Ağırlıqqaldırma üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Azərbaycan Ağır Atletika Federasiyasında (AAAF) yeni təyinatlar olub.

Federasiyanın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu barədə qərar İdarə Heyətinin iclasında qəbul olunub.

Rizvan Rəsulov AAAF-ın baş katibi, Kamran Əliyev icraçı direktor, Emil Əliyev Azərbaycan milli yığma komandalarının baş məşqçisi, Asif Məmmədov kişilərdən, Sərdar Həsənov qadınlardan, Oktay Muxtarov isə yeniyetmələrdən ibarət yığma üzrə böyük məşqçi təyin olunub.

İclasda 9-10 apreldə keçirilmiş Azərbaycan çempionatının nəticələri, yığma komandanın formalaşdırılması, beynəlxalq turnirlərdə iştirak və digər məsələlərlə bağlı müzakirələr aparılıb, bir sıra qərarlar qəbul olunub.

Qeyd edək ki, baş məşqçi Emil Təvəkkül oğlu Əliyev 31 avqust 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1994-98-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Uzun müddət Azərbaycan yığmasında idmançı kimi çıxış edib. Dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışlarının iştirakçısı və medalçısı olub. Ustad ağırlıqqaldıranlar arasında üçqat Avropa çempionu, Dünya Kubokunun sahibi, dünya çempionatının gümüş medalçısı, Azərbaycan Respublikasının İdman Ustasıdır.

O, məşqçiliyə 2013-cü ildən başlayıb. 2016-cı ildə “Zirvə” Beynəlxalq İdman Klublarında işləyib, 2017-ci ildən isə fəaliyyətini Mərkəzi Ordu İdman Klubunda davam etdirib, bu günə qədər orada çalışıb. 2017-2018-ci illərdə Azərbaycanın gənc ağır atletlərdən ibarət yığma komandasında məşqçi postunu tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR