x
Loading...
.

Bu gün Daxili Qoşunların yaranması günüdür

.

Martın 12-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 29 il ötür.

Metbuat.az xəbər verir ki, 1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmasına başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib. 1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar Günü kimi müəyyən edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə - Birinci Qarabağ müharibəsində Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.

1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Ulu öndər Heydər Əliyev Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə daim diqqət yetirib. Qoşunların formalaşmasında da Ümummilli Liderimizin misilsiz tarixi xidmətləri olub.

Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçib, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf edib.

2003-cü ildən Daxili Qoşunların inkişafında yeni mərhələ başlayıb. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.

Dövlətimizin başçısı Daxili Qoşunların hərbi hissələrində əsgər və qulluqçular üçün yaradılan şəraitlə mütəmadi tanış olur, onların döyüş hazırlığı ilə maraqlanır. Bölgələrdə yaradılan Daxili Qoşunların yeni hərbi hissələrinin təminatı da Prezident İlham Əliyevin diqqətindədir.

Son illərdə Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi prosesində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində bütün hərbi hissələrdə yüksək şəraitin yaradılması istiqamətində xeyli iş görülüb və bu proses indi də davam edir. Hərbi hissələrdə yaradılan şərait bir daha göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm işlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının maddi-texniki bazası, kadr potensialı da əhəmiyyətli dərəcədə möhkəmlənib.

Bu gün əminliklə demək olar ki, Daxili Qoşunlar qarşıya qoyulan vəzifəni yüksək peşəkarlıqla yerinə yetiriblər. Ali Baş Komandanın diqqəti sayəsində Daxili Qoşunların maddi-texniki bazası, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, hərbi hissələr ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edilib. Bu gün Daxili Qoşunlara göstərilən dövlət qayğısı özünü istər peşəkar kadr hazırlığının və döyüş qabiliyyətinin yüksəldilməsində, istər maddi-texniki bazanın möhkəmləndirilməsində, istərsə də yeni hərbi hissələrin açılışında daha qabarıq şəkildə göstərir.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkənin ictimai-siyasi, iqtisadi həyatında, ordu quruculuğunda böyük uğurlar qazanılıb, daxili işlər orqanlarının maddi-texniki bazası daha da möhkəmlənib, hərbi qulluqçuların sosial-məişət şəraiti yaxşılaşıb. Son illərdə Daxili Qoşunlar üçün də müxtəlif təyinatlı onlarla obyekt, hərbi şəhərcik, o cümlədən hərbi qulluqçular üçün yeni yaşayış kompleksləri, əsgər kazarmaları, müasir avadanlıqlarla təchiz edilmiş tibb məntəqələri tikilərək istifadəyə verilib. Ölkəmizdə müstəqilliyin və daxili sabitliyin qorunmasında xüsusi xidmətləri olan Daxili Qoşunların şəxsi heyəti ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusi əməliyyatların keçirilməsində fəal iştirakı ilə seçilir, yüksək peşəkarlıq, döyüş və mənəvi-psixoloji hazırlığa malik olduğunu nümayiş etdirir.

Yaradılan mükəmməl şəraitdən, ali diqqət və qayğıdan bəhrələnən Daxili Qoşunların şəxsi heyəti bu yüksək etimadı İkinci Qarabağ müharibəsində şərəflə və layiqincə doğrultdu. Vətən müharibəsinin ilk günlərindən əzəli torpaqlarımızı işğaldan azad etmək üçün ən ağır döyüşlərə qatılan Daxili Qoşunların hərbçiləri misilsiz qəhrəmanlıq nümunələri göstərərək yağı düşmənin canına qorxu saldılar. Xalqımızın tarixinə əsl qəhrəmanlıq salnaməsi kimi daxil olan İkinci Qarabağ müharibəsində böyük Qələbənin əldə olunmasında, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə Daxili Qoşunların 66 hərbçisi şəhidlik zirvəsinə ucaldı, 346 nəfər isə yaralandı. Daxili Qoşunların iki əməkdaşı - polkovnik-leytenant Füzuli İmrəliyev və şəhid mayor Şixamir Qaflanov ən yüksək fəxri ada - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldülər. Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətinin fədakarlığı bir daha sübut etdi ki, Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz, Vətən torpağının hər qarışı uğrunda, həmçinin ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparıb və aparmaqdadır.

Qeyd edək ki, Daxili Qoşunlar, həmçinin dövlət əhəmiyyətli tədbirlərdə, habelə beynəlxalq yarışlarda daxili işlər orqanlarının müvafiq qurumları ilə yanaşı, ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin qorunmasının təmin olunmasında fəal iştirak edib. Belə ki, Bakıda keçirilmiş “Eurovision 2012” mahnı müsabiqəsinin, “Bakı 2015” I Avropa Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının, Formula 1 yarışlarının, UEFA Avropa Liqasının final matçının Bakıda keçirilməsi zamanı ictimai asayişin mühafizəsini və ictimai təhlükəsizliyin təmin olunmasını ən yüksək səviyyədə yerinə yetirib.

Bütün bunlar göstərir ki, ictimai asayişin qorunması ilə yanaşı, torpaqlarımızın azad olunmasında da yüksək peşəkarlıq göstərən, mütəşəkkil və ən müasir tələblərə cavab verən Daxili Qoşunların şəxsi heyəti xalqa, dövlətə və Prezidentə sədaqətlə xidmət edir. (AzərTac)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR