Türk dövlətləri Azərbaycanı deyil, Rusiyanı "seçdi" -

Xəbər verdiyimiz kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri təşkil olunub. Şuşa şəhərinə ABŞ, Rusiya və Fransanın Azərbaycandakı səfirlərinin qatılmaması olduqca böyük diqqət çəkib.

Mövzu barədə Metbuat.az-a açıqlama verən Türkiyəli general, Azərbaycanın keçmiş hərbi ataşesi Yücel Karauz bildirdi ki, səfirlərin Şuşaya səfərində məqsəd, ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsi siyasəti ilə tanış etmək idi. Amma ATƏT-in Minsk qrupuna üzv ölkələr - ABŞ, Fransa Britaniya həmçinin Almaniya, üç türk dövləti - Qırğızıstan, Türkmənistan, Özbəkistan və ən önəmlisi Rusiyanın səfirlərinin humanitar tədbir olaraq nəzərdə tutulan Şuşa şəhərinə səfərdən imtina etmələri siyasi bir mesaj idi.


“Bu 29 illik işğal dövründə BMT-nin və digər hüquq normaları çərçivəsində dəfələrlə Azərbaycanın torpaqlarının, Ermənistan tərəfindən işğal edildiyi bəyan edilsə də, ATƏT-in Minsk qrupu üzvlərinin, tərəfsiz olmalı olduğu halda məsələnin həllinin uzadılmasına şərait yaratması və ötən günlərdə təşkil edilən səfərdən imtina etməsi, bu qrupunun beyin ölümünün gerçəkləşdiyinə dəlildir.

Azərbaycanın torpaq bütövlüyünü, 44 günlük möhtəşəm qələbədən sonra da qəbul edə bilməyən ATƏT-in Minsk qrupu, hazırda status məsələsini də həzm edə bilmir. Əslində bu mövqeyə cavab Prezident İlham Əliyev tərəfindən bildirilib. Dövlət başçısı bəyan edib ki, münaqişə bitib, heç bir status olmayacaq.

Bildirim ki, ABŞ, Rusiya, Fransa dünyada heç bir mövzuda birlikdə müzakirəyə gələ bilmədiyi halda Azərbaycan xüsusən də Şuşa ilə bağlı məsələ olduqda birlikdə hərəkət etmələri qəbuledilməzdir”.

ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı » "Dünya" informasiya agentliyi

Yücel Karauz bildirdi ki, Türkiyə də, ATƏT-in Minsk qrupunun müharibə dövründə sivil günahsız əhaliyə qarşı Ermənistanın zorakılıq və müharibə qanunlarına sığmayan cinayyətlərə göz yumduğunun şahidi olmuşdur. Bu hadisələrə qarşı hələ də, ATƏT-in Minsk qrupunun gözü bağlı gəzməsi onların beyin ölümünün reallaşdığına hətta “halvalarının bişirilib” yeyildiyinə əsasdır.

“ATƏT üzv ölkələrin bu davranışından əlavə, türk dövlətləri olan Qırğızıstan, Türkmənistan və Özbəkistanın Şuşa səfərindən boyun qaçırmaları onların hələ də, Rusiyanın təsirində olduğuna və bunun da tarixin yaddaşına keçən, vacib məqam olmasını həkk etmək lazımdır. Dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü qəbul etmələri ilə bağlı bəyanatlar verən bu dövlətlərin Şuşa səfərində iştirak etmək istəməmələri onların azad iradəyə sahib olmadıqlarına işarədir. Düşünürəm ki, öz dövlətlərində yaşayan xalqlar tərəfindən də bu davranışlar müsbət qarşılanmamışdır.

Bütün bunlara baxmayaraq, Azərbaycan daima haqq səsini dünyaya çatdırmağa davam etməli, ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina etməlidir. Artıq bunun vaxtı gəlib çatıb”.

Səfirlərin Şuşa şəhərinə səfəri başa çatıb

General bildirdi ki, Şuşa səfərində iştirak edən dövlətlərin səfirləri bir daha öz gözləri ilə gördülər ki, Ermənistan müharibə dövründə necə bir talan siyasəti yürüdərək, vandallığa sığacaq hərəkətlər sərgiləyib. Dünyanın müxtəlif inkişaf etmiş ölkələrindən olan səfirlərin bu səfərdə iştirakı onu göstərdi ki, Azərbaycanın haqq və hüquq səsi dünyada eşidilir. Yücel Karauz xüsusilə vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu diplomatiyaya, beynəlxalq hüquqa söykənən siyasi mövqeyi, Azərbaycanın doğru yolda yürüdüyünə bir daha təminatdır.

Qeyd edək ki, Şuşa şəhərinə səfərdə Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak ediblər.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR