28 May Respublika Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər.

Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər.

Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. İyirmi üç aydan sonra respublika süqut etdi və bu, bir daha onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. Bir sözlə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Ulu Öndər Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.

Təəssüf hissi ilə xatırlayırıq ki, 1991-ci ildə ikinci dəfə müstəqilliyini elan edən Azərbaycan hələ müstəqilliyinin ilk günlərindən bir çox bəlalarla üzləşmiş və ilk Respublika gününü torpaqlarının bir hissəsinin işğalı altında qeyd etmişdi. Əgər 1993-cü ildə Ümumilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasaydı şübhə yoxdur ki, bu işğal daha da genişlənəcək, ölkə daxilində vətəndaş müharibəsi ən yüksək səviyyəyə çatacaq, ölkəmizin müstəqilliyi şübhə altına düşəcəkdi. Azərbaycan xalqı şanslı xalqdır ki, onun Heydər Əliyev kimi lideri və xilaskarı var. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan qısa bir müddət sonra ölkədə daxili sabitliyin təmin olunması istiqamətində təsirli tədbirlər gördü, atəşkəs müqaviləsinin imzalanmasına nail oldu və dərhal iqtisadiyyatın gücləndirilməsi, ölkənin içinə düşdüyü informasiya blokadasının yarılması istiqamətində ardıcıl addımlar atdı. Heydər Əliyevin düşünülmüş siyasəti Azərbaycanın gələcəyinin təmin olunmasında birbaşa rol oynadı.

Bu günsə Ulu Öndər Heydər Əliyev yolu onun layiqli davamçısı, siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsindəki qələbə də bu salnamənin parlaq səhifəsidir. Məhz Prezidentimizin – Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan ordusunun sayəsində xalqımız uzun illərdən sonra bu il ilk dəfə 28 May – Respublika Gününü dövlətçiliyin əsas şərtlərindən biri olan respublikamızın ərazi bütövlüyünün təmin olunması və torpaqlarımız işğaldan azad edilməsinin sevinci və Vətən müharibəsi zəfərinin qüruru ilə qeyd edir Bu gün münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik, xalqımıza isə bu yolda əzmkarlıq və güc birliyi arzulayırıq. Respublika günümüz mübarək!

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə dəstək Təşkilatının sədri Qalib Əliyev


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR