“Azərsu”yun əməkdaşı fiziki təzyiqə məruz qalıb

“Azərsu” ASC-nin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abunəçinin fiziki təzyiqinə məruz qalıb.

Bu barədə Metbuat.az-a qurumdan məlumat verilib.

Məlumatda deyilir ki, səhmdar cəmiyyəti içməli su və tullantı su xidmətlərinə görə ödəniş səviyyəsinin yüksəldilməsi və debitor borc probleminin həlli məqsədilə zəruri tədbirlər görür. Abunəçilərin ödənişə cəlb edilməsi məqsədilə maarifləndirmə və təbliğat işləri gücləndirilsə də, bəzi abonentlər göstərilən xidmətlərə görə ödəniş etmək istəmir, bu azmış kimi xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarına qarşı kobud rəftar edir, təhdid və fiziki təzyiqlərə məruz qoyurlar. Qurumun "Bağlar Sukanal” İdarəsinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abunəçinin fiziki təzyiqi ilə üzləşib.

Belə ki, idarənin xidməti ərazisində olan “Saray-H” MTK-ya məxsus evin 45-ci mənzilində yaşayan abunəçinin içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə yığılmış 680 manat borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, vətəndaş borcu ödəməkdən imtina edib. “Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən 7 fevral 2022-ci il tarixində iş əmri yaradılıb və mənzilin su təchizatı dayandırılıb. Buna baxmayaraq vətəndaş su xəttini özbaşına şəbəkəyə qoşub.

8 fevral 2022-ci il tarixində “Bağlar Sukanal” İdarəsinin əməkdaşı İsazadə Allahşükür Həsrət oğlu həmin ünvana yaxınlaşaraq abunəçiyə borcun ödənilməsinin vacibliyini izah edib. Lakin o, "Azərsu" əməkdaşı ilə aqressiv davranaraq ona fiziki təzyiq göstərib, yumruqla vuraraq xəsarət yetirib.

Baş vermiş hadisəni “Bağlar Sukanal” İdarəsinin əməkdaşları aktlaşdırıb, A.İsazadə tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə müraciət olunub.

"Göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə “Azərsu” hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər", - deyə "Azərsu" bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR