Ermənistandan Xankəndinə qanunsuz səfərlərin qarşısı alınmalıdır -

"Ermənistan Baş prokurorun qanunsuz olaraq Azərbaycanın ərazisinə keçib Xankəndinə gələrək separatçılarla görüşü birbaşa rəsmi Yerevanın birdaha Azərbaycanın ərazi bütövlüyünü tanımadığını göstərir. Rusiya sülhməramlı qüvvələri belə səfərlərin qarşısını almalı idi".

Bu açıqlamanı Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə edib.

"Nikol Paşinyanın Baş prokuroru Xankəndinə göndərməsi əsasən separatçılarla bağlı tədbir görməsi də istisna deyil. Çünki separatçılar burada N. Paşinyana qarşıdır və onun əleyhinə mitinqlər təşkil edirlər. Təbii ki, rəsmi Yerevanın Arayik Arutunyanı həbs etməsi mümkün deyil. Onu Rusiya sülhməramlı qüvvələri mühafizə edir. A. Arutunyan bu gün Yerevanın təlimatı ilə deyil, sülhməramlıların komandiri Volkova tabedir. Bildirim ki, Laçın dəhlizindən yeni yol tamamlanandan sonra Ermənistandan belə səfərlərin qarşısı alınmalıdır".

Politoloq onu da qeyd etdi ki, yeni Laçın dəhlizi yolu ilə bağlı Rusiya ilə Azərbaycan arasında problemlərin ortaya çıxması mümkündür. Çünki Rusiya bu yolda Azərbaycanın nəzarətində olmasını qəbul etməyəcək.

"Prezident İlham Əliyevin bu mövzuda Türkiyə ilə birgə koordinasiyalı fəaliyyəti Moskvanın destruktiv siyasətinin qarşısını alacaqdır", - deyə M.Əsədullazadə fikrini yekunlaşdırıb.

Xatırladaq ki, 8 iyun 2022-ci il tarixində Ermənistanın Baş prokuroru Azərbaycan Respublikasının ərazisinə qanunsuz səfər edərək, qondarma qurumun "nümayəndəsi" ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı atılan bu addım beynəlxalq hüququn fundamental norma və prinsiplərini pozmaqla yanaşı, postmünaqişə mərhələsində Ermənistan və Azərbaycan arasında münasibətlərinin normallaşmasına, o cümlədən bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir.

"Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımı, bu ölkənin normallaşma prosesində səmimi olmadığını, o cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha nümayiş etdirir.

Vurğulamaq istərdik ki, bu təxribatçı addımın bütün məsuliyyəti Ermənistan tərəfinin üzərindədir", – qeyd olunub.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR