“44 günlük Vətən müharibəsində nail olduğumuz qələbə Azərbaycanın mövcudluq tarixinin ən uca zirvəsidir. Son 18 ildə Ümummilli Liderin siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin təkmil islahatları nəticəsində Azərbaycan iqtisadi müstəqilliyinə nail oldu, dünyada öz sözünü deyən və haqq səsini müdafiə edə bilən ölkəyə çevrildi”.
Bu fikirləri Metbuat.az-a Milli Məclisin deputatı Azər Badamov deyib. Millət vəkili bildirdi ki, 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümumilli lider, Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə yenicə formalaşdırılmış ordumuz əks hücuma keçərək Füzuli rayonunun 21 kəndini və Horadiz qəsəbəsini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etməklə azğınlaşmış erməniləri geri oturdaraq atəşkəsə nail olunmuşdur. Azər Badamov şərh etdi ki, dəfələrlə edilmiş xəbərdarlıqlara, aparılmış danışıqlara baxmayaraq Ermənistan atəşkəsi pozaraq yaşayış yerlərini atəşə tutub, dinc əhalinin gündəlik həyatında problemlər yaradırdı. Yüksək səbr və iradə nümayiş etdirən Cənab İlham Əliyev yenidən müharibənin yaşanmasını, şəhidlərin verilməsini istəmirdi. Ona görə də hər dəfə düşmən təxribatlarının qarşısı alınmaqla münaqişənin ədalətli həllinə danışıqlar yolu ilə nail olmaq istəyirdi.
“Ali Baş Komandanın seçdiyi çox düzgün döyüş taktikası sayəsində 44 günlük müharibənin hər gününü addım-addım irəliləməklə qələbəyə yaxınlaşdıq. Nəhayət, 8 noyabrda Şuşanı işğaldan azad etməklə düşmən ordusunu tamamilə məhv və masa arxasında danışıqlardan imtina edən Paşinyanı naməlum şəraitdə üçtərəfli bəyanatı imzalamağa məcbur etdik. İndi isə bütün torpaqlarımızı işğaldan azad etməklə Böyük Qayıdışı davam etdiririk. Cənab Prezident işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər edir, şəhər və kəndlərin baş planları təsdiqlənir və yeni-yeni layihələrin təməlləri qoyulur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bütün infrastruktur və kommunikasiyalar müasir şəkildə bərpa olunaraq yenidən qurulur. Şuşa mədəniyyət paytaxtı elan olundu, özündə müasirliyi və qədimliyi əks etdirməklə şəhər yenidən qurulur. Qısa olaraq qeyd etmək olar ki, düşmənimizin 30 ildə dağıtdığı və taladığı ərazilərimiz indi tikinti meydançasına çevrilmişdir”.
Millət vəkili qeyd etdi ki, dövlət başçısı İlham Əliyev hər səfəri çərçivəsində “Dəmir yumruğ”un gücünü xatırladır və düşmən bizi müharibəyə vadar edərsə, yenidən işə düşəcəyini bildirir. Zaman onu göstərdi ki, ölkə Prezidentinin ifadə etdiyi hər bir söz real həyatda öz əksini tapır. Məhz işğaldan azad olunmuş torpaqlara səfərləri çərçivəsində Prezidentin səsləndirdiyi mesajlar öz ünvanlarına daha tez çatır və düşmənlərimizi düşünməyə vadar edir.
“Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yenidən bərpa olunur, investisiyalar yatırılır, iqtisadi potensialı dirçəldilir. Yaxın gələcəkdə isə bu iqtisadi rayonlar öz sakinlərinə yenidən qovuşmaqla Azərbaycana yeni güc verəcəkdir. Qarabağ və Şərqi Zəngəzura yenidən həyat və ruh qaytarılmaqla Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi daha da möhkəmlənəcək”.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə şərhində vurğuladı ki, müstəqil Azərbaycanın tarixində ən əlamətdar hadisələrdən biri heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsi və Ali Baş Komandan Cənab İlham Əliyevlə ordumuzun və xalqımızın birliyi, iradəsi, əzmi sayəsində torpaqlarımızın işğaldan azad olunmasıdır.
“27 sentyabrdan başlanan yol hesab edirəm ki, Azərbaycan xalqının tarixinə ən şərəfli günlər kimi yazıldı. Allah şəhidlərimizə rəhmət etsin, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Amma şəhidsiz, qurbansız Vətən qorunmur. Bütün dünya tarixi bunu göstərir. Qazilərimizə Allahdan şəfa diləyirik. Azərbaycan tarixi zəfərinin sevincini yaşayır. Bu qələbə Azərbaycan Prezidentinin tarixi zəfəri oldu. Baxmayaraq ki, 30 ilə yaxın müddətdənə nə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmuşdu, nə ATƏT-in Minsk qrupu iş görmüşdü. Nəzərə alsaq ki, ATƏT-in Minsk qrupunda dünyanın ən güclü dövlətləri həmsədrlik edirdilər və onlar da Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısalar da, faktiki olaraq heç bir addım atmırdılar. Amma Cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bütün dünya Azərbaycanın dostuna çevrildi. Bir neçə dövləti çıxmaq şərtilə, hansı ki, onlar ənənəvi ermənipərəst, antiislam, antitürk mövqeyi tutublar, bütün dövlətlər Azərbaycanın qələbəsini qəbul etdi, dəstəklədi və ölkəmizin 44 gündə apardığı qüdrətli savaşın nəticəsi olaraq ermənilər kapitulyasiya aktını imzalamalı oldular. Bizim üçün əsas olan odur ki, kapitulyasiya aktına imza atıldı. Üç böyük rayonumuz, hansı ki, ermənilər onlarda keçilməz istehkamlar qurmuşdular, onlar bir güllə atılmadan azad olundular. Bunlar Ağdam, Kəlbəcər və Laçın rayonlarıdır. Laçın və Kəlbəcər ərazicə Azərbaycanın, ümumilikdə Cənubi Qafqazın ən böyük inzibati ərazi vahidlərindən biridir. Bu rayonlar dağlıq yerlərdir. Müharibə aparmaq böyük itkilərə səbəb ola bilərdi. Cənab İlham Əliyevin sərkərdərlik bacarığının qüdrəti idi ki, bu qələbələrə nail olduq”.
Millət vəkili deyir ki, Azərbaycan öz ərazilərinin sahibidir, öz ərazilərindən istədiyi kimi istifadə etmək iqtidarındadır. Bu, əməkdaşlığa, sülhə, əmin-amanlığa, bölgədə dayanıqlı inkişafa yönəlmiş bir fəaliyyətdir. Musa Quliyev onu da vurğuladı ki, eyni zamanda, biz artıq sərhədlərin delimitasiyası və demarkasiyasına da başlamışıq. Bu da sülhün davamlı olması, gələcəkdə hər hansı bir iddiaların qarşısının alınması üçün çox vacib amillərdən biridir.
“Şərqi Zəngəzur iqtisadi rayonunun yaranması bütün dünyaya Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var mesajını verir. Heç şübhəsiz ki, Zəngəzur dəhlizi açılandan sonra Şərqi Zəngəzur da, Qərbi Zəngzur da yaxın gələcəkdə birləşəcək və azərbaycanlılar Cənab Prezidentimizin qeyd etdiyi kimi, öz tarixi torpaqlarına - Zəngəzura, Göyçəyə, İrəvan mahalına gedib-gələcək, orada yaşayacaq, fəaliyyətlərini davam etdirəcəklər. İqtisadi rayonların yeni bölgüsü, eyni zamanda, dünyaya belə bir mesaj oldu ki, daha Dağlıq Qarabağ deyilən bir anlayış yoxdur. Vahid Qarabağ var. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu ərazinin həm iqtisadi, həm də siyasi cəhətdən böyük əhəmiyyəti vardır.
Dünyaya bu mesajı da vermək olur ki, dövlətimiz Azərbaycan Konstitusiyasını, qanunlarını, bayrağını qəbul edən, hörmətlə yanaşan, o qanunlar çərçivəsində yaşamaq istəyən, milliyyətindən, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşına eyni zəmanəti verir. Əgər Qarabağ ərazisində yaşayan ermənilər bundan sonra dinc fəaliyyətlərini davam etdirmək istəyirlərsə, Azərbaycan xalqına qarşı hər hansı cinayət əməlində olmayıblarsa, bizim qanunlar çərçivəsində yaşaya, fəaliyyət göstərə bilərlər. Yalnız Azərbaycanın deyil, bütövlükdə regionun tarixində işıqlı səhifə açılıb. O səhifənin də müəllifi cənab İlham Əliyevdir. Hesab edirəm ki, ölkə Prezidenti bu yeni səhifəni açmaqla bütövlükdə region xalqlarına sülh, əmin-amanlıq, birgə yaşayış, iqtisadi inkişaf və yüksək rifah bəxş etmiş oldu. Bunu zaman-zaman Azərbaycan xalqı ilə yanaşı, bütün region xalqları da öz tarixlərində, ədəbiyyatlarında yaşadacaqlar”.
Gülbəniz Hüseynli / METBUAT.AZ
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.
Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.