Qələbə azərbaycanlılar haqqında “məğlub xalq” sindromunu sındırdı, xalqın inamını özünə qaytardı -

"Azərbaycan 44 günlük Vətən müharibəsi ilə düşməni məğlubiyyətə uğradaraq torpaqlarımızı işğaldan azad etməklə yanaşı, regionda və dünyada yeni reallıqlar yaratdı. Hərbi əməliyyatların sonunda imzalanmış üçtərəfli Bəyanat, həmçinin yaranmış yeni reallıqların hüquqi və siyasi bünövrəsini müəyyənləşdirdi".

Bu fikirləri Metbuat.az-a millət vəkili Cavid Osmanov deyib. Millət vəkili tərəflərin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz barədə danışaraq qeyd etdi ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərirlər. Beləliklə, Türkiyə rəsmi qaydada atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Deputatın sözlərinə görə, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında mühüm amillərdən biri də nəqliyyat və kommunikasiyaların açılmasıdır ki, bu da üçtərəfli Bəyanatda əks olunub. Nəqliyyat kommunikasiyalarının açılması ilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi yaradılacaq.


"İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən təmin olunacaq. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin etdiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarında deyil. Ermənistan 30 il davam edən danışıqlar prosesində istədiklərinə nail ola bilmədi. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, tarixi və əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Ən əsası, Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Uzun illər ərzində formalaşdırılan erməni mifləri darmadağın edildi, “böyük Ermənistan” planı fiaskoya uğradı".

Üçtərəfli Bəyanatın rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçılıq siyasətinə son qoyduğunu vurğulayan C.Osmanov bildirib ki, qələbə azərbaycanlılar haqqında “məğlub xalq” sindromunu sındırdı, xalqın inamını özünə qaytardı.

"Bütün dünya gördü ki, Azərbaycan xalqı məğlubiyyətlə barışan deyil. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı ordu quruculuğu və qətiyyətli siyasət nəticəsində dünyanın 50 ən güclü ordusundan birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində tarix yazdı. Ordumuzun döyüş taktikası, əsgər və zabitlərimizin göstərdikləri şücaət dünya hərb tarixində yeni səhifə açdı. Bu gün dünyanın hərbi mərkəz və məktəblərində Azərbaycanın Vətən müharibəsi, eyni zamanda, Şuşanın azad edilməsi uğrunda Ordumuzun həyata keçirdiyi döyüş əməliyyatları geniş təhlil edilir və öyrənilir. Ümumxalq birliyinin təntənəsi və Ordumuzun zəfər yürüşü nəticəsində imzalanan üçtərəfli Bəyanat status-kvonu dəyişdi" , - deyə Cavid Osmanov fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR