Ukrayna böhranı hazırda davam etsə də, müharibə riski aşağıdır -

“Rusiya Müdafiə nazirliyi son iki gündür açıqlama verir ki, hərbi təlimlər bitdiyi üçün biz artıq Ukrayna ilə sərhəddən qoşunlarımızı yavaş-yavaş geri çəkirik. Proseslərin əvvəlində Rusiya bildirdi ki, bizim işğal planımız yoxdur. Lakin bu qədər böyükmiqyaslı təlimləri Ukrayna sərhəddində keçirir. Rusiyanın bu təlimləri keçirmək üçün kifayət qədər böyük əraziləri var”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq, “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin rəhbəri Samir Hümbətov deyib. Politoloqun sözlərinə görə, Rusiya özü də bilir ki, Ukrayna ilə müharibə edə bilməz:

“Əgər bu müharibəyə başlasa, bu ölkəyə ikitərəfli zərbə olacaq. Birincisi, Rusiyaya böyük iqtisadi sanksiyalar tətbiq oluna, ikincisi, dünya birliyindən təcrid oluna bilər. Ona görə də Rusiya bu məsələdə geri addım atmağa başlayıb. Rusiya burada ABŞ və Qərbi Avropa dövlətlərinin iddia etdiyi kimi işğal planlaşdırmır, sadəcə olaraq gövdə göstərisi etməklə təminat almaq istəyir. Rusiyanın əsas hədəfi Şərqi Avropada yerləşdirilmiş raket sistemlərinin NATO tərəfindən geri çəkilməsi və Rusiya ilə danışıqların 1997-ci il müqaviləsinə qayıtmasıdır. NATO nə bu şərtlərə əməl etdi, nə də Ukrayna və Gürcüstanın ittifaqa qəbul edilməməsi ilə əlaqədar yazılı təminat verdi. Rusiyanın nüvə silahı olsa da yaxşı başa düşür ki, NATO ilə eyni hərbi gücdə deyil və hazırda Qərblə müharibə apara bilməz. Ukrayna böhranı həm Rusiyanın, həm də Qərbin bir-birinə gövdə göstərməsi kimi bir şeydir. Bu məsələdə heç bir dövlət geri addım atmaq istəmir. Rusiya da bilirdi ki, onun geri addım atması postsovet məkanında nüfuzunun aşağı düşməsinə gətirib çıxara bilər”.

S.Hümbətov vurğulayıb ki, məsələnin üçüncü tərəfi isə Türkiyədir: “Prezident Ərdoğan iki ölkə prezidentini dialoqa çağırıb və onlar da razılaşıblar. Dialoq olduğu təqdirdə Rusiyanın Ukraynaya hücumu ağılsız addımdır və fikrimcə, Putin bununla razılaşmayacaq. Türkiyə ilə Ukrayna arasında 16 oktyabr 2021-ci ildə 21 istiqamət üzrə hərbi müqavilə imzalanıb. Həmin müqavilənin şərtlərində göstərilir ki, Türkiyə və Ukrayna tərəflərindən hər hansı birinə hərbi hücum olarsa, iki ölkə bir-birinə kömək etməyə borcludur. Türkiyə bu gün Ukraynada çox aktiv şəkildə işləyir, türk hərbiçilər Ukrayna ordusuna təlimlər keçir. Bununla bağlı artıq dəfələrlə məlumat yayılıb. Türkiyə də bunu təkzib etməyib. Bu yaxınlarda bir rus general da açıqlamsında bildirib ki, Rusiya ağılsızlıq edib Ukraynaya hücuma keçərsə, bu Türkiyənin Krımı tutması deməkdir. Ona görə də Rusiya hərtərəfli məsələni ölçüb-biçib və təlimlərin bitməsi adı ilə qoşunlarını geri çəkir. Ukrayna böhranı hazırda davam etsə də, müharibə riski aşağıdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR