“Hər məsələni dövlət başçıları açıq şəkildə qeyd edə bilməz. Bəzi məsələlər var ki, onlar imzalanan sənədlərə əsasən həyata keçirilə bilər. Burada orduların yenidən qurulub komplektləşdirilməsi, hərbi təsisatların aparılması və s kimi işlər, hərbi müttəfiqlik adı altında görülür”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Samir Hümbətov edib. Şərhinə əlavə edən Samir Hümbətov bildirdi ki, Şuşa Bəyannaməsində də Qarabağ ilə bağlı Azərbaycan-Türkiyə arasında görüləcək işlər tam olaraq yazılıbdır. Sadəcə Ərdoğan bu mövzuda addımları müəyyən zaman daxilində atacaqdır. Çünki Türkiyənin də özünün həll etməli olduğu məsələlər var.

"SƏSSİZ PLAN":

Rusiyanın, Türkiyənin Azərbaycanda hərbi baza qurması məsələsinə hiddətlə yanaşması barədə yayılan fikirlərə münasibət bildirən Samir Hümbətov dedi ki, əgər Amerika ilə Türkiyə hər hansı bir kompromisə gedərsə, məsələn Türkiyə S-400 raket kompleksini gətirib ,Azərbaycanda yerləşdirmək istəyərsə, bu zaman Rusiya ilə Türkiyə, bu mövzuda müzakirə masasına otura bilər. Çünki S-400-ləri Türkiyə Rusiyadan almışdır.

“Qeyd edim ki, aydın məsələdir ki, Rusiya Azərbaycanda belə bir bazanın Türkiyə tərəfindən qurulmasına razı olmayacaqdır. Bu mövzuda Türkiyə zaman qazanaraq, həmin o zaman içərisində məsələnin müəyyən detallar daxilində həllinə çalışacaqdır. Amma Türkiyənin Rusiyadan icazə ilə gəlib, Azərbaycanda hərbi baza qurması məsələsi isə məntiqə sığmazdır. Türkiyə artıq qlobal gücə çevrilmiş bir dövlətdir. O hər hansı bir hərbi siyasi məsələdə Rusiyadan icazə alacaq deyildir”.

Gülbəniz Hüseynli / Metbuat.az