x
Loading...

Baş prokuror Ermənistanla sərhədə getdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında 01 aprel 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar KəlbəcərQubadlı rayonlarında müvafiq hərbi prokurorluqların inzibati binalarının inşasına başlanılaraq qısa vaxt ərzində inşası başa çatdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, sentyabrın 26-ı və 27-də Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə Respublika Baş Prokurorluğunun və Hərbi Prokurorluğun rəhbər əməkdaşlarından ibarət nümayəndə heyəti Kəlbəcər və Qubadlı rayonlarında səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər və Qubadlı Hərbi Prokurorluqlarının yeni inzibati binaların açılış mərasimində iştirak etmişdir.

Açılış mərasimlərində çıxış edən Baş Prokuror Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycanın bütün sahələrdə durmadan inkişaf etdiyini, günbəgün daha da qüdrətləndiyini bildirərək, bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdiyini vurğulamışdır.

Ölkə Prezidenti tərəfindən prokurorluq orqanlarının inkişafına daim diqqət göstərildiyi vurğulanmaqla yeni inzibati binaların istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğu qeyd edilmişdir.

Prokurorluğun əməkdaşları xidmətlərinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Baş Prokuror hər iki hərbi prokurorluğun, eləcə də Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının əməkdaşları ilə görüşmüş, onlara fəaliyyətləri ilə bağlı tapşırıq və tövsiyələrini vermiş, daha sonra inzibati binaların həyətində ağaclar əkilmiş və digər abadlıq işləri görülmüşdür.

Həmçinin, Respublikanın Hərbi Prokuroru Xanlar Vəliyev də hərbi prokurorluqlarda yaradılmış iş şəraiti ilə tanış olaraq əməkdaşlarla görüşüb fəaliyyətlərində uğurlar arzu etmişdir.

Səfər çərçivəsində Baş Prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissədə, eləcə də Qubadlı rayonunda DSX-ın N saylı hərbi hissəsində xidmətdə olan hərbçilərlə görüşmüş, onların xidmət və məişət şəraiti ilə maraqlanmışdır.

Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçulara Baş Prokuror tərəfindən qiymətli hədiyyələr təqdim olunaraq xatirə şəkli çəkilmişdir.

Bundan başqa, heyət səyyar hospitalda müalicə alan hərbçilər ilə görüşərək onların müalicə vəziyyəti ilə maraqlanmışdır.

Sentyabrın 27-də - Anım günündə Füzuli rayonu, Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda şəhidlər üçün yaradılmış abidə ziyarət edilmiş, orada şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR