İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə birinci xanım Mehriban Əliyeva da iştirak edib.

Görüş iştirakçılarını salamlayan TASS agentliyinin Baş direktoru Sergey Mixaylov deyib: Salam, həmkarlar. Biz sizin hamınızı burada görməyə şadıq. Əlbəttə, pandemiya üzərində qələbə elan edə bilmərik, lakin yavaş-yavaş TASS-ın məşhur “TASS-ın baş redaktorları klubu”nu bərpa edirik. Ona görə yox ki, biz əlifba sırası ilə “A” hərfindən başlamağı qərara almışıq, sadəcə, belə alınıb. TASS agentliyinə gəldiyinizə görə çox sağ olun. Cənab Prezident, biz çox şadıq, Siz burada həmişə çox əziz qonaqsınız və 10 il bundan əvvəlki görüş yadımızdadır, Mehriban xanım da burada olmuşdu. Ümumiyyətlə, nisbətən yaxın vaxtlarda, 5-6 il bundan əvvəl. Adətən bizim görüşlər səmimi dostluq şəraitində keçir. İstənilən sualları verə bilərsiniz. Siz nə isə demək istəyirsinizmi?

Prezident İlham Əliyev: Çox sağ olun. Mən Rusiyanın aparıcı media rəhbərləri ilə görüşmək imkanı yaratdığına görə TASS rəhbərliyinə təşəkkür etmək istərdim. Zənnimcə, mənim Rusiyaya rəsmi səfərimin formatı və əlbəttə, xüsusən dünən qarşılıqlı müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması nəzərə alınmaqla, əsl münasib vaxtdır. Rusiya ilə Azərbaycan arasında çoxsaylı sənədlər imzalanıb – 200-dən artıq. Lakin bu, xüsusi sənəddir, çünki dövlətlərarası münasibətlər qurulmasından 30 il keçdikdən sonra biz müttəfiqlik səviyyəsinə çatmışıq. Əslində, mən deyərdim ki, biz bunu rəsmən təsbit etmişik. Ona görə ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri, mənim fikrimcə, uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Yəni, bu sənəd təkcə böyük işə yekun vurmaqla qalmayıb, həm də Rusiya ilə Azərbaycanın gələcək qarşılıqlı əlaqələri üçün, müsbət regional inkişaf üçün böyük perspektivlər açır. Bu sənəd imzalanandan heç bir gün keçməmiş mən buradayam. Qeyd edildiyi kimi, mən buraya ilk dəfə gəlməmişəm və bu divarlar mənə doğma olub. Xüsusən TASS-da həmişə mövcud olan sərbəstlik şəraitini, fikir mübadiləsi aparmaq və bəzən rəsmi bəyanatların çərçivəsindən kənarda olan müəyyən məsələləri aydınlaşdırmaq imkanını vurğulamaq istərdim.

Dünən Rusiya Prezidenti və mən rəsmi bəyanatlar verdik. Həmin bəyanatlar Azərbaycan mətbuatında tam şəkildə dərc edilib. Fikrimcə, onlarla tanış olmağa imkanınız olub. Buna görə təkrarçılıq etmək istəməzdim. Zənnimcə, sadəcə, bizim söhbətimiz üçün daha çox vaxt saxlamaq lazımdır. Beləliklə, sizin hamınızı görməyə çox şadam. Sağ olun ki, gəlməyə, vaxtınızı bu görüşə sərf etməyə imkan tapmısınız. Mən bunu çox yüksək qiymətləndirirəm.

Sergey Mixaylov: Buyurun, həmkarlar.

Vladislav Fronin, “Rossiyskaya qazeta”nın Baş redaktoru: Onda Bəyannaməyə aid birinci sual yaranır. Bəyannamədə 43 bənd var. Siz ümumi sözlərlə “ümumi səviyyə” deməsək, yeni səviyyə daha konkret olaraq nə deməkdir? Xahiş edirəm izah edin, həqiqətən iqtisadiyyatda, mədəniyyətdə, qarşılıqlı fəaliyyətin digər sahələrində yeni səviyyə nədən ibarətdir? Axı, bizdə neçə illərdir ki, müqavilə mövcuddur. Bəs bu, nə deməkdir, müqavilədən yüksək sənəddirmi?

Prezident İlham Əliyev: Mənim fikrimcə, elədir. Bu, müqavilədən yüksəkdir, ona görə ki, yadımdadırsa müqavilə dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında idi, lakin o, müttəfiqlər kimi münasibətlərin formatını müəyyən etmirdi. Uzun illər boyu Rusiya ilə Azərbaycan arasında münasibətləri mən də, Prezident Putin də strateji tərəfdaşların münasibətləri kimi xarakterizə etmişik. Münasibətlərin indiki formatı ali formatdır. Yəni, bundan yüksək format praktiki olaraq yoxdur. Dövlətlərarası münasibətlərdə bu, belə demək mümkünsə, aysberqin zirvəsidir. Mən tapşırıq vermişəm, Azərbaycanın Xarici İşlər Nazirliyi Bəyannamənin tam mətnini öz saytında yerləşdirib ki, hər kəs onunla tanış ola bilsin. Mənim dünən qeyd etdiyim kimi, orada 43 bənd var. Əlbəttə, bütün bəndləri şərh etmək həddən artıq vaxt aparar. Bir də ki, buna ehtiyac yoxdur, baxmaq olar. Lakin bu Bəyannamənin adının özü çox şeydən xəbər verir. Bu, artıq dediyim kimi, qarşılıqlı fəaliyyətin səviyyəsinin artırılması üzrə uzun illər boyu aparılmış çox ciddi işin nəticəsi, Rusiya və Azərbaycan nümayəndələrindən ibarət qrupun bir ildən artıq müddətdə, - keçən ilin yanvar ayından, - bu Bəyannamənin mətni üzərində konkret işinin nəticəsidir. Bəyannamə həyat fəaliyyətinin praktiki olaraq bütün sahələrini ehtiva edir. Əlbəttə, bu Bəyannaməni müxtəlif istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanma mərhələsindədir.

Onu da deməliyəm ki, Rusiya və Azərbaycan tərəfindən müxtəlif istiqamətlər – ticari-iqtisadi, nəqliyyat, humanitar fəaliyyət və digər istiqamətlər üzrə qəbul edilmiş səkkiz yol xəritəsi reallaşma mərhələsindədir. Yəni, münasibətlər o dərəcədə şaxələndirilib ki, bizim hansı sahələrdə əməkdaşlıq etməyimizi müəyyənləşdirməkdənsə, hansı sahələrdə əməkdaşlıq etmədiyimizi göstərmək və ya söyləmək daha asandır. Əlbəttə, hesab edirəm ki, bizim iki qonşu ölkə üçün bu səviyyəni qarşılıqlı müttəfiqlik səviyyəsi kimi müəyyən etmək böyük nailiyyətdir və əlbəttə, böyük məsuliyyətdir. Biz gələcəkdə də həmişə bu yüksək səviyyəyə uyğun olmalıyıq.

Dmitri Kiselyov, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru: İlham Heydər oğlu, müttəfiqlik münasibətləri bir şəraitdə və bir Rusiya ilə hazırlanıb, lakin dünyada vəziyyətin keyfiyyətcə dəyişdiyi və Rusiyanın da keyfiyyətcə dəyişdiyi məqamda imzalanıb. Biz hamımız nə barədə danışdığımızı bilirik. Bax, bu dəyişmiş şəraitdə Rusiya ilə müttəfiqlik münasibətləri nə deməkdir? Bu, vəziyyəti – bizim müttəfiqlik münasibətlərimizi nə dərəcədə dəyişir və Siz bu şəraitdə həmin münasibətləri necə açıqlayırsınız?

Prezident İlham Əliyev: Bütün bunlar o qədər yaxın vaxtda baş verib ki, əlbəttə, bunu hələ yenidən dərk etmək lazımdır. Lakin deməliyəm ki, Bəyannamənin mətni bir neçə ay bundan əvvəl hazır idi. Yəni, son mətn hazır idi, sadəcə, prezidentlərin şəxsən görüşməsi lazım idi. Əlbəttə, pandemiya ilə bağlı bütün məhdudiyyətlər və prezidentlərin iş qrafiki nəzərə alınmaqla. Hələ mənim Moskvaya bundan əvvəlki səfərim zamanı - noyabrın axırlarında razılıq əldə edilmişdi ki, bu görüş cari ilin əvvəlində olacaq. Hətta Rusiya tərəfi görüşün tarixini də təklif etmişdi. Təklif edilən tarix imzalanma günündən təqribən 20 gün əvvəl idi və biz həmin təklifi qəbul etmişdik. Təbii ki, mən bu tarixi təshih etmək imkanını heç nəzərdən keçirməmişdim, ona görə ki, haqqında sizin dediyiniz hadisələr ayın 21-də, mən təyyarə ilə buraya uçanda baş verdi. Hətta mən hələ Bakıda olsaydım belə, buraya uçub gələrdim. Buna görə də bizim münasibətlərimizdə heç nə dəyişməyib və dəyişməməlidir. Biz bundan sonra da Bəyannamədə əks olunmuş və uzun illər boyu işlədiyimiz istiqamətlərdə çalışacağıq. Biz uzun illər boyu beynəlxalq arenada həmişə bir-birimizi dəstəkləyirik. Saxta təvazökarlıq olmasın, deyə bilərəm ki, bu yolun əsasını mən qoymuşam, AŞPA-da Azərbaycan parlamenti nümayəndə heyətinin sədri olarkən. Biz oraya seçiləndə bizim təşəbbüsümüzlə Rusiya nümayəndə heyəti ilə görüş təşkil etdik və razılığa gəldik ki, bütün məsələlər barədə bir-birimizi dəstəkləyəcəyik və həmişə həmrəylər kimi səs vermişik. Bu ənənə sonradan başqa beynəlxalq strukturlara da transformasiya edib. Ona görə də bunu hətta mütəxəssis olmayanlar da izləyə bilərlər. Odur ki, mənim fikrimcə biz dünən, sadəcə, olanları rəsmiləşdirdik, bunu lazım olduğu şəkildə, bizim münasibətlərimizin ruhuna uyğun şəkildə adlandırdıq və bundan sonra da bu istiqamətdə işləyəcəyik. Əminəm ki, bizim regionda baş vermiş və hələ baş verə biləcək hadisələrlə əlaqədar istər Azərbaycan tərəfindən, istərsə də Rusiya tərəfindən heç bir düzəliş olmayacaq.

Sual: Elə bu mövzunun davamı kimi və eyni zamanda, yaxın vaxtlarda Qarabağda vəziyyətin müəyyən dərəcədə nizamlanmasını nəzərə alaraq Siz necə hesab edirsiniz, indi Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Şanxay Əməkdaşlıq Təşkilatına tərəf meyil edə bilərmi? Belə planlar varmı?

Prezident İlham Əliyev: Şanxay Əməkdaşlıq Təşkilatına gəldikdə, biz müəyyən mənada artıq fəaliyyətə başlamışıq. Artıq neçə ildir ki, biz dialoq üzrə tərəfdaşıq. Bu, birinci pillədir. İkinci pillə - müşahidəçilərdir. Biz bir neçə il bundan əvvəl öz statusumuzu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etmişik. Təəssüf ki, bu məsələ indiyə qədər həll edilməyib. Mənim Rusiya rəhbərliyi ilə, Çin Xalq Respublikasının rəhbərliyi ilə və Şanxay Əməkdaşlıq Təşkilatının digər üzvləri ilə bu kontekstdə əlaqələrim onu göstərir ki, bizim statusumuzu yüksəltməmək üçün heç bir səbəb yoxdur. Lakin bizə məlum olmayan səbəblərə görə, bu məsələ indiyə qədər baş tutmur.

Digər inteqrasiya layihələrinə gəldikdə, biz bunun məqsədəuyğunluğunu və milli maraqlarımıza nə dərəcədə cavab verməsini əsas götürürük. Fikrimcə heç kəs üçün sirr deyil ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rol Rusiyaya məxsusdur. Bu, yaxın vaxtlarda MDB məkanında nümayiş etdirildi və hətta Qazaxıstan hadisələrindən əvvəl də hamıya aydın idi. Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri, habelə 43 bənddən 2-si - 6-cı və 16-cı bəndlər, - zəruri hallarda hərbi yardım göstərilməsi ilə bağlı məsələlərə birbaşa dəlalət edir. Mənim fikrimcə bu, tamamilə kifayətdir. Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz. Hər şey bundan irəli gəlir. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə bizim çox etimadlı, yaxın, dostluq münasibətlərimiz var. Fikrimcə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Hər halda biz Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusunda olduğumuzu rəsmən bəyan etmişik. Yəqin ki, müəyyən mərhələdə bu, baş tutacaq. Lakin indiki geosiyasi reallıqlarda biz realist olmalı, əldə edilməsi mümkün olmayanı arzu etməməliyik. Biz Qafqazda möhkəm sülhün bərqərar olması istiqamətində irəliləməliyik. Buna görə düşünürəm ki, dünənki sənəd sizin sualınıza müəyyən dərəcədə cavab verir. Növbəti mövzuları qabaqcadan duyaraq deyə bilirəm ki, eyni sözlər Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı suala da aiddir. Həm ekspertlər cəmiyyətində, həm də siyasi müstəvidə bu barədə də çoxdan diskussiya gedir. Lakin biz burada da onu əsas götürürük ki, bu, bizim iqtisadi maraqlarımıza nə dərəcədə cavab verəcək, çünki bizim strategiyamız və taktiki addımlarımız həmişə öz resurslarımıza, nəyə malik olmağımıza əsaslanıb. Biz özünəyetərli iqtisadiyyat yaratmağa və istər beynəlxalq maliyyə təsisatlarından, istərsə də hər hansı başqa maliyyə mədaxilindən asılı olmamağı bacarmışıq.

Buna görə də biz hər şeyi praqmatik baxımdan təhlil edəcəyik. Dünən Rusiya Federasiyası Hökumətinin başçısı ilə görüşdə bu mövzu müzakirə edilib. Bizim mövqeyimiz Rusiya tərəfə açıq çatdırılıb ki, biz, necə deyərlər, qarşımıza iki kağız vərəqi qoymalıyıq – harada müsbət cəhətlər, harada müəyyən məhdudiyyətlər ola bilər və ya bizim iqtisadi suverenliyimizə müəyyən dərəcədə düzəliş edilə bilər. Təbii ki, lehinə və əleyhinə olan məqamları təhlil edəndən sonra bizə sərfəli olan qərar qəbul ediləcək. Bununla yanaşı, deməliyəm ki, MDB üzvü olan bütün ölkələrlə, - təbii ki, Ermənistan istisna olmaqla, - azad ticarət haqqında, o cümlədən Rusiya ilə müqavilələr imzalanıb. İqtisadi və gömrük baryerlərinin yumşaldılması istiqamətində addım atılıb. Sonrasını isə, necə deyərlər, yaşayarıq, görərik. Heç nəyi tapmaca kimi tapmaq olmaz və biz heç vaxt qısa müddətdə əldə edilməsi mümkün olmayan hansısa hədəflər elan etməmişik. Lakin təbii ki, bu, bizim komandamızın daxilində müzakirələr çərçivəsində gündəlikdədir.

Marqarita Simonyan, “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru: İlham Heydər oğlu, biz yeni-yeni sanksiyaların, o cümlədən personal sanksiyaların müzakirə olunduğu prosesdəyik, burada iştirak edənlərin bəzilərinin, məsələn Dmitrinin Avropaya girişi artıq qadağan edilib, mənim kimi bəzilərinə isə yəqin ki, bu gün qadağan ediləcək. Biz insanların nəyi isə etdiklərinə və ya etmədiklərinə görə, yaxud Dmitri ilə mənim kimi nəyi isə dediyimizə və ya demədiyimizə görə harayasa getməyin qadağan edilməsinə dair çox nümunə gətirə bilərik. Biz, həmçinin vətəndaşlıq əsasında ölkəyə girişə qadağa qoyulmasına dair çox nümunə göstərə bilərik, çünki müxtəlif ölkələr arasında münasibətlər müxtəlif olur. Lakin dünyada etnik əlamətinə görə ölkəyə girişə qadağa qoyulmasına aid nümunələr demək olar ki, yoxdur. Biz hamımız bilirik ki, ermənilərin Azərbaycana girişinə qadağa qoyulub. Adətən bu, təhlükəsizlik mülahizələri ilə izah olunur. Beləliklə Azərbaycan xalqı qəribə də olsa, pis şəkildə təqdim olunur. Mənim üçün inanmaq çətindir və mən inanmıram ki, insanlar Azərbaycanda canlı etnik erməni görərsə onun üstünə atılar və onu tikə-tikə edərlər, hər halda orta əsrlərdə yaşamırıq. Siz bu məsələyə belə sivil, mədəni münasibət nümunəsi göstərmək və bu cəfəng status-kvonu, sadəcə, l?


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR