"Media subyektlərində “copy-paste” halları əsaslı şəkildə azalıb" -

Bir vaxtlar çox populyar olan “Tələbədən tələbəyə” layihəmiz var idi. Daha təcrübəli yuxarı kurs tələbələri öz bilik və bacarıqlarını aşağı kurs tələbələri ilə bölüşürdülər. Həmin tələbələrdən bu gün aparıcı media qurumlarında işləyənləri, maraqlı reportajları, qaynar xəbərləri ilə seçilənlər var. Əslində biz bu layihə ilə media məhsullarının kontentinə müsbət mənada təsir etmişik. Praktik dərslərdə tələbələrə jurnalistikanın janrlarını öyrədir və həm də məzmun yaradırıq, təhlillər aparırıq.

Həmin təhlillərə əsasən son dövrlər media məhsullarının kontentində çox böyük dəyişiklik nəzərə çarpır. Media subyektlərinin daim şikayət etdikləri “copy-paste” hallarının əsaslı şəkildə azaldığı müşayiət edilir, Azərbaycan dilinin ədəbi üslubunun tələblərinə əvvəlki illərlə müqayisədə ciddi əməl edilir. Şahidi olurduq ki, bəzi saytların xəbər lentində “Google” platformasının mexaniki tərcümə proqramından istifadə halları azalır və bu prosesin qarşısının alınması, məzmunlu materialların yayımlanması öz effektini verir. Ən çox təqdir edilməli məqam qəzetlərin və onların eyni adlı veb-saytlarında əsaslı dəyişiklik, müasirləşmənin olmasıdır. Bir sıra qəzetlərimiz ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçib, qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunmaqdadırlar. Elə çap mediası subyektlərimiz var ki, tərtibatı əsaslı formada dəyişilib, köhnə formalardan imtina olunub. Məzmun isə daha xoşagələndir. Analitika da var. İnformativlik də. Hətta maraqlı bir xəbərə də rast gəldim ki, çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi, çap mediasının onlayn formata keçidinin təmin edilməsi məqsədilə ilk dəfə olaraq müxtəlif qəzet və jurnalların elektron versiyasının yerləşdiriləcəyi “E-kiosk” platforması yaradılıb. “E-kiosk” platformasının əsas məqsədi ənənəvi medianın rəqəmsal mühitə uyğunlaşmasına və informasiya cəmiyyətinin inkişafına dəstək göstərməkdir. Bu isə həm də ənənəvi medianın yaşadılması baxımından çox gözəl təşəbbüsdür.

Könül Niftəliyeva, BDU-nun Jurnalistika fakültəsinin dosenti, media eksperti


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR