Məcburi köçkün ailəsinin mənzil təminatı ilə bağlı məsələyə aydınlıq gətirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparatının rəhbəri Eldar Zeynalov Ağdam rayonundan məcburi köçkün, Bakı şəhərinin Suraxanı rayonunda müvəqqəti qeydiyyatda olan Əliyeva Mahirə Firidun qızını onlayn qaydada qəbul edib.

Dövlət Komitəsindən Metbuat.az-a verilən məlumata görə, vətəndaş M.F.Əliyevanın müraciəti Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə müvəqqəti məskunlaşmış oğlu Quliyev İlkin Mətləb oğlunun ailəsinin mənzillə təmin edilməsi barədə olub. Müraciətə cavab olaraq, Quliyev İlkin Mətləb oğlunun ailəsinin Ağdam rayonunun Quzanlı qəsəbəsində inşa edilmiş 50 mənzilli yeni binada üçotaqlı mənzilə köçürülməsi təklif olunub. Lakin ailə Dövlət Komitəsinin təklifini qəbul etməyib.

Onlayn qəbuldan sonra, saat 13-14 radələrində gənc bir qadın beş azyaşlı uşaqla Dövlət Komitəsinin inzibati binasındakı “Qəbul otağı”na gələrək, özü haqqında heç bir məlumat vermədən “bu uşaqlara baxa bilmirəm, götürün, uşaq evinə verin” deyərək, komitə əməkdaşlarının çağırışlarına məhəl qoymadan binanı tərk edib. Komitənin əməkdaşları dərhal hadisə barədə rəhbərliyə məlumat veriblər. Uşaqlarla söhbət zamanı ailənin faktiki yaşayış ünvanı müəyyənləşdirilib və yalnız bu zaman aydın olub ki, onlar vətəndaş M.F.Əliyevanın oğlu İlkinin övladlarıdır. Valideynləri müəyyənləşdirildikdən sonra, uşaqlar öz ailəsinə təhvil verilib.

Uşaqları komitənin binasında qoyub gedən Quliyeva Səbinə Arif qızı özü Ağdam rayonunun işğal altına düşməyən Paşabəyli kəndində, valideynlərinə məxsus evdə daimi qeydiyyatdadır və məcburi köçkün deyildir. O, Quliyev İlkin Mətləb oğlu ilə 2013-cü ildə ailə qurub və bu nikahdan 5 övladı var.

Dövlət Komitəsi bildirir ki, Bakı şəhərinin Xətai rayonundakı göz xəstəxanasının inzibati binasında - yarımçıq tikilidə 191 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və onların işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış sahəsi – ev və ya mənzillə təmin olunması nəzərdə tutulub. Bununla yanaşı, Dövlət Komitəsi İlkin və Səbinə Quliyevlərin ailə vəziyyətini, yaşayış şəraitini nəzərə alır və onlara öz doğma rayonlarında üçotaqlı, tam təmirli mənzilə köçməyi təklif edir.

Dövlət Komitəsi bir daha məcburi köçkünlərin nəzərinə çatdırır ki, onlar üçün yeni yaşayış sahələri yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunacaqdır. Mərhələli qaydada həyata keçiriləcək qayıdış zamanı ən ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni yaşayış sahələri ilə ilk növbədə təmin olunacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR