Dünənki faciəvi qəzadan sonra televiziya kanalları əyləncəli verilişlər yayımlayıb? -

Xəbər verdiyimiz kimi, Xızıda baş verən helikopter qəzasında 14 hərbçimiz şəhid olub. Sosial şəbəkələrdə televiziya kanallarında əyləncəli verilişlərin yayımlandığı qeyd olunub.

Metbuat.az xəbər verir ki, "ARB Media Qrup" mətbuat katibi Mail Əsgərov saytımıza bildirib ki, ARB televiziyası ötən gün baş verən “Qaraheybət” faciəsi ilə əlaqədar “Həmin Zaur” verilişinin kontentində köklü dəyişikliklər edib. Belə ki, verilişdə şou və əyləncə ləğv edilərək, vətənpərvər musiqi və muğamla əvəz edilib. Lakin buna baxmayaraq sosial şəbəkədə kanala qarşı qara piar aparılıb.

Xatırladaq ki, Vətən müharibəsindən əvvəl və sonra da daim şəhidlər və qazilərlə bağlı mövzulara həssas yanaşmağımız tamaşaçılarımıza məlumdur. "ARB Media Qrup" şəhid və qazilərimizin qəhrəmanlıqlarına 510 süjet, film və mütəmadi olaraq bir sıra verilişlər həsr edib. Bu ənənəmiz fəaliyyətdə olduğumuz müddətdə davam edəcək.

Bundan başqa, məsələ ilə bağlı Metbuat.az-ın sorğusuna cavab olaraq ATV telekanalının media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli əyləncə xarakterli verilişlərin dayandırıldığını bildirib:

“Həmin gündən etibarən proqramda dəyişiklik edildi. Efirdə olacaq əyləncəli verilişlər çıxarıldı. Baş vermiş hadisə ilə bağlı reportajlar, sujetlər və şərhlər yayımlandı və bu gün də məsələ ilə bağlı efir siyasətimiz eyni qayda ilə davam edəcək. Əlavə olaraq onu da qeyd edək ki, bu gün efirimizdə Laçın rayonunun işğaldan azad edilməsinin 1-ci ildönümü ilə bağlı materiallara da geniş yer verilib. ATV telekanalı olaraq, şəhidlərimizin ailələrinə baş sağlığı veririk. Allah şəhidlərimizə rəhmət eləsin! Yaralananlara isə Allahdan şəfa diləyirik”,- deyə qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR