""Sabah" rəhbərliyindən mənə qarşı hörmətsizlik hiss etdiyim üçün klubdan ayrıldım" - Serbiyalı müdafiəçi

Yəqin ki, bir çoxları Filip İvanoviç adını tanıyır.

Metbuat.az Offsideplus.az-a istinadla xəbər verir ki, serbiyalı müdafiəçi 2018-ci ildən 2020/21 mövsümünə kimi “Sabah”ın heyətində çıxış edib. 29 yaşlı futbolçu “tələbələr”in oyunçusu kimi 59 qarşılaşmada meydanda olub və 2 qol vurmağı bacarıb. Filip İvanoviç hazırda Albaniyanın “Teuta” klubunda çıxış edir. Serbiyalı müdafiəçi ilə əlaqə saxlayıb, Bakı xatirələri ilə bağlı söhbət etdik. 29 yaşlı futbolçu “Sabah”da nə üçün qalmadığı haqda da danışdı...

- Filip yeni komandanda işlərin necə gedir?

- Hər şey yaxşıdı. Çempionatda liderlərdən biriyik. Hazırda 6 turdan sonra 11 xalla 2-3-cü pillələrdə qərarlaşmışıq. Albaniya çempionatında 3, kubok və superkubokda 1 qarşılaşmada meydanda çıxmışam. Hər şey qaydasındadır. Yavaş-yavaş daha da yaxşı olacaq.

- Bakı üçün darıxmısan?

-Əlbəttə! Burada 2 ildən çox müddət yaşamışam. Şəhəriniz çox gözəldi. Darıxmamaq mümkün deyil.

- Bəs “Sabah” üçün?

- Hamı bilir ki, mən bu komandanı sevirəm. Onun üçün nələr etdiyim də hər kəsə bəllidir. Bunları bir-bir sadalamağa ehtiyac yoxdur. Komanda yoldaşlarımdan, həkimlərdən, masajçılardan, klubun ətrafından olanların hamısından soruşa bilərsiniz. “Sabah”ın mənim üçün çox önəmi var idi. Hamıya sevgi, hörmət bəsləyirdim, onlar da mənə...

- Nə baş verdi ki, ötən mövsümün sonunda “Sabah”dan ayrıldın?

- Klub mənim qalmağımı istəyirdi. Lakin son zamanlar onlardan hörmət hiss eləmədim. Bu səbəbdən də ayrılmaq qərarı verdim.

- Belə başa düşdüm ki, həmin dövrdə “Sabah”ın baş məşqçisi olan Ramin Quliyev sənə pis davranıb?

- Yox, yox! Ramin Quliyev mənə çox hörmət edirdi. Hətta komandada qalmağımı da istəyirdi.

- Tək qalır “Sabah”ın prezidenti Maqsud Adıgözəlov? O, sənə hörmətsizlik etdi?

- “Sabah”ın hazırkı durumuna görə üzgünəm. Mən bu klubu fiziki olaraq tərk etmişəm. Amma könlüm həmişə oradadır. Ordakı futbolçular mənim qardaşlarımdılar. Ümid edirəm ki, klubun işləri qaydasına düşəcək və yaxşı nəticələr əldə etməyə başlayacaqlar.

- Bunları anladıq. Belə başa düşüm ki, Klub prezidenti sənə sayğısızlıq edib?

- “Sabah”da hər kəslə münasibətim yaxşı idi. Hamı klubda qalmağımı istəyirdi. Yeni müqavilə bağlamaq ərəfəsində idik. Klub rəhbərliyindən özümə qarşı hörmət hiss etmədim və qərar verdim ki, buranı tərk edim.

- Konkret olaraq ad çəkmirsən. Maqsud Adıgözəlov sənə qarşı hörmətsizlik edib?

-Bizim onunla görüşümüz oldu. Mənə bildirdi ki, əlimdən gələni edəcəm ki, klubda qalasan. Amma dediklərinin heç bir baş vermədi. Bu səbəbdən də klubdan ayrıldım. Özümə qarşı hörmətsizlik hiss etdiyim üçün “Sabah”ı tərk etdim.

- Hazırda “Sabah”ın Azərbaycan çempionatında vəziyyəti yaxşı deyil. Bu haqda nə deyə bilərsən?

- Fərdi keyfiyyətlər futbol üçün kifayət deyil. Nəticə üçün hər tərəfli olmaq lazımdı. Komandanın qələbə qazanması üçün əsas məqam budur. Klubda yeni futbolçular çoxdur. Onların adaptasiya olması üçün zamana ehtiyac var. Hər şey daha yaxşı olacaq.

- Son olaraq, klub rəhbərliyindən maaşının artırılmasını istədiyin üçün sənlə razılaşmadılar?

- Bu haqda daha danışmaq istəmirəm. Sadəcə, özümə qarşı hörmətsizlik hiss etdim və “Sabah”ı tərk etdim.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR