Ərdoğan və Andersson arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Maqdalena Andersson arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər ikitərəfli münasibətləri və Stokholmun NATO-ya üzvlük üçün müraciətini müzakirə ediblər.

Türkiyə lideri qeyd edib ki, Ankara bu günə qədər həmişə NATO-nun “açıq qapı” siyasətini dəstəkləyib.

R.T.Ərdoağn vurğulayıb ki, NATO ideyası kollektiv təhlükəsizlik və Alyansa üzv ölkələrin təhlükəsizliyi sahəsində həmrəyliyə əsaslanır.

Onun sözlərinə görə, o, Stokholmun PKK/YPG/PYD terrorçuları və onlarla əlaqəli strukturlarla təmaslar məsələsində mövqeyindən dəfələrlə narahat olduğunu bildirib.

R.T.Ərdoğan İsveçdə Fətullah Gülənin (FETÖ) rəhbərlik etdiyi daha bir terror təşkilatının nümayəndələrinin olmasına da diqqət çəkib.

Bununla bağlı Türkiyə Prezidenti Stokholmu terrorçulara siyasi, maliyyə və müdafiə dəstəyindən imtina etməyə çağırıb.

"Ankara İsveçdən PKK terrorçuları, eləcə də bu qanlı təşkilatın Suriya və İraq qolları ilə bağlı Türkiyənin narahatlığını bölüşən ciddi və konkret addımlar atacağını gözləyir", - deyə Türkiyə Prezidenti bildirib.

R.T.Ərdoğan Suriyada “Sülh çeşməsi” əməliyyatının başlamasından sonra Stokholmun Türkiyə müdafiə sənayesinə qarşı tətbiq etdiyi sanksiyaların ləğvinin vacibliyinə də işarə edib.

O xatırladıb ki, bu əməliyyatın keçirilməsi barədə qərar Ankara tərəfindən ölkə sərhədləri yaxınlığında real terror təhlükəsinin formalaşmasına cavab olaraq verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR