"Qomel müzakirələri" hansı nəticəni verdi? -

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə danışıqlar Kiyevə istənilən nəticəni vermədi.

Metbuat.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski fevralın 28-də Belarus ərazisində Moskva və Kiyev arasında aparılan danışıqların nəticələrini şərh edən yeni videomüraciət edib. O, dialoqun yalnız birinci raundunun baş tutduğunu vurğulayıb.

"Ukrayna ilə Rusiya arasında danışıqların birinci raundu baş tutub. Hələlik istədiyimiz nəticə yoxdur".


Zelenski Ukrayna-Rusiya dialoqunun gələcəyi barədə də danışıb. O vurğulayıb ki, nümayəndə heyətləri danışıqların yeni mərhələsinə keçmək barədə razılığa gəliblər.

“Nümayəndə heyəti Kiyevə qayıdanda biz eşitdiklərimizi təhlil edəcəyik və sonra danışıqların ikinci raunduna necə keçəcəyimizə qərar verəcəyik” deyə Zelenski açıqlamasını yekunlaşdırıb.

Belarusun xarici işlər naziri Vladimir Makey isə Rusiya və Ukrayna nümayəndələri arasında danışıqların bir neçə günə bərpa olunacağını təklif edib. Onun sözlərinə görə, görüş "hazırda mövcud olan bütün böhranlı məsələlərin həllinə kömək edə biləcək" əlaqələr yaratmaq üçün lazım idi.

Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski bildirib ki, nümayəndə heyətlərinin ikinci görüşü Polşa və Belarus sərhəddində baş tutacaq. O, bunun “yaxın günlərdə” baş verə biləcəyini də qeyd edib.

Məlumat üçün bildirək ki, fevralın 28-də Belarusun Qomel vilayətində Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Moskva və Kiyev nümayəndə heyətlərinin görüşü keçirilib. Məkan olaraq Pripyat çayının sahilində “balıqçı evi” kod adı altında yer seçilib. İclasda Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko , Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin təmsil ediblər .

Ukrayna ilə Rusiya arasında danışıqlar beş saat davam edib.

Ukrayna nümayəndə heyətinə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov, Ali Radada "Xalqın qulluqçusu" fraksiyasının rəhbəri David Araxamiya, prezident aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak daxil idi. Rusiyalı müzakirəçinin görüşdə ukraynalı iştirakçıların təklifləri ətraflı dinləmək və nəzərdən keçirmək istəyini qeyd etməsinə baxmayaraq, konkret qərarlar qəbul edilməyib.

BMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında danışıqları alqışlayıb. O , iki ölkə arasında dialoqun atəşkəsə və vəziyyətin diplomatik yolla həllinə gətirib çıxaracağına ümid etdiyini bildirib. Quterreş BMT-nin Moskva və Kiyev arasında danışıqlara töhvə verməyə hazır olduğunu vurğulayıb.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Rusiya və Ukrayna arasında görüşləri böhrandan çıxış yolu adlandırıb. O, həmçinin böhranın həllinin yeganə yolunun - iki ölkə arasında dialoqun davam edəcəyinə ümid etdiyini bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR