Putinin “ikinci SSRİ utopiyası”: Qazaxıstan Ukraynaya görə qurban getdi -

Son günlər Qazaxıstanda baş verənlərdən sonra həm regionda, həm də dünyada Rusiya və yaxud KTMT təhdidinin olacağı ilə bağlı fikirlər səsləndirilməkdədir.

Bununla yanaşı Rusiya Prezidenti Vladimir Putinin keçmiş “SSRİ-ni bərpa etmək” niyyəti ilə bağlı ortalıqda gəzən söz-söhbətlər də hədəf seçilən dövlətlərin parçalanacağı ilə bağlı iddiaları sürətləndirir.

“Beynəlxalq münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin təsisçisi politoloq Samir Hümbətov Metbuat.az-a bildirdi ki, Rusiyanın regionla bağlı atdığı addımları müşahidə etdiyimiz zaman görürük ki, bu davranışlarda bir qeyri-müəyyənlik var. Müsahibimiz deyir ki, bu proseslərin SSRİ-nin yaradılması üçün bünövrə olduğunu düşünənlər olsa da, Putin özü də çox yaxşı başa düşür ki, bu bir xəyal və utopiyadır.


“Bildirim ki, hətta çıxışlarının birində Rusiya Prezidenti Vladimir Putin də demişdi ki, “belə bir xəyalı etmək özü də gözəl bir hissdir”. Onlar bunu istəsələr də anlayırlar ki, prosesin özü də çox çətin mərhələlərdən keçməlidir. Heç beynəlxalq aləm də belə bir addımın atılmasına imkan verməyəcəkdir. Biz bunu Rusiyanın üzərində olan təzyiqlər fonunda da görə bilərik. Digər tərəfdən Qazaxıstanda baş verən prosesləri belə qiymətləndirmək olar ki, Rusiya üçün bir fürsət lazım idi və o bu fürsəti yaxaladı. Qazaxıstanda baş verən sosial-iqtisadi vəziyyətin kritikləşməsi həmçinin Qərb və Çindən olan basqı da Rusiyanın rahat bir formada ölkədə xaos yaratmasına köməkçi oldu. Putinə belə şans göydən düşmə oldu desək yanılmarıq. Məhz Ukrayna cəbhəsində baş verən hadisələrə görə Qərblə bir masaya oturmaq üçün Putin Qazaxıstandan istifadə etdi”.

Son günlər Belarusiya Prezidenti Aleksandr Lukaşenkonun Özbəkistanla bağlı səsləndirdikləri də siyasi arenada bir mənalı qəbul edilmədi. Doğurdanmı KTMT-nin növbəti hədəfi Özbəkistandır?

Politoloq bu suala cavab olaraq bildirdi ki, zamanında ölkəsində baş verən ixtişaşlardan baş aça bilməyib Putinin yanına qaçan Belarusiya prezidenti Aleksandr Lukaşenkonun Özbəkistanla bağlı dediklərinin məqsədi ittifaq dövləti formalaşdırılmasına cəhddir.

“Belə bir ittifaqın da qurulması üçün şərtlər əsasdır. Nə Qazaxıstan, nə də Özbəkistan Rusiya ilə belə bir ittifaq dövlətinin tərkibində olmaq istəməzlər. Yəni bu dövlətlər nə Rusiyaya SSRİ- dövləti qurmağa imkan verməz, nə də özləri bu birliyin tərkibində olmaq üçün istək nümayiş etdirərlər. Fikrimcə, Qazaxıstandan fərqli olaraq Özbəkistanda etnik mənşə etibarı ilə daha çox özbəklər yaşayır. Yəni, rusmənşəli vətəndaşlar elə də çox deyil. Bu da ölkədə sabitliyi pozmaq istəyən qüvvələr üçün o dərəcədə əlverişli hesab edilmir. Digər tərəfdən Şövkət Mirzəyevin gəlişindən sonra idarəetmədə islahatlar aparıldı. İslam Kərimovdan qalma rusmeyilli kadrların bəziləri hakimiyyətdən uzaqlaşdırıldı. Orduda ciddi disiplin formalaşdırıldı. Hətta Özbəkistan Türkiyədən PUA-ların alışını da həyata keçirdi. Eyni zamanda Özbəkistanda milli kimlik məsələsi Qazaxıstana nisbətən daha yüksək görünür. Əlbəttə ki, Rusiya üçün Mərkəzi Asiyanı və digər post-sovet ölkələri öz təsir dairəsinə almaq böyük arzudur. Amma bu arzunun reallaşmasının qeyr-mümkün olması Rusiyanın özü tərəfindən də daha yaxşı başa düşülməkdədir. Rusiya daxilində SSRİ-nin qurulmasına maraqlı olan siyasi kütlə olsa da, bu reallıqdan uzaq bir arzudur. Bu istəyin reallaşması inandırıcı görünmür.”

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR