AFFA-nın cəzalandırdığı baş məşqçi: “Özünü elə aparır ki, sanki rüşvəti o yox, biz almışıq”

“Mən hakimləri yox, vaxtilə rüşvət aldığı üçün AFFA tərəfindən futboldan neçə il uzaqlaşdırılan Anar Salmanovu söymüşəm”.

Metbuat.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında AFFA İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılan “Səbail” akademiyasının koordinatoru Mirbağır İsayev deyib.

48 yaşlı mütəxəssis U-17 Liqasında “Keşlə” ilə matçda AFFA tərəfindən oyunlara hakim-inspektor kimi təyinat alan sabiq FIFA referisi Anar Salmanovla yaşadığı mübahisənin səbəbini açıqlayıb: “Oyunda hakimliklə bağlı Anardan söz soruşuram, qulaqardına vurur, fikir vermir. Artırılan vaxtı soruşuram, deyir ki, mən nə bilim. Bilmirsənsə, niyə gəlmisən? Özünü elə aparır ki, sanki göydən düşüb, vaxtilə rüşvəti o yox, biz almışıq, futboldan da onu deyil, məni siliblər. Təhqir eləmədim, sadəcə, bu sözləri üzünə dedim. Matçın hakimlərini tanımıram. Amma Anarı tanıyıram, hansı yuvanın quşu olduğunu bilirəm. Dedim ki, rüşvətə görə futboldan uzaqlaşdırılmısan, indi də gəlib hakimə qiymət verirsən”.

İsayev cəzanın yüngülləşdirilməsi ilə bağlı AFFA-ya müraciət etmək fikrində olmadığını vurğulayıb: “Onu vaxtilə futboldan niyə siliblər? Səslərinə qədər qulaq asmışam. Bunu bütün respublika bilirdi. Klub tərəfindən hansısa addımın atılıb-atılmayacağını bilmirəm. Heç AFFA-ya müraciət etmək fikrim də yoxdur. Şikayətim odur ki, vaxtilə rüşvətə görə Azərbaycan futbolundan qovulmuş hakim bu gün gənc referilərə qiymət verir. Onlara nə yol göstərəcək?".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR