Prezident şəhidlərin ruhu önündə söz verdi: Təhlükə yaranarsa, heç tərəddüd etmədən... -

“Müharibənin ildönümündə hələ də Qarabağla bağlı təhdidlər, risklər mövcuddur. İlham Əliyev Anım Günündə bu təhdidlərlə bağlı Azərbaycanın mövqeyini təkrarladı, lakin diqqətçəkən məqam təhdidlərə qarşı atılacaq addımları bu dəfə şəhidlərin xatirəsi önündə elan etməsi idi”.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı siyasi şərhçi Asif Nərimanlı bildirib. O qeyd edir ki, Prezidentin qeyd etdiyi həmin məqam Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və Qarabağda nəzarətdən kənar ərazilərin müzakirə mövzusu olmaması ilə bağlı idi.


“İlham Əliyev bildirir ki, “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”. Qeyd edim ki, rəsmi Bakının Qarabağla bağlı mövqeyi dəyişmir, lakin bu dəfə bir qədər də sərtləşdirilir. Bəs İlham Əliyev əslində nə deyirdi? Birinci məqam odur ki, Prezidentin nitqindən aydın olur ki, Azərbaycana qarşı separatizmi körükləyənlərin özləri eyni halla üzləşə bilərlər. İkinci məqam odur ki, ölünü diriltmək istəyənlərə qarşı Bakı da eyni taktikanı seçə bilər: bu, “hücum diplomatiyası”na əsaslanan mesajdır. Üçüncü gediş o ola bilər ki, Bakının hərbi güc addımı təkcə Ermənistana yox, “Dağlıq Qarabağı” diriltmək istəyən bütün tərəflərə şamil edilsin”.

Asif Nərimanl bildirdi ki, Əliyev ordunun komandanı kimi bu xəbərdarlığı şəhidlərin xatirəsi önündə etməsi şəhidlərin ruhu önündə verilən söz idi.

““Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin!”, - Əliyev deyir. Düşünürəm ki, bununla Əliyev Qarabağla bağlı geriyədönüşün olmadığı, heç bir güzəştin olmayacağı mesajını bu məsələdə maraqlı olan hər kəsə bəyan etdi. Onu da qeyd edim ki, Prezidentin çıxışında iki mesaj da önəmli idi:

Birincisi, müharibənin ildönümündə xəbərdarlığı Ermənistana yox, üçüncü tərəflərə etdi: bu, “İrəvan artıq tərəf deyil, tərəf olmaq istəyənlər də Ermənistana qarşı atılan addımlarla üzləşəcək” deməkdir. İkinci mesaj isə odur ki, bölgədə və Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf Bakıdır, yəni “regionda bizimlə hesablaşmalısınız”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR