x
Loading...

"Möhtəşəm 2020-ci il Prokurorluq, o cümlədən Hərbi Prokurorluq üçün də uğurlu olmuşdur" - Firad Əliyev

.

"Cənab Prezidentin örnək davranışlarından daim ibrət götürməklə, dövlət başçısının məmurla vətəndaş arasındakı münasibətlərlə bağlı dəyərli tövsiyələrini fəaliyyətlərində hər zaman rəhbər tutan bütün prokurorluq əməkdaşları kimi hərbi prokurorluq əməkdaşları da qeyd olunan dövrdə vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla, özlərinə isə yüksək nəzakətlə yanaşmışlar".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri, hüquq üzrə magistr Firad Əliyev "Respublika qəzeti"ndə dərc olunan məqaləsində qeyd etmişdir. Həmin məqaləni təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə hərtərəfli nailiyyətlər qazanmaqla durmadan inkişaf edərək, bu gün dünyanın ən qüdrətli dövlətləri sırasında özünəməxsus yer tutmuş ölkəmiz 2020-ci ili də möhtəşəm uğurlarla, ən əsası uzun müddət intizarında olduğumuz tarixi qələbəni qazanmış qalib dövlət kimi başa vurmuşdur. Planetimizdə gedən neqativ proseslərə, qlobal problemlərə, o cümlədən bütün dünyaya yayılan koronavirus (COVID-19) pandemiyasına rəğmən, ulu öndər Heydər Əliyevin zamanı qabaqlayan mükəmməl siyasətini müasir tələblərlə uzlaşdırmaqla layiqincə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin müdrik düşüncəsi, polad iradəsi, qətiyyəti, yorulmaz fəaliyyəti və xalqımızın əzmkarlığı sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürmüş, dövlətimiz bütün sahələr üzrə inkişaf edərək daha da qüdrətlənmiş, eləcə də regionların tarazlı tərəqqisi təmin edilmiş, əhalinin rifahı yüksəldilmişdir. Dövlətimizin qüdrətlənməsi prosesinin ötən il də davam etdirilməsi ilin ümumi göstəriciləri ilə də öz təsdiqini tapmışdır. Belə ki, 2020-ci ildə ölkəmizdə qeyri-neft sənayesi 11 faizdən çox, kənd təsərrüfatı 2 faiz artmış, orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artmışdır. Eyni zamanda valyuta ehtiyatlarımızın qorunub saxlanılması və manatın məzənnəsinin sabitliyi təmin edilmişdir. Qeyd olunanlarla bərabər şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılmışdır. Sadalananlarla yanaşı reallaşdırılması nəzərdə tutulan tədbirlərdən və işlərdən heç birinin, o cümlədən hər hansı bir sosial layihənin icrası təxirə salınmamışdır. Qeyd edilməlidir ki, ölkəmizin sürətli inkişafı beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirilir. Belə ki, ən nüfuzlu aparıcı beynəlxalq qurumlardan biri olan Dünya Bankının "Doing Business" proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yeri tutmuşdur. Bundan əlavə, Respublikamız 10 ən islahatçı dövlət sırasına daxil edilmişdir. Bundan başqa, dünyanın bir nömrəli forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən inkişaf etməkdə olan 74 ölkə arasında dövlətimiz əhalinin elektrik təchizatı səviyyəsinə görə 2-ci yerdə, inklüziv inkişaf indeksi üzrə 3-cü yerdə, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə 5-ci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdə, hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdə, infrastruktur layihələri ilə bağlı-dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdə, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerdə qərarlaşmaqla dünyanın bir çox ölkələrini geridə qoymuşdur.

Vurğulanmalıdır ki, dövlətimizin hərtərəfli inkişaf edərək qüdrətlənməsində, həmçinin ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin dünyada tanınmasında zəngin elmi biliklərə, iti zəkaya və yüksək idarəçilik qabiliyyətinə malik nəcib insanın-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm rolu olmuşdur.

Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-siyasi, sosial, mədəni həyatını əhatə etməklə bitmir. Onun vətənimizdən kənarda gördüyü böyük işlər, o cümlədən xeyriyyəçilik təşəbbüsləri digər dövlətlər və xarici vətəndaşlar tərəfindən də təqdir olunur. Onun “Qızıl ürək” beynəlxalq mükafatı, Pakistan Respublikasının “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi” mükafatı, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı, Fransa Respublikasının “Şərəf Legionu”, İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Rusiya Federasiyasının “dostluq” ordenləri və digər dövlətlərin müxtəlif ali mükafatları ilə təltif olunması beynəlxalq səviyyədə gördüyü əhəmiyyətli işlərə verilən böyük dəyərin təcəssümü olmuşdur. Təsadüfi deyil ki, bu gün Mehriban xanım Əliyevanın gördüyü işlər barədə məlumatlar dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alır.

2020-ci ilin uğurlarından bəhs edərkən sonsuz sevinc və iftixar hisləri ilə xüsusi vurğulanmalıdır ki, ötən ildə xalqımız nəinki həmin ilin, müasir Azərbaycan tarixinin ən böyük uğurlarından birini əldə etmişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazan hərbçilərimiz düşmən üzərində parlaq qələbəmizi təmin etmiş, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız azad edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Fürsətdən istifadə edib, uca Allahdan Vətən müharibəsində qəhrəmancasına həlak olan bütün şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Vətən var olsun!

Həyata keçirilən uğurlu xarici siyasətin və görülən böyük işlərin nəticəsində bütün dünyaya məlum idi ki, Ermənistan uzun zaman ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, həmin qətnamələr icra olunmur, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar isə heç bir tədbir görmürdü. Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qeyd olunan qətnamələri yerinə yetirmir, hər vəchlə münaqişəni mümkün qədər çox və daha uzun müddətə dondurmağa çalışır və status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışlarına məhəl qoymayaraq onları cavabsız qoyurdu.

Qazanılan diplomatik uğurlara baxmayaraq, gedən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin icra edilməməsi bu qənaətə gəlməyə əsas verirdi ki, beynəlxalq hüquq sözügedən məsələyə dair hissədə işləmir. Buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər dəfə mötəbər kürsülərdən deyirdi: “...Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik...”. Cənab Prezidentin sözügedən ifadəsinə əsasən hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin əsgəri, çavuşu, giziri, zabiti və generalı tarixi torpaqlarımızı düşmənlərdən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir və buna hər an hazır idi. Bütün bunları nəzərə alan müdrik rəhbərimiz cənab İlham Əliyev münaqişənin həlli ilə bağlı hər iki istiqamətdə işini etibarlı tutaraq, beynəlxalq dəstək və hüquqi baza yaratmaqla bərabər, həm də rəşadətli Silahlı Qüvvələr formalaşdırmışdır. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu strategiyasını zamanın tələblərinə uyğun reallaşdıran möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu sahədə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilmiş, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirilmiş, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırılmış, bir sözlə müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir Azərbaycan Silahlı Qüvvələri formalaşmışdır. Təsadüfi deyildir ki, “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı 2020-ci il hesabatında 138 ölkənin orduları sırasında Gürcüstan ordusu 89-cu, Ermənistan ordusu 111-ci yerdə olduğu halda, ordumuz 64-cü yerdə qərarlaşmış, bununla da ötən illərdə olduğu kimi Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlamışdır. Qeyd olunanlar hərbi uğurlarımıza rəvac vermiş və nəticədə 2016-cı ilin aprel, 2018-ci ilin may və bu ilin iyul ayında, eləcə də 27 sentyabrdan başlayaraq düşmənin törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək xalqımıza ardıcıl zəfərlər və nəhayət möhtəşəm qələbə ərməğan etmişdir.

27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə sövq etdiyindən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da ikinci Qarabağ müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı dillərdə əzbər olmaqla xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülki vətəndaşlarda mübarizə əzmi, hərbçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Ermənistanın növbəti təxribatlarının qarşısını almaq və düşməni sülhə sövq etmək məqsədi ilə gedən 44 günlük müharibədə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin şücaəti hərb tariximizin qəhrəmanlıq salnaməsini yaratmağa müvəffəq oldu. Elə ilk günlərdən düşmənə sarsıdıcı zərbələr vuran qəhrəman övladların qısa zamanda ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi, o cümlədən 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və bu biçarə düşmənin kapitulyasiya aktını imzalaması ilə nəticələndi. Bununla da, haqq mübarizəsi hərbi-siyasi qələbəmizlə başa çatdı və ədalət bərpa olundu. Ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın işğaldan azad olundu. Təbii ki, bütün bunlar müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsində mümkün olmuşdur. Möhtərəm Prezident cənab İlham Əliyev demişdir: “...heç bir xarici qüvvə Azərbaycan xalqının və dövlətinin iradəsini sındıra və onun qazandığı Qələbəyə kölgə sala bilməz...”.

Vurğulanmalıdır ki, vətən savaşı dövründə Ali Baş Komandan eyni zamanda informasiya müharibəsinə də rəhbərlik edirdi. Möhtərəm Prezident xarici kütləvi informasiya vasitələrinə davamlı olaraq verdiyi müsahibələrində əcnəbi jurnalistlər tərəfindən bəzi hallarda məqsədli şəkildə ona ünvanlanan qərəzli, heç bir məntiqə sığmayan və həqiqəti təhrif etməyə yönəlmiş təxribat xarakterli sualları təmkinlə və yüksək peşəkarlıqla, tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan zəngin məntiqli fikirləri ilə cavablandırmaqla, əsl həqiqətin nədən ibarət olmasına-torpaqlarımızın işğal edildiyinə və bu münaqişədə Azərbaycanın haqlı tərəf olduğuna dünya ictimaiyyətini inandırmağa uğurla müvəffəq oldu. Ermənistana və ədalətsizliyi dəstəkləyən ermənipərəst dövlətlərə ünvanlanmış tutarlı ismarıcları ilə qətiyyətli mövqe nümayiş etdirən ölkə rəhbəri bu mübarizədə də qələbəmizi təmin etdi.

Qazanılan uğurlardan danışılarkən, bəşəriyyəti əhatə etməklə insanların həyat və sağlamlığını ciddi təhdid altına alan, dünyanın demək olar ki, hər yerində yüzlərlə insanı cənginə keçirən və ya qurbanına çevirən Koronavirus (COVİD-19) pandemiyasına qarşı ölkəmizdə aparılan uğurlu mübarizəni də vurğulamaq lazımdır. Dünyanın Çin, ABŞ, İtaliya, İspaniya kimi və digər qüdrətli dövlətləri aciz olduğu, xeyli itkilər verdiyi və ciddi zərərə məruz qaldığı halda, ölkəmizin bu sınaqdan da az zərər və minimal itki ilə çıxması cənab Prezidentin mükəmməl siyasətinin, müdrik tövsiyələrinin, onun rəhbərliyi ilə aidiyyatı dövlət orqanları tərəfindən görülən qabaqlayıcı tədbirlərin, həyata keçirilən səmərəli fəaliyyətin və xalqın iradəsinin nəticəsidir.

2020-ci il prokurorluq orqanları üçün də əlamətdar olmaqla prokurorluğun tərəqqi dövrü kimi tarixin yaddaşına həkk olunmuşdur. Möhtərəm Prezident İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasına yeni Baş prokuror təyin etməsi və mühüm dövlət postuna gətirilən II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevin elə həmin gün videoformatda qəbulu zamanı dövlət başçısının verdiyi dəyərli tapşırıq və tövsiyələrin prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarında həyata keçirilməsi ilə prokurorluğun inkişafının yeni, islahatlar və səmərəli dəyişikliklər mərhələsi başlamışdır.

Belə ki, dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi, işin səmərəliliyinin artırılması istiqamətində ölkəmizdə aparılan islahatların davamı olaraq, ölkə Prezidentinin göstəriş və tövsiyələrinin icrası ilə bağlı prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılmış, ədalətli meyarlara və şəffaf prosedurlara əsaslanan mütərəqqi dəyişikliklərin reallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə cənab Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, bununla da, Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmiş, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılmışdır. Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis olunmuş, həmçinin mərkəzi aparatın yeni, Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır.

Bundan başqa, ölkə başçısının sözügedən Sərəncamına əsasən, Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, Respublika Hərbi prokurorunun əlavə müavini vəzifəsi təsis olunmuş, Kriminalistika və informasiya texnologiyaları idarəsi, Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsi, həmçinin Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi yaradılmış, bəzi idarə və şöbələrlə əlaqədar müvafiq dəyişikliklər edilmişdir.

Qeyd etmək lazımdır ki, dövlət başçısının rəhbər göstərişlərindən və müdrik tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsi, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, o cümlədən prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə prokurorluğun sağlam mənəviyyata və yüksək peşəkarlığa malik müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsi istiqamətində işlər Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ötən il Hərbi prokurorluq orqanları üçün də uğurlu olmuşdur. Əvvəlcə qeyd olunmalıdır ki, möhtərəm Prezident İlham Əliyev ədliyyə general-leytenantı cənab Xanlar Vəliyevi yenidən Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin etmişdir. Sözügedən təyinat, Hərbi Prokurorluğa və kollektivinin fəaliyyətinə verilən yüksək qiymətin və onun rəhbərinə göstərilən növbəti etimadın təzahürü idi. Ali qiymətləndirməni dəyərləndirmək və böyük etimadı qarşıdakı illərdə də doğrultmaq məqsədilə hərbi prokurorluq əməkdaşları əzmlə çalışmağı və xidməti vəzifələrini daha məsuliyyətlə yerinə yetirməyi qarşılarına məqsəd qoyduqları üçün bu istiqamətdə fəaliyyətlərini uğurla davam etdirirlər.

Azərbaycan Respublikası Hərbi prokurorluq orqanlarının fəaliyyəti ötən dövrlərdə olduğu kimi 2020-ci ildə də səmərəli olmaqla, Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlığın və digər qanun pozuntularının qarşısının alınmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin Silahlı Qüvvələrimizin qüdrətinə xələl gətirə biləcək hüquqazidd əməllərin və digər nöqsanların aradan qaldırılmasına yönəldilmişdir.

Vurğulanmalıdır ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin 99,5 faizi açılmışdır.

2020-ci ildə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin edilmiş, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülmüşdür. Cənab Prezidentin örnək davranışlarından daim ibrət götürməklə, dövlət başçısının məmurla vətəndaş arasındakı münasibətlərlə bağlı dəyərli tövsiyələrini fəaliyyətlərində hər zaman rəhbər tutan bütün prokurorluq əməkdaşları kimi hərbi prokurorluq əməkdaşları da qeyd olunan dövrdə vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla, özlərinə isə yüksək nəzakətlə yanaşmış, işçilər, o cümlədən rəhbər vəzifəli şəxslər tərəfindən mütəmadi olaraq onların qəbulu həyata keçirilmiş, istər müraciətlərinə cavab verilərkən, istərsə də qəbullar zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə onları maraqlandıran suallara müfəssəl cavablar verilmiş, hüquqları izah edilmiş və həyata keçirilməsi üçün hər cür şərait yaradılaraq bütün zəruri tədbirlər görülmüşdür.

Ötən dövrlərdəki kimi, 2020-ci ildə də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilmiş, dövlət başçısının bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirmiş, bu qəbildən olan cinayətlərin də qarşısının alınması istiqamətində zəruri tədbirlər görülmüşdür.

Vurğulanmalıdır ki, Silahlı Qüvvələrdə baş vermiş ölüm faktı üzrə başlanılmış hər bir cinayət işinin istintaqı Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə, iş üzrə hərtərəfli, tam, obyektiv və vaxtında ibtidai araşdırmanın aparılması, təqsirkar şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, eləcə də hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunmuşdur.

Qeyd olunmalıdır ki, hərbi prokurorluqlarda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı, cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq təşkilatın və ya vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, eləcə də iş üzrə əməlində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş bütün şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilmişdir.

Onu da qeyd etmək lazımdır ki, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilmiş, kollegiyaların qərarlarına əsasən Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər dövlət orqanlarının rəhbərlərinə cinayətin törədilməsinə imkan yaradan halların aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilmişdir.

Bütün bunların nəticəsində də 2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış cinayətlər ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalmışdır. Eyni zamanda böyük ictimai təhlükə törətməyən cinayətlər 33,5%, az ağır cinayətlər 37,6%, ağır cinayətlər isə 39,9% azalmışdır. Ötən il qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin-qəsdən adam öldürmə cinayətlərinin, hakimiyyətdən sui-istifadə etmə cinayətlərinin, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətlərinin, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətlərinin və digər cinayətlərin dinamikasında da əvvəlki illə müqayisədə azalma müşahidə olunmuşdur.

Sadalananlarla bərabər, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının inzibati binasında yerləşməklə onun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyi ilə bağlı da 2020-ci ildə xeyli işlər görülərək, obyektiv həqiqətlər-Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə və digər cinayətlər, o cümlədən xalqımızın tarixi torpaqlarından zorla çıxarılması üçün həyata keçirilmiş deportasiya siyasəti, azərbaycanlılara qarşı xüsusi amansızlıqla və qəddarlıqla törədilən kütləvi qırğınlar barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi, gənclərin və hərbi qulluqçuların hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, vətəndaşlarımızda milli ruhun daha da yüksəldilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və ictimai təşkilatlara muzeyi ziyarətlə əlaqədar müvafiq məktublar göndərilmiş və ziyarətə gələn 5000 nəfərdən çox şəxsin ekskursiyası təmin olunmuşdur (Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi elan edilənədək).

Bundan başqa, ötən il Hərbi Prokurorluq orqanlarının kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı müasir tələblərə cavab verən səviyyədə qurulmaqla, bu sahədə işin səmərəliliyi daha da artırılmış, o cümlədən prokurorluğun fəaliyyəti, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, cinayətkarlığın vəziyyəti, ictimai maraq doğuran cinayət işlərinin istintaqı barədə dövri mətbu nəşrlər, televiziya və teleradio vasitələri, informasiya agentlikləri və saytlar vasitəsi ilə ictimaiyyətə müntəzəm olaraq məlumatların verilməsi təmin edilmiş, həmçinin kütləvi informasiya vasitələrinin sorğuları qanunvericiliyin tələbləri çərçivəsində mütəmadi olaraq cavablandırılmış, habelə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun işçiləri tərəfindən 2020-ci ildə yerli və ölkə əhatəli, həmçinin qardaş dövlət Türkiyə Respublikasının kütləvi informasiya vasitələrində müvafiq olaraq “20 yanvar” və “Xocalı” hadisələri, Azərbaycan Xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102 illiyi, Azərbaycan Xalqının Milli Qurtuluş günü, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 102 illiyi mövzularında, Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə, həmçinin hərbçilərinə qarşı törədilmiş cinayətlərlə, eləcə də, yeni qanunvericiliyin, hərbi qulluqçuların hüquq və vəzifələrinin izahı ilə bağlı və fərqli məsələlərlə əlaqədar müxtəlif kütləvi informasiya vasitələrində çıxışlar edilmiş, o cümlədən “Xalq Qəzeti”, “Respublika”, “Azərbaycan ordusu”, “Hərbi and” və digər qəzetlərdə məqalələr dərc edilmiş, müxtəlif televiziya kanallarında və saytlarda çıxışlar edilmiş, məlumatlar və müsahibələr verilmişdir.

Təbii ki, yuxarıda sadalananlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 2020-ci ildəki fəaliyyətini tam ehtiva etmir və qeyd olunan dövr ərzində, Hərbi prokurorluq orqanları tərəfindən qanunun aliliyi prinsipi rəhbər tutulmaqla başqa işlər də görülmüş, eləcə də insan hüquqlarının daha etibarlı müdafiə olunması, cinayətkarlığa və digər qanun pozuntularına qarşı ciddi mübarizə aparılması üçün əlavə tədbirlər də həyata keçirilmişdir.

Vurğulanmalıdır ki, Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluq və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olmuşdur. Belə ki, fəaliyyət istiqamətləri üzrə görülən işlərlə bərabər, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinin və bununla əlaqədar həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə aidiyyatı dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülmüşdür.

Yeri gəlmişkən, Vətən müharibəsindən bir neçə gün əvvəl ön xətdə yerləşən hərbi hissə və bölmələrdə xidmət aparan hərbi qulluqçularla görüşmək məqsədilə Baş prokuror cənab Kamran Əliyevlə Hərbi prokuror cənab Xanlar Vəliyevin cəbhə bölgəsinə birlikdə uğurlu səfərləri baş tutmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev əvvəlki illərdə olduğu kimi ötən il də həmçinin Dövlət Sərhəd Xidmətinin rəisi cənab Elçin Quliyevlə birlikdə Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının düşmənlə üz-üzə dayanan hərbi hissə və bölmələrinə, Müdafiə nazirinin müavini cənab Kərim Vəliyevlə birlikdə isə Müdafiə Nazirliyinin tabeliyində olan cəbhə xəttində yerləşən müvafiq hərbi hissələrə getməklə, orada şəxsi heyətlə, o cümlədən döyüş şəraitində xidmət aparan hərbi qulluqçularla görüşlər keçirmişdir. Hər il olduğu kimi, 2020-ci ildə də, o cümlədən döyüş əməliyyatları gedən zaman da Hərbi Prokurorluğun işçiləri, Respublika Hərbi prokurorunun müavinləri, böyük köməkçiləri, idarə, şöbə rəisləri, ərazi hərbi prokurorları və digər əməkdaşlar aidiyyəti dövlət qurumlarının müvafiq yüksək vəzifəli şəxsləri ilə birlikdə ön xətdə xidmət aparan hərbçilərlə görüşmək məqsədilə cəbhəyanı zonada yerləşən hərbi hissələrə səfər etmişlər. Bütün görüşlər zamanı hərbi qulluqçuların milli və döyüş ruhunun daha da yüksəldilməsi, onlarda vətənpərvərlik hislərinin dərindən aşılanması, hüquqi biliklərin artırılması istiqamətində söhbətlər aparılmış, verilən suallar ətraflı cavablandırılmış, şəxsi heyətin hərtərəfli maarifləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi təmin edilmiş, eyni zamanda xidməti vəzifələrini nümunəvi icra edənlər müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır. Səfərlər əsnasında, həmçinin hərbi qulluqçuların qayğı və problemləri, eləcə də yaşayış, məişət və xidmət şəraiti ilə maraqlanılmışdır.

Böyük fəxarət hisləri ilə qeyd etmək lazımdır ki, qürur dolu 44 gün ərzində də prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları, istər xidmət yerində, istərsə də ezam olunduqları müvafiq ərazilərdə həm xidməti vəzifələrinin icrası ilə bağlı, həm də vicdanlı bir vətəndaş kimi üzərlərinə düşənləri layiqincə yerinə yetirmişlər. İşin səmərəliliyini daha da artırmaq və qarşıya çıxan məsələləri operativ həll etmək məqsədilə 27 sentyabr 2020-ci il tarixdən Respublika Hərbi Prokurorluğunda Operativ qərargah yaradılmış, ayrı-ayrı vaxtlarda Hərbi prokuror və onun müavinləri də daxil olmaqla Mərkəzi Aparatın rəhbər və digər işçilərindən ibarət qruplar, həmçinin müvafiq ərazi hərbi prokurorluqlarının əməkdaşları döyüş bölgələrinə ezam olunaraq, vəzifə funksiyalarını yerinə yetirməklə bərabər, müşahidələr apararaq və hərbi qulluqçuları dinləyərək hər hansı nöqsan, çatışmazlıq və problem aşkar edildiyi təqdirdə onların aradan qaldırılması məqsədilə səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmüş, eləcə də zəruri hallarda aidiyyəti üzrə müraciətlər edərək cavabdeh qurum və şəxslərin qarşısında məsələ qaldırılmasını təmin etmişlər. Eyni zamanda hərbi hissələrdə həm səfərbərlik üzrə hərbi xidmətə çağırılmış, həm də müddətli həqiqi hərbi xidmətdə olan şəxslərlə, habelə komandir heyəti ilə fasiləsiz görüşlər keçirilərək, hərbi qulluqçuların əhval-ruhiyyəsi öyrənilmiş, onlarda vətənpərvərlik hislərinin və döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Sadalananlarla bərabər, müvafiq tibb müəssisələrində müalicə alan hərbi qulluqçularla, o cümlədən onların səhhəti və müalicələrinin gedişi ilə mütəmadi olaraq maraqlanılmış, diqqət və qayğı göstərilmişdir.

Qeyd olunmalıdır ki, ötən il xidməti vəzifələrini nümunəvi icra edən əməkdaşlar cənab Baş prokuror və cənab Hərbi prokuror tərəfindən müvafiq qaydada həvəsləndirilmişlər.

Dərin minnətdarlıq hisləri ilə xüsusi vurğulanmalıdır ki, prokurorluq orqanlarının fəaliyyəti dövlət səviyyəsində də yüksək qiymətləndirilmiş və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş 38 əməkdaş, o cümlədən Hərbi Prokurorluğun 9 işçisi möhtərəm Prezidentin 30 dekabr 2020-ci il tarixli Sərəncamı ilə müvafiq olaraq orden və medallarla təltif edilmişlər.

Təəssüf hisləri ilə onu da qeyd etmək lazımdır ki, qazanılan uğurlara, eləcə də qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş böyük işlərə baxmayaraq, Prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun cinayətkarlığa və digər qanun pozuntularına qarşı mübarizədə qətiyyətli mövqeyindən narahatlıq keçirən bəzi qeyri-sağlam təfəkkürlü və ya qanunvericiliyin tələblərini pozmağa meyilli olan şəxslər ölkəmizdə yaradılmış fikir, söz və məlumat azadlıqlarını da özündə ehtiva edən demokratik mühitdən sui-istifadə edərək, bəzən sosial şəbəkələrdə və ya saytlarda yalnız şəxsi mülahizələrə əsaslanan və digər heç bir əsası olmayan həqiqətə zidd məzmunlu fikirlər söyləyirlər ki, bütün bunlar da orqanın qanuni və səmərəli fəaliyyətinə kölgə sala və işçiləri öz əzmindən döndərə bilməz.

Əminəm ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi qanunçuluğun və hüquq qaydasının, o cümlədən Silahlı Qüvvələrdə nizam-intizamın daha da möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və cinayətkarlığa qarşı mübarizə istiqamətindəki səmərəli fəaliyyətinin effektivliyini 2021-ci ildə daha da artıracaqdır.

Azərbaycan Respublikası Hərbi prokurorunun

böyük köməkçisi-Azərbaycan Respublikası Hərbi

Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri,

ədliyyə müşaviri, hüquq üzrə magistr Firad Əliyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR