümhuriyyətinin xalqın arzu və istəklərini müstəqillik şəraitində həyata keçirmək iqtidarında olduğunu əyani nümayiş etdirdiyini vurğulayıb.
Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də bolşevik qoşunları tərəfindən süquta uğradılıb. Lakin, xalqımızın qəlbində azadlıq arzusu heç vaxt sönməyib. 70 ildən sonra, 1990-cı ilin əvvəllərində xalqımızın yenidən müstəqil olmaq uğrundakı mübarizəsi öz bəhrəsini verib, Azərbaycan 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa edib.
Diqqətə çatdırılıb ki, yenidən qazanılmış müstəqilliyin ilk illərində ölkəmiz ağır günlər yaşayıb, hətta müstəqilliyini itirmək təhlükəsi ilə üzləşib. Belə bir çətin günlərdə xalqımızın təkidli tələbi və xahişi ilə yenidən respublikaya rəhbərliyə qayıdan ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin apardığı müdrik və qətiyyətli siyasət nəticəsində müstəqilliyimizin əbədiliyi və sarsılmazlığı təmin olunub, Azərbaycan özünün hərtərəfli inkişafının yeni mərhələsinə qədəm qoyub.
Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirərək, astaralıların dövlətimizin başçısının apardığı müdrik siyasəti bəyəndiyini və onun ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar.