Azərbaycan bu idman növündə ilk medalını qazandı

Bu gün Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub.

Azərbaycan Qılıncoynatma Federasiyasından Metbuat.az-a verilən məlumata görə, sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb.

Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə 1/16 finalda Misir təmsilçisi Adel Eldokşu (15:8), ardınca özbəkistanlı sablyaçı Jasmina Abdullayevanı (15:11) məğlub edib. Yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə Koreya Respublikası qılıncoynadanı Li Yunseo üzərində 15:6 hesablı inamlı qələbə qazanan Zərifə dünyanın ən güclü 4 yeniyetmə sablyaçı sırasına yüksəlməklə turnirin bürünc medalını təmin edib.

Zərifə Hüseynova finalın bir addımlığında dünya birinciliyinin qalibi, ABŞ sablyaçısı Maqda Skarbonkieviczə 9:15 hesabı ilə uduzub.

Bu, Azərbaycanın qılıncoynatma tarixində yeniyetmələrin dünya birinciliyində qazanılan ilk medaldır.

Xatırladaq ki, daha öncə şpaqaçımız Ruslan Həsənov 2019-cu ildə Polşanın Torun şəhərində keçirilən gənclərin dünya birinciliyində bürünc medal qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR