"Qalır onlara bəslənən ümidi doğrultmaq" -

"Yunan-Roma güləşçilərimizin hazırlıqları yaxşı keçib. Hər ikisi Olimpiadaya özünü tam hazır hiss edir".

Metbuat.az xəbər verir ki, bunu Fanat.az-a açıqlamasında yunan-Roma güləşi üzrə millimizin məşqçisi Həsən Əliyev deyib. Azərbaycanı Tokio 2020-də təmsil edəcək "klassiklərimiz" Rafiq Hüseynov(77 kq) və İslam Abbasovun(87 kq) hazırlıq durumunu dəyərləndirən keçmiş dünya və Avropa çempionu, hər iki güləşçimizin "gündoğar ölkə"də bayrağımızı dalğalandırmaq iqtidarında olduğunu bildirib:

"Rafiq də, İslam da Olimpiadada nəticə verə biləcək güləşçilərdir. Hansınısa fərqləndirmək istəməzdim. Hər ikisi Olimpiya Oyunlarına yaxşı hazırlaşıb. Hansısa problem yaradacaq zədələri yoxdur. Qalır, yarışa çıxıb onlara bəslənən ümidi doğrultmaq".

Püşkatmanın nəticəyə təsirindən də danışan Əliyev, İslam Abbasov üçün "tərs rəqib" sayılan ukraynalı güləşçinin əvvəlki qədər keçilməz olmadığını qeyd edib: "Xoş olar ki, güləşçilərimiz əsas rəqiblərlə ilk mərhələlərdə düşməsinlər. Amma məqsəd orada çempion olmaqdırsa, onsuz da əvvəl-axır güclülərlə qarşılaşıb udmalısan. Bir-iki nəfər nisbətən münasib rəqibi, məsələn, Afrika, Panamerika təmsilçilərini məğlub edib bürünc medala doğru getmək olar, ancaq çempion olmaq istəyirsənsə, gərək mərhələni düşünməyəsən. Fikrimcə, 77 və 87 kiloqram çəki dərəcələrində adı əsas favorit kimi çəkilən güləşçilərin Rafiq və İslamla görüşlərdə şansları nə qədərdirsə, bizimkilərinki də bir elədir. İslamın çətin rəqiblərindən olan Jan Belenyuk da əvvəlki kimi güləşmir".

Qeyd edək ki, Tokio 2020-nin güləş yarışları 1-7 avqust aralığında "Makuhari Messe" arenasında baş tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR