Azərbaycanda qadın qətlinin üstü iki ildən sonra açıldı

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin səmərəli birgə fəaliyyəti nəticəsində iki il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Belə ki, 4 sentyabr 2020-ci il tarixdə saat 10:00 radələrində Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində 1962-ci il təvəllüdlü Şəmmədova Aidə Ağadadaş qızının yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin həmkəndlisi 1992-ci il təvəllüdlü Tapdıqov Şəhriyar Əliyar oğlunun 2020-ci il sentyabrın 4-ü Aidə Şəmmədovanın yaşadığı evə tamah niyyəti ilə daxil olaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

2022-ci il yanvarın 9-u Şəhriyar Tapdıqov şübhəli şəxs qismində tutulub. Sonuncu istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf etməklə cinayət alətini təqdim edib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edilməlidir ki, Baş Prokurorluq tərəfindən bağlı qalmış işlərin açılması istiqamətində fəaliyyət davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR