ÜST koronavirusla mübarizə üçün Azərbaycana yeni avadanlıqlar təqdim edib

Avropa İttifaqı (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşlığı ilə keçirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri çərçivəsində ÜST-ün Azərbaycan nümayəndəliyi tərəfindən "Yeni Klinika"da sertifikatların təqdimatı və təhvil-təslim mərasimi təşkil edilib.

Metbuat.az xəbər verir ki, tədbir COVID-19 pandemiyası ilə mübarizədə sözügedən layihələrin dəstəyini vurğulamaq, davamlı tibbi təhsil sahəsi üzrə tibb müəssisələrinin və tibb işçilərinin fəaliyyətlərini qiymətləndirmək, eləcə də infeksiyanın qarşısının alınması və nəzarət üzrə ləvazimatlarını təhvil-təslimini həyata keçirmək məqsədilə təşkil edilib.

Tədbirdə səhiyyə nazirinin müavini Nadir Zeynalov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı, Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, həmçinin ölkənin müxtəlif bölgələrindən olan tibb işçiləri iştirak edib.

Tədbirdə hər iki layihə çərçivəsində ötən il ərzində COVID-19 pandemiyası ilə mübarizə istiqamətində görülmüş işlər və əldə olunmuş əsas nailiyyətlər təqdim edilib.

Bildirilib ki, qısa müddət ərzində ölkə üzrə 15 təlim mərkəzində 7000-dən çox tibb işçisi “COVID-19 Vaksinasiyası”, “COVID-19 xəstələrinin stasionarda idarəolunması”, “Təməl Həyat Dəstəyi” və “Təkmil Həyat Dəstəyi” mövzuları çərçivəsində üzbəüz təlimlər keçib.

Bununla yanaşı, ÜST Azərbaycan onlayn öyrənmə imkanlarını təbliğ edərək, OpenWHO platformasında Azərbaycan səhifəsini təqdim edib. OpenWHO təcili yardım xidmətini təkmilləşdirmək məqsədilə ÜST ekspertləri tərəfindən hazırlanmış onlayn kurslar təklif edən interaktiv, sübuta əsaslanan, bilik ötürülməsini hədəfləyən platformadır. Təkcə 2021-ci ildə Azərbaycanın tibb işçiləri OpenWHO platformasında 15000 kursa qoşulub.

Tədbir zamanı, 50 tibb müəssisəsi və tibb işçisi Aİ-ÜST layihələri çərçivəsində davamlı tibbi təhsil istiqamətində göstərdikləri dəstəyə və fəal iştiraka görə təltif edilib. Sonda tibb müəssisələrində infeksiyaların qarşısının alınması və mübarizə tədbirlərini gücləndirilməsi məqsədilə “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində TƏBİB-ə 1000 əl gigiyenası dispenseri, 2000 litr əl dezinfeksiyaedici vasitə, 3000 kiçik əl dezinfeksiyaedici (100 ml) və 3000 kəmər klipi təhvil verilib.

Qeyd edək ki, “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən 2020-ci ilin aprel ayından etibarən həyata keçirilən COVID-19 pandemiyası ilə mübarizəyə dəstək layihəsidir. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir.
Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və gündəlik immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı Nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR