Sərhəd xəttində çalışan jurnalistlərə “Beynəlxalq media vəsiqəsi” verilib -

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin (MİTDİB) təşkilatçılığı ilə Ermənistanla sərhəd bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün seminar keçirilib.

Metbuat.az xəbər verir ki, Tərtər şəhərində, Tərtər Regional Peşə və Təlim Mərkəzində baş tutan seminar MİTD İB tərəfindən icra olunan “Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş Azərbaycan jurnalistləri mediada” adlı layihə çərçivəsində keçirilib. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, Tərtərdə keçirilən seminar zamanı sərhəd bölgəsində fəaliyyət göstərən KİV işçilərinə insidentlərlə qarşılaşdıqları zaman həmin insidentləri aktlaşdıraraq həm yerli, həm də beynəlxlq jurnalist təşkilatlarına göndərmək prosedurları barədə məlumat verilib. İnsidentlərin aktlaşdırılması prosesi barədə beynəlxalq standartlar barədə təcrübəni bölüşmək üçün bir sıra ölkələrin jurnalist ittifaqları təmsilçilərinin çıxışları da dinlənilib. Almaniya Jurnalistlər Birliyindən (Deutscher Journalisten-Verband ) Andrea Roth, Türkiyə Jurnalistlər İttifaqından (TGS- Türkiye Gazeteciler Sendikası ) Mustafa Kuleli videobağlantı formatında seminara qatılaraq mövzu üzrə fikirlərini bölüşüblər. Müşfiq Ələsgərli deyib ki, “sərhəd bölgələrində fəaliyyət göstərən jurnalistlər üçün insidentlərlə rastlaşmaq riskləri üstündür. Tədbirə qatılmış jurnalistlərə insidentlərlə rastlaşdıqları zaman hadisələri aktlaşdırmaq, hansı ünvanlara göndərmək lazım olduğu, həmçinin, hansı mexanizmlərlə göndərmək üsulları barədə məlumat verdik”.

Seminarlarda iştirak edən jurnalistlərdən Şöhrət Əliyev və Şamxal Adıgözəlova Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) təsis etdiyi “Beynəlxalq media vəsiqəsi” (İnternational Press Card) təqdim edilib. Təqdimat BJF-nin Azərbaycan üzrə yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) tərəfindən təşkil edilib. “Beynəlxalq media vəsiqəsi” jurnalistlər üçün dünyanın bütün ölkələrində qəbul edilən tanıtım nişanıdır. Vəsiqəni əldə etmiş jurnalist onu təqdim etməklə istənilən ölkədə informasiya toplamaq hüququ əldə edir. Vəsiqənin mühüm statuslarından biri də odur ki, Vəsiqə sahibi olan jurnalist risqli bölgələrə səfər edərkən, öncədən məlumat vermək şərtilə, BJF və onun yerli üzv təşkilatı tərəfindən diqqətdə saxlanılır. Bu halda təhlükə ilə üzləşən: təqib edilən, əsir-girov götürülən, xəsarət alan, informasiya əldə etmək hüququ pozulan vəsiqə sahibinin vəziyyətdən çıxması üçün BJF lazımi dəstək göstərir, bu yöndə beynəlxalq kampaniyalar təşkil edir. BJF-nin risqli durumlarla üzləşən vəsiqə sahiblərinə göstərdiyi yardıma risq yaradan qruplarla danışıqlar aparmaq, hüquqa söykənən təsir mexanizmlərindən istifadə etmək, maddi və mənəvi dəstək vermək kimi müxtəlif addımlar daxildir. Eyni zamanda, BJF vəsiqə sahiblərini texnoloji inkişafa uyğun olaraq daim yenilənən təhlükəsizlik qaydaları ilə tanış və təmin edir ki, bu da jurnalistlərə risqlərdən yayınmaq üçün istiqamət verir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR