Milli Məclisin deputatları İsrailə səfər edəcək

İsraildə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək.

Bu barədə Metbuat.az-a Milli Məclisdən məlumat verilib.

Qeyd olunub ki, Milli Məclisin deputatı Anatoliy Rafailov “Xocalının Anım Günü”nə həsr olunmuş dəyirmi masada iştirak etmək üçün fevralın 20-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcək.

Tədbir Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyi və “İsraildəki Azərbaycan Evi”nin təşkilatçılığı ilə həyata keçirilir.

Yığıncaqda Xocalıda baş vermiş qətliamda həlak olan dinc insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın tarixi, faciə barədə həqiqətlərin geniş ictimaiyyətə çatdırılması və dünyada təbliği istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində, həmçinin Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində möhtəşəm qələbəsinə həsr olunmuş «Ирс-Наследие» jurnalının ivrit dilində təqdimatı keçiriləcək.

Tədbirlərdə İsrail Knessetinin deputatları, yerli hakimiyyət nümayəndələri, ictimai təşkilatların təmsilçiləri iştirak edəcəklər.

Səfər fevralın 27-də başa çatacaq.

Milli Məclisin deputatı Sevil Mikayılova isə Xocalı soyqırımına həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 19-da İsrailin Qüds şəhərinə səfər edəcək.

“Xocalıya ədalət” kampaniyası çərçivəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən mərasimlərə İsrail Knessetinin deputatları, şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri qatılacaqlar.

Tədbirlərdə Xocalı soyqırımı nəticəsində həlak olan insanların xatirəsi anılacaq, erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilən bu qətliam barədə məlumat veriləcək, faciəni əks etdirən sənədlər təqdim olunacaq.

Səfər çərçivəsində deputatımızın İsrail parlamentində Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşü nəzərdə tutulub.

Səfər fevralın 23-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR